Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Yay məktəbi" layihəsini davam etdirir. SİA-nın məlumatına görə, hər il təşkil olunan layihə bu mövsüm daha da genişləndirilib. Belə ki, 2007-ci ildən həyata keçirilən "Yay məktəbi" bu il iştirakçıların say çoxluğu baxımından ötən illərdəkilərdən fərqlənir. Layihədə iştirak edən 600 gəncin 300-ü Bakı şəhərini, 300 nəfəri isə ölkənin bölgələrini təmsil edir. Gənclər "Yay məktəbi"ndə 4 qrup halında iştirak edirlər. İlk qruplar bu məqsədlə Lerik, Qəbələ və Oğuz rayonlarındadırlar.
Lerik rayonundakı "Relax" otelində, Qəbələdəki "Qafqaz" otelində, Oğuz rayonundakı "Afra" otelində hər qrupda 50 nəfər olmaq üzrə 5 günlük "Yay məktəbi" təşkil olunub.
Layihənin məqsədi isə gənclərin həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-birilə təmas, münasibət qurmaları, eləcə də, onlar üçün intellektual və əyləncəli yarışların, idman yarışlarının təşkilidir. "Yay məktəbi"ndə YAP-ı təmsil edən deputatlar, komitə sədrləri, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olurlar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlarından suallara cavab verirlər.
Bu gün isə Oğuzda yerləşən "Afra" otelində YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov gənclərlə görüşüb. Tədbirdə həmçinin YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev də iştirak ediblər. Görüş zamanı "Gənclik və müasirlik" mövzusunda diskussiyalar olub.
Duskussiyada çıxış edən Ə.Əhmədov gənclərin Oğuza gəlməkdən təəssüflənmədiklərinə əmin olduğunu qeyd edib. O, "Yay məktəbi"ndə gənclərin bir-birilərini tanıdığını, dost olduqlarını və bu dostluğun sonra da davam edəcəyini deyib: "Bu layihə YAP-ın bir ailə kimi möhkəmlənməsinə töhfə verir. Siz burada müxtəlif mövzularda fikir mübadiləsi aparırsınız. Biz YAP-ın hər bir gənc üzvünün ölkənin ictimai-siyasi həyatında iştirak etməsini istəyirik. Əksəriyyətiniz tələbələrsiniz. Bir neçə ildən sonra universiteti bitirəcəksiniz, gənc mütəxəssislər olacaqsınız. Sizin Azərbaycanın inkişafında böyük rolunuz olacaq. Siz bu gündən gələcək həyata yaxşı hazırlaşmalısınız, yaxşı təcrübəyə malik olmalısınız. Əgər bunlar olsa, Azərbaycanın inkişafına öz töhfənizi verəcəksiniz. Buna görə, sizi gələcəkdə ictimai-siyasi həyatda yaxından iştiraka hazırlayırıq".
Millət vəkili bildirib ki, insanın həyat səviyyəsini yüksəltməyən siyasətin heç bir önəmi yoxdur. Onun sözlərinə görə, YAP-ın həyata keçirdiyi siyasətin əsas istiqaməti bugünkü nəslin həyatının yaxşılaşması, ancaq bununla yanaşı, gələcək nəsillərimizin həyatının da daha yaxşı olmasıdır.
Ə.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət insanlarımızın həyat səviyyəsinin yaxşılaşdırlmasını təmin edir: "Ölkə başçımızın həyata keçdiryi siyasət bu günümüzün və gələcək həyat səviyyəmizin inkişaf etməsi istiqamətdindədir. Bir neçə aydan sonra partiyamızın üzvləri 550 minə yaxınlaşacaq. Üzvlərimizin 40 faizi gənclərdir. Bu, Azərbaycan gənclərinin Prezidentimizin həyata keçirdiyi siyasətə inamını ifadə edir. Biz istəyirik ki, siz YAP-ın həyata keçirdiyi siyasəti cəmiyyətdə yayasınız, öz yaşıdlarınızla bölüşəsiniz".
YAP Sədrinin müavini əlavə edib ki, bəzən gənclər arasında az sayda müxtəlif təxribatlara uyanlar olurlar. Onların aldadılmış, səhv yola çəkilmiş gənclər olduğunu deyən millət vəkili, gənclərin vəzifələrindən birinin də onları səhv yoldan çəkmək olduğunu bildirib: "Onların kimlərinsə məqsədlərinə xidmət etmələrini, aldadılmalarını istəmirik. Bu, cəmiyyətimiz üçün itkidir. Siz onları düz yola çəkməlisiniz. Azərbaycan 90-cı illərin əvvəllərində çox böyük faciələr yaşayıb. Anarxiya baş alıb gedirdi, iqtisadiyyat iflic olmuşdu, ölkə bütövlükdə bankrod olmuşdu. Azərbaycan bir neçə nəfərin başabəla siyasəti nəticəsində pis vəziyyətə qalmışdı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı səriştəsiz adamların əlindən xilas etdi. İndi sabitlik, dinclik, rifah, inkişaf təmin olunub. Bu gün insanlarımız yalnız çörək tapmaq haqqında düşünmürlər. Övladını məktəbə yola salan valideyn onun sağ-salamat gələcyindən əmindir. İndi insanlar daha yaxşı həyat istəyirlər. Bu il Azərbaycan ötən ilkindən daha yaxşıdır, gələn il bu ilkindən də daha yaxşı olacaq. Bunu siz özünüz gündəlik həyatınızda görürsünüz. İnsanların daha yaxşı yaşamaq istəməsi və hökumətin bu istiqəmətdə səy göstərməsi inkişafın nümunəsidir. Azərbaycan inkişaf edir və hər il daha da inkişaf edəcək".
YAP-ın dünyagörüşlü, müasir düşüncələrə malik gəncləri olduğuna görə məmnunluq hissi keçirdiyini qeyd edən Ə.Əhmədov onların ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə əmin olduğunu deyib".
Daha sonra çıxış edən millət vəkili Ş.Hacıyev hazırda Azərbaycanın inkişafının çox yüksək səviyyədə olduğunu, bu inkişafın nəticələrinin göz qabağında olduğunu bildirib: "Bu inkişaf tempini saxlasaq, görün 5-10 ildən sonra ölkəmiz hansı səviyyədə olacaq. Hədəfimiz inkişaf etmiş ölkələrin sırasında olmaqdır. Dünən də Dünya Azərbaycanlılarının Qurultayında qeyd olundu ki, Azərbaycanın ancaq hərbi xərcləri Ermənistanın büdcəsinə bərabərdir. Biz artıq hərbi texnika, mərmilər istehsal edirik, biz artıq sosial yönümlü bazar iqtisadiyyatını yaratmışıq. Burda da ən başlıca rolu insan oynayır. Bu siyasəti insanlar həyata keçirir. Bu gün Azərbaycanın siyasətinin məqsədi məhz əhalinin rifahıdır".
Azərbaycanın təbii resurslarının olduqca zəngin olduğunu qeyd edən millət vəkili resursları Azərbaycandan da zəngin olan ölkələrin olduğunu bildirib. Onun sözlərinə görə, əsas məsələ yeraltı sərvətdə deyil, əsaslandırılmış siyasətdədir.
Ş.Hacıyev yaxşı mənada bu günkü gənclərə həsəd hissi keçirdiyini deyib: "Bizim vaxtımızda belə imkanlar yox idi. Bizim vaxtımızda bu şərait heç vaxt olmayıb. Bunu qiymətləndirmək lazımdır. Belə görüşlər olduqca əhəmiyyətlidir. Üç il öncə "Yay məktəbi"nin iştirakçıları 100 nəfər idi, hazırda isə 600 nəfərdir".
Daha sonra isə millət vəkili ölkə başçısının dediyi bir fikri xatırladıb: "Biz artıq müdafiə taktikasından hücum taktikasına keçməliyik". O, gənclərimizin həmişə qabaqlayıcı tədbirlər görməyi bacarmalı olduqlarını, cəmiyyətdə olan çatışmazlıqları görməli olduqlarını, bundan çıxış yolu axtarmalı, qabaqlayıcı işlər görməli olduqlarını bildirib: "Müasir gəncliyimiz Azərbaycan xalqının tarixini, mədəniyyətini yaxşı bilir. Daima proseslərdə fəal olmaq lazımdır. YAP-a təşəkkürümü bildirirəm ki, gənclərə belə şərait yaradır və partiyanı gənclərşdirir. Bu, gələcəyin partiyasıdır".
Daha sonra isə bir neçə gün ərzində "Yay məktəbi"ndə gənclərin fəaliyyəti ilə bağlı fotoslayd şəklində məlumat verilib və tədbir diskussiyalar şəklində davam etdirilib.