Dünən "Park İnn" mehmanxanasında Türkiyə Turizm Yatırımçılar Dərnəyinin iştirakı ilə konfrans keçirildi. Konfransı giriş sözü ilə Türkiyə Turizm Yatırımçılar Dərnəyinin sədri Turqut Gür açaraq Azərbaycanda təşkil olunan konfransın əhəmiyyət və məqsədindən danışdı. O bildirdi ki, konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq keçirilir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə reallaşan konfransda TYD-nin idarə heyətinin üzvləri Ayhan Bektaş, Can Pulak, Recai Çakır, TURSAB-ın direktoru Ela Atakan, Türkiyə Turistik Otelçilər və İşletimçilər Birliyinin sədri Timur Bayındır, Türkiyə-Azərbaycan İŞ Şurasının sədri Cengiz Gül iştirak edirlər.
Turqut Gür bildirdi ki, bu səfərindən çox məmnun qalıb: "Qısa bir zamanda, Azərbaycanda böyük dəyişikliklər baş verib. Mən 20 il əvvəl Azərbaycana gəlmişdim. Daha sonrakı illərdə iki dəfə səfərim olub. Bu gün Azərbaycan tamamilə dəyişilmiş bir məkandır. Bunu müqayisə etmək belə mümkün deyil. Yenidən buradayam. Bu səfərdə məqsəd Azərbaycan və Türkiyə üçün faydalı işlər görmək məqsədi daşıyır. Öz 25 illik turizm tərcübəmizin Azərbaycanda da tətbiq olunmasını istəyirik. Bu gün Türkiyə dünyanın nüfuzlu, sıralama əsasında yeddinci ölkəsidir. Azərbaycana turistlərin daha çox cəlb olunması üçün cazibəyə malik məkanı formalaşdırmaq əsas məqsədlərdəndir. Biz qardaş dövlət olduğumuzdan, bu işlərdə Azərbaycana yardımçı olacağıq".
Statistik rəqəmlərə istinad edən Turqut Gül 1988-ci ildən bu günə qədər Türkiyədə olan inkişaf prosesini iştirakçıların diqqətinə çatdırdı. Belə ki, 1980-ci ildən 1,2 milyon, 1990-cı ildə 5,4 milyon, 2000-ci ildə 10,4 milyon, 2005-ci ildə 21,1, 2010-cu ildə 28,6 milyon turist axını müşahidə olunmuşdur. Təkcə son bir ilə ərizində ölkəyə 20,8 milyard ABŞ dolları gətirilmişdir. Türkiyəyə on il ərizində gələn turistlərin sayı dünya ölkələri ilə müqayisədə 14,0%, dünya ölkələrində isə 3,1% təşkil edir. Bu statistik rəqəm artıq Türkiyənin turizm imkanlar haqqında çox şeyləri deyir. O, bu imkanların reallaşmasında eks-prezident Turqut Özalın böyük rolu olduğunu qeyd etdi.
Konfransda çıxış edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Nahid Bağırov Türkiyə iş adamlarının Bakıya dəvət olunmasının məqsədinə toxunaraq Azərbaycanda Türkiyə Hotelçilər Assosiasiyası ilə əlaqələri genişləndirmək niyyətində olduğunu bildirdi. Artıq Türkiyədə turizm yüksək səviyyədə formalaşıb. Azərbaycan da isə turizm yeni bir sahə olduğundan, onun təcrübəsindən bəhrələnmək məqsədə uyğundur. O, Azərbaycanda turizm infrastrukturunun inkişaf etdirilməsi, ölkənin turizm potensialının beynəlxalq aləmdə təbliğatı, kadr hazırlığının yaxşılaşdırılması, turizmin müxtəlif növlərinin yaradılması və inkişafı, turizm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi ilə nazirlik tərəfindən bir sıra məqsədyönlü işlər həyata keçirildiyini də diqqətə çatdırdı. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində nazirlik bir sıra beynəlxalq əhəmiyyətli təşkilatlarla müqavilələr imzalayır, turizmin inkişafına xidmət edən sahələrdə çalışan xarici şirkətlərlə sıx əlaqələr qurur.
Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) sədri Başaran Ulusoy çıxış edərək rəhbərlik etdiyi qurumun 30 il əvvəl rəsmi şəkildə fəaliyyətə başladığını diqqətə çatdırdı. O, bildirdi ki, 2011-ci ildə Türkiyəyə gələn turistlərin sayı bu gün 30 milyona çatıb. Türkiyə Cümhuriyyətin 100 illiyində artıq bu rəqəmin 50 milyon olacağını vurğuladı. Bu rəqəmin əldə olunmasında çox yollar keçdiyini bildirən qurumun rəhbəri Türkiyənin İspaniya turizminin təcrübəsinə istinad etdiyini diqqətə çadırdı. Biz İspaniyanın etdiyi səhvi təkrarlamadıq. Bu gün də Azərbaycan Türkiyənin tərcübəsindən bəhrələnərkən, onun səhvlərini təkrar etməyib dünya turizm məkanında yer qazanacaqdır.
Konfransda çıxış edənlər iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi ətrafında danışaraq, Turizm Yatırımçılar Dərnəyinin Azərbaycanda turizmin inkişafına dəstək verəcəyini vurğuladılar. Qeyd olundu ki, Azərbaycanı dünyanın öndə gedən turizm məkanına çevriləcək.
NƏZAKƏT