PDF Oxu

Əsas

  • 33

Meksikanın nüfuzlu “Mundo İnternacional” jurnalı Azərbaycan haqqında yazıb

Meksikanın nüfuzlu “Mundo İnternacional” jurnalı Azərbaycan haqqında yazıb

Meksikanın nüfuzlu "Mundo İnternacional" jurnalında Azərbaycan haqqında məqalə dərc edilmişdir. Ölkəmizin Meksikadakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məqalədə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi, Azərbaycanın inkişaf edən iqtisadiyyatı, eyni zamanda Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən bəhs olunmuşdur.

Məqalədə, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 2011-ci ilin mart ayında Meksikaya səfəri ilə bağlı da geniş məlumat verilmişdir.

Məqalədə bildirilir ki, Sovet İttifaqının dağılmasından sonra, öz müstəqilliyini bərpa etmək, dövlətçiliyini inkişaf etdirib gücləndirmək üçün Azərbaycan xalqı tarixi imkan qazanmışdır. O zaman Azərbaycanın yaranmış vəziyyətdən çıxması və uğur qazanması böyük sual altında olmaqla yanaşı, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkə daxilində siyasi stabilliyin pozulması və iqtisadi çətinliklər vəziyyəti daha da ağırlaşdırmışdır. O dövrdən indiyədək Azərbaycan, özünün əzəli prinsiplərini elan edərək, qanunun aliliyi və demokratik institutlara əsaslanan müasir dövlət quruculuğu istiqamətində inkişaf edəcəyini bildirmişdir.

Qeyd edilir ki, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlər, o cümlədən ölkənin özünəməxsus neft strategiyası ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasətin nəticəsidir.

Yazıda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, etnik təmizləmə siyasəti, bir milyondan artıq qaçqın və məcburi köçkün düşmüş azərbaycanlının hüquqlarının pozulması, habelə Azərbaycanın böyük bir ərazisində xalqın mədəni və tarixi irsinin məhv edilməsi məsələlərinə xüsusi yer ayrılmışdır. Bildirilir ki, Ermənistan tərəfindən təcavüzkar siyasətin davam etdirilməsi regional və beynəlxalq sülhə təhdidlər yaradır.

Məqalədə, habelə Şərqdə ilk dünyəvi və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, ölkəmizin keçdiyi tarixi inkişaf proseslərindən də bəhs edilir.

Bildirilir ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata və sabit siyasi sistemə malik gənc demokratik dövlətdir. Azərbaycan regionda lider dövlətə çevrilmişdir və beynəlxalq münasibətlərdə mühüm rol oynayır.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından da bəhs edilən məqalədə qeyd edilmişdir ki, 2008-ci ildən etibarən fəaliyyət göstərən Meksikadakı səfirliyimiz Azərbaycanın Latın Amerikasında ilk səfirliyi olmuşdur. Bu isə öz növbəsində Azərbaycan tərəfindən Meksika ilə münasibətlərin inkişaf etdirilməsinə verilən əhəmiyyətin göstəricisidir.

Digər xəbərlər