PDF Oxu

Əsas

  • 31

Rumıniyalı qonaqlar Yeni Azərbaycan Partiyasında olublar

Rumıniyalı qonaqlar Yeni Azərbaycan Partiyasında olublar

Dünən Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycanda səfərdə olan Buxarest şəhər ikinci sektorunun meri, Rumıniyanın hakim Demokrat Liberal Partiyasının xalqla əlaqələr şöbəsinin baş katibi Nikolay Ontanunun rəhbərlik etdiyi Rumıniyanın görkəmli elm, mədəniyyət və ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında olublar. Qonaqlarla görüşdə YAP-ın Sədr müavini, İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov, YAP İcra katibinin müavinləri, Milli Məclisin üzvləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev də iştirak edib.

Rumıniyalı qonaqları ölkəmizdə, paytaxt Bakıda, Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında salamlamaqdan böyük məmnunluq hissi keçirdiyini söyləyən YAP İcra katibi Əli Əhmədov ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin dərin köklərindən bəhs etdi. Qeyd etdi ki, Rumıniya Azərbaycanın müstəqilliyini ikinci tanıyan ölkə kimi xalqımız tərəfindən daim hörmət qazanmışdır. Bu görüşü də köhnə dostların görüşü kimi səciyyələndirən YAP-ın Sədr müavini Ə.Əhmədov artıq həm Bakıda, həm Rumıniyada bu nümayəndə heyəti ilə görüşlərin keçirildiyini bildirdi. Artıq bizim rumın dostlarımızın sırasına yeni dostlarımız da əlavə olunur və dostluğumuzun dairəsi daha da genişlənir deyən Ə.Əhmədov bunun bir yandan Rumıniya-Azərbaycan dostluğunun nümunəsi olduğunun, ikinci bir tərəfdən isə, insanların bir-birilə xoş münasibətdə olmasının da dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələrə müsbət təsirləri olduğunu bildirdi: "Biz Yeni Azərbaycan Partiyasının nümayəndələri Rumıniyada olduğumuz zaman çox gözəl və səmərəli görüşlər keçirdik. Bu gün də həmin görüşlərin və söhbətlərin təsiri altındayıq. Məmnunuq ki, bu söhbətləri, apardığımız diskussiyaları yenidən Bakıda davam etdirə bilirik. Rumıniyanın çox dəyərli adamlarının, sənət adamlarının, mədəniyyət, incəsənət və elm xadimlərinin Bakıya səfərini çox yüksək qiymətləndiririk. Bu gün bizim qonaqlarımız da Rumıniyanın incəsənətinə böyük töhfələr vermiş rumın xalqının böyük hörmət bəslədiyi insanlardır. Ona görə də, fürsətdən istifadə edib bu cür nümayəndə heyətinin Bakıya gəlməsini təşkil etdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Güman edirəm ki, münasibətlər bizim əlaqələrimizin dairəsini genişləndirdiyini və həyatımızın bütün sahələrini əhatə etdiyini göstərir. Bu, sözün həqiqi mənasında, xalq diplomatiyasının bir təzahürüdür. Eyni zamanda, dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin möhkəm bir bünövrə üzərində qərar tutmasına öz töhfəsini verir. Biz həmişə Rumıniyanın və rumın xalqının Azərbaycana xoş münasibətini görmüşük və dəfələrlə bunun şahidi olmuşuq. Bu faktın bariz nümunəsini bu yaxınlarda keçirilən "Eurovizion-2010" Mahnı Müsabiqəsinin Azərbaycan ifaçısına ən yüksək xal verməsində görmüş olduq. Buna görə də, ayrıca sizə təşəkkürlərimizi çatdırıram, çünki sizin ölkənizin vermiş olduğu xalın da bizim təmsilçimizin birinci yeri tutmasında xüsusi önəmi oldu. Bu qələbəyə görə növbəti "Eurovizion-2010" Mahnı Müsabiqəsi məhz Bakıda keçiriləcək. Güman edirəm ki, rumıniyalı dostlarımızın bir daha gözəl Bakıya, Azərbaycanımıza gəlmək şansı yaranacaq. Eyni zamanda, biz çox istərdik ki, siz həmin yarışın Bakıda təşkilinə də canlı surətdə baxasınız. Biz sizi bir daha Bakıda, Azərbaycanda, Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında salamlayırıq, sizin hər birinizə böyük hörmət və ehtiramımızı çatdırırıq. Güman edirəm ki, siz bizim partiyamızın burada iştirak edən nümayəndələri ilə artıq tanışsınız, bayaq dediyim kimi biz köhnə dastlarıq, köhnə dostların hər görüşü insana böyük məmnunluq gətirir".

Rumıniyalı qonaqlar adından çıxış edən nümayəndə heyətinin rəhbəri Nikolay Ontanu Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədova onları Azərbaycana dəvət etdiklərinə görə öz minnətdarlıqlarını çatdırdı. Qeyd etdi ki, bu səfər onlarda böyük sevinc və eyni zamanda, xoş həyəcan hissi yaradıb. Buna səbəb sizin də Rumıniyanın və xalqımızın dost olmağınızdır. Nümayəndə heyətinin rəhbəri ölkəsinə qarşı xoş münasibət və rəğbətə görə də təşəkkürlərini çatdırdı: "Siz də bir neçə dəfə Rumıniyada səfərdə olmusunuz və bu səfərlərin də hər zaman xoş töhfələri olub. Biz, eyni zamanda, Azərbaycanın da Rumıniyaya olan xoş münasibətini yaxşı bilirik. Azərbaycan da, öz növbəsində, Rumıniya ilə qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsinə çalışır. Sizə demək istəyirəm ki, müşayiət etdiyim nümayəndə heyəti Rumıniyada ən tanınmış insanlardır, bu insanlar həmişə Azərbaycan haqqında eşitmişdilər, amma bu gün onlar da sevinirlər ki, artıq Bakıda, Azərbaycandadırlar. Və bu səfər çərçivəsində sizin ölkənizi görəcək və tanıyacaqlar. Eyni zamanda, sizə öz minnətdarlığımızı bildiririk ki, öz gözəl ölkənizə bizi böyük məmnunluq hissi ilə dəvət etmisiniz. Bugünkü görüşlərimizdə və getdiyimiz yerlərdə də bunu müşahidə etdik ki, Azərbaycan xalqı, Azərbaycan dövləti öz milli qəhrəmanlarına, tanınmış insanlarına və tarixinə çox böyük dəyər verir. Təbii ki, bizim bu səfərimizdən sonra azərbaycanlı dostlarımızın sayı daha da artacaq, çünki yaxşı gördük ki, Azərbaycan dövləti öz vətəndaşlarına necə qayğı göstərir. Bu gün Azərbaycanda görülən sosial-iqtisadi vəziyyət də bizim üçün nümunə ola biləcək səviyyədədir. Eyni zamanda, siz Rumıniyanın dostusunuz və Rumıniyanın tarixini, bugününü çox gözəl bilirsiniz. Rumıniya Avropa ölkəsidir və xüsusilə də, ölkələr arasında əlaqələrinin çox yüksək səviyyədə inkişaf etməsi bizim üçün çox vacibdir. Son bir neçə il ərzində istər Qərbi Avropa ölkələri, istərsə də Rumıniya çox çətin iqtisadi böhran vəziyyətində idi və bizdə iqtisadi inkişaf, demək olar ki, zəifləmişdi. Ancaq Azərbaycan dünyada baş verən qlobal maliyə böhranına baxmayaraq, yenə də inkişafdan qalmadı. Bu da həm bizim, həm digər Avropa ölkələri üçün gözəl bir nümunədir. Eyni zamanda, bu, bizi dost olaraq çox sevindirir. Rumıniya istənilən beynəlxalq təşkilatda Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və Dağlıq Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır. Prezident İlham Əliyev Buxarestdə olduğu zamanda Rumıniya prezidenti cənab Trayan Basesku bir daha bildirdi ki, Rumıniya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyir. Rumıniya Azərbaycan dövlətinin sadiq dostudur və bizim xalqlar arasında qədim dostluq əlaqələri mövcuddur".

Çıxış edən digər rumıniyalı qonaqldar da, Azərbaycanın hakim partiyası ilə ölkəsinin hakim partiyası arasındakı əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafından və bundan hər iki ölkə xalqlarının müsbət mənada yararlandığından bəhs etdilər.

Görüşün sonunda rumıniyalı qonaqlar adından N.Ontanu YAP-ın Sədr müavini Əli Əhmədova hədiyyələr təqdim etdi. Öz növbəsində, İcra katibi Ə.Əhmədov da, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərdəki xidmətlərinə görə rumıniyalı qonaqları xüsusi hədiyyələrlə təbrik etdi.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycana gələn Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Səfərlə bağlı jurnalistlərə açıqlama verən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, səfərin məqsədi iki ölkənin hakim partiyaları arasında mövcud əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır: "Bütövlükdə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri genişlənir. Bu zəmində beynəlxalq əlaqələrin genişlənməsində biz ayrı-ayrı ölkələrin ictimai-siyasi təşkilatları ilə, o cümlədən, Rumıniyanın siyasi partiyaları və ictimai qurumları ilə əlaqələrimizi genişləndiririk".

Xatırladaq ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın hakimiyyətdə olan Demokrat Liberal Partiyası (PDL) arasında "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.


Tapdıq Qurbanlı

Digər xəbərlər