Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov YAP-ın "Yay məktəbi" layihəsi çərçivəsində Qəbələdə "Qafqaz" oteldə olan gənclərlə görüşüb. SİA-nın məlumatına görə, görüşdə həmçinin YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov, millət vəkili Əli Hüseynli və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Ə.Əhmədov YAP-ın geniş bir ailə olduğunu, "Yay məktəb"ində gənclərin yaxşı dostluq münasibətlərinin yarandığını qeyd edib: "Siz nə qədər çox yaxşı dost olsanız, partiyamız da o qədər möhkəmlənər, güclənər. "Yay məktəbi"ni partiyamızın gənc üzvlərinin vaxtlarını səmərəli yaxşı keçirmələri, Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin inkişafını görmələri üçün təşkil edirik. Bölgələrdəki inkişafı özünüz görürsünüz. Qəbələdəsiniz, buradakı oteli görürsünüz. Bu otel dünyanın digər ölkələrində olan yüksək standartlara uyğundur. Qəbələ bütövlükdə inkişaf edir. Bunlar hamısı Azərbaycanın inkişafından xəbər verir".
YAP Sədrinin müavini gənclərin ictimai-siyasi həyatdakı proseslərdə yaxından iştirak etməli olduğunu bildirib: "Siz Azərbaycanın gələcəyisiniz, siz YAP-ın gələcəyisiziniz. Siz gələcəkdə tanınmış simalara, elm adamlarına, siyasətçilərə çevriləcəksiniz. Partiyamızın gələcəyi gənclərimizlə bağlıdır. İstəyirik ki, gənclərimiz ictimai-siyasi həyatda fəal işirak etsinlər".
O, Azərbaycanı bu gün və gələcəkdə layiqincə təmsil etməyə hazır olan gənclərimizin formalaşdığnı qeyd edərək, YAP-ın gənclərinin bilikləri, vətənpərvərlikləri, partiyasına sədaqəti ilə seçildiklərini vurğulayıb. Daha sonra isə tədbirdə diskussiyalar başlayıb. Diskussiyalarda vətənpərvərlik, hərbi xidmət, sosial şəbəkələr, Qarabağ problemi, ölkənin iqtisadi vəziyyəti, təhsil haqqında müzakirələr aparılıb.
Qeyd olunub ki, sosial şəbəkələrdə YAP-ın gəncləri fəal olmalı, digər gənclərimizlə maarifləndirici işlər aparmalı, onları Azərbaycanın inkişafı barədə məlumatlandırmalıdırlar. Həmçinin dünyanın Azərbaycanın inkişafından daha çox xəbər tutması üçün işlər görülməlidir.