"Bakıda Dünya azərbaycanlılarının III qurultayının keçirilməsi xalqımızın həyatında çox bir mühüm hadisədir". Milli.Az xəbər portalının məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov AzərTAc-a müsahibəsində deyib.
Nazim İbrahimov bildirib ki, Dünya azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə keçirilib. Həmin vaxtdan keçən 10 il ərzində Azərbaycan diasporunun tam formalaşması və güclənməsi, dünya ölkələrində yaşayan azərbaycanlıların həmin dövlətlərin ictimai-siyasi həyatında fəal iştirakı təmin edilib. Görülmüş məqsədyönlü işlər nəticəsində Azərbaycan diasporu hətta dünyanın bir sıra ölkələrinin siyasi həyatına təsir edəcək bir qüvvəyə çevrilib.
"Azərbaycan Prezidenti İlham Əliyevin diaspora quruculuğuna mühüm əhəmiyyət verməsi, dövlətimizin başçısının 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının II qurultayında verdiyi tövsiyələr və göstərdiyi istiqamətlər nəticəsində Azərbaycan diasporu dünya azərbaycanlıların 2011-ci il iyulun 5-də Bakıda keçirilən III qurultayına tam formalaşıb, güclənib, fəaliyyəti informasiya sahəsində hücum taktikası üzərində qurulmuş şəklə gəlib", - Komitə sədri bildirib.
DİDK sədri deyib ki, Dünya azərbaycanlılarının III qurultayı qarşımıza yeni, daha möhtəşəm vəzifələr qoyub: "Qurultayın qarşıya qoyduğu vəzifələr elə bir şərait yaradacaq ki, Azərbaycan diasporu dünyanın başqa diasporlarına nümunə göstəriləcək səviyyəyə gəlib çatacaq".