PDF Oxu

Əsas

  • 31

“İki Sahil” -20

“İki Sahil” -20

Dünən Azərbaycan Mətbuat Şurasında "Azərbaycanın sosial -iqtisadi həyatı və "İki sahil" qəzeti" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada ölkənin tanınmış ziyalıları, media və mətbuat mütəxəssisləri, müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib. Tədbirdə müstəqil respublikamızın həmyaşıdı olan "İki sahil"in keçdiyi yola bir daha nəzər salınmış, qəzetin yaradıcılıq xüsusiyyətlərinin təhlili aparılmışdır. Dəyirmi masada ilk olaraq söz alan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, vahid Azərbaycan uğrunda fəaliyyət göstərən "İki sahil" qəzeti milli dəyərləri qoruyub saxlayan, dövlətçilik ənənələrinə sadiq olan mətbuat vasitəsi kimi cəmiyyətdə özünə yer tutub. Bu qəzetin ölkənin ictimai-siyasi həyatında özünəməxsus rolu var.

Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək "İki sahil" qəzetinin hansı çətinliklərlə nəşr olunduğu haqda danışıb və bu barədə müfəssəl məlumatlar verib. Vüqar Səfərli bildirib ki, qəzet 20 il ərzində Azərbaycan gerçəkliyini qərəzsiz olaraq cəmiyyətə çatdırıb: "Baxmayaraq ki, o zaman qəzet çap etdirmək çox əziyyətli iş idi, ancaq "İki sahil" qəzeti bu işin öhdəsindən layiqincə gələ bildi. Onu da qeyd edim ki, qəzetin baş redaktoru Vüqar Rəhimzadənin Ümummilli Lider Heydər Əliyevlə olan münasibəti həm onun, həm də qəzetin əməkdaşlarının fəxri adlar almasına gətirib çıxarıb".

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə, öz növbəsində, qeyd edib ki, "İki sahil" qəzeti nəşr olunduğu 20 il ərzində əqidəsinə sadiq qalıb: "Bu qəzet hər zaman Azərbaycanda baş verən ictimai-siyasi hadisələri çevik şəkildə öz auditoriyasına çatdıra bilirdi. Qəzetin əqidəli olması onun mükəmməl olmasına bir daha zəmin yaradır. Buna görə də qəzet hər zaman oxucu kütləsi tərəfindən sevilib".

Daha sonra ardıcıl olaraq çıxış edənlər-jurnalist Yadigar Məmmədli, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, Milli Məclisin deputatı Musa Qasımlı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev, Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu da qəzetin keçdiyi yol, fəaliyyəti və uğurlarından bəhs ediblər.

Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxışında bildirib ki, ötən iyirmi il qəzet üçün çox uğurlu olub: "20 illik fəaliyyəti ərzində "İki sahil" qəzetinin zəngin yaradıcılıq, peşəkarlıq qabiliyyətinə malik olan kollektivi Azərbaycan dövlətinə və xalqına daim sevgi və sədaqətlə xidmət göstərdiyini açıq nümayiş etdirib".

V.Rəhimzadə qeyd edib ki, qəzet öz fəaliyyətində azərbaycançılıq, türkçülük, müasir ideyalarının müvəffəqiyyətlə təbliğ olunmasına, müxtəlif dövlətlərin tərkibində yaşayan azərbaycanlıların problemlərinin işıqlandırılmasına, milli birliyin və vəhdətin yaranmasına xidmət edir: "Dövlətçiliyə xidməti fəaliyyətini öndə saxlayan mətbuat orqanı olaraq əldə edilən uğurlarımız dövlətimizin 20 illik müstəqillik tarixi ilə bağlıdır. Biz həmişə yeni, müasir Azərbaycanın qurucularının önündə getdiyimiz kimi, bundan sonra da öz qələmimizlə ölkəmizin daha da inkişafına, iqtisadi qüdrətinin artmasına xidmət edəcəyik".

Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, hakimiyyətə hərislikləri ucbatından mətbuatın böyük faciələrlə üz-üzə qaldığını deyən Vüqar Rəhimzadə bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev azad mətbuatın inkişafına xüsusi diqqət göstərdi: "Ulu Öndər söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması istiqamətində ciddi addımlar atdı. Bunun üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi. Vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-in rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoyuldu. 1998-ci ildə senzuranın aradan qaldırılması Azərbaycan milli mətbuat tarixində önəmli hadisə kimi dəyərləndirildi. 1999-cu ildə KİV haqqında çox mütərəqqi qanunun qəbul olunması, 2001-ci ildə bu qanuna əlavə və dəyişikliklərin edilməsi mətbuat sisteminin inkişafı üçün çox uğurlu addım olub. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının yarandığı dövrlərdə partiyanın təşkilatlanmasında, regionlarda keçirilən təsis konfranslarının işıqlandırılmasında qəzetimiz bir mətbuat orqanı olaraq çox uğurlu fəaliyyət göstərib".

Baş redaktor, həmçinin, bildirib ki, 2005-ci ildə Azərbaycan mətbuatının 130 illiyində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla mətbuat işçilərinin dövlətin ali mükafatları ilə təltif olunması da çox uğurlu hal idi: "KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması Azərbaycan mətbuat tarixində çox önəmli hadisədir. Bu fond 2009-cu ildən fəaliyyət göstərir və bir çox uğurlu layihələr reallaşdırır. Bu layihələr həm redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasına, həm də əməkdaşların peşəkarlığının artırılmasına xidmət göstərir. Fondun yaradılması jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı da çox uğurlu addım idi. Eyni zamanda, Mətbuat Şurasının yeni binaya köçməsi, açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və MŞ idarə heyətinin üzvləri ilə görüşü, söhbətləri, həmin görüşdən bir neçə saat sonra jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamın imzalanması dünyada analoqu olmayan hadisədir və mətbuata göstərilən diqqət və qayğının bariz nümunəsidir".

Xatırladaq ki, "İki sahil" qəzeti 1991-ci ilin 10 iyul tarixində oxuculara təqdim olunub. Bu qəzet çoxtirajlı "Zavod həyatı" qəzetinin bazasında yaradılıb. "İki sahil"in səhifələrində xalqımızın Araz dərdindən, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın, bacı-qardaşlarımızın o taylı - bu taylı problemlərindən, onların yaşayışından ətraflı materiallar dərc olunub. İlk nömrədə "Yurdumuzun ulu daşları" silsiləsindən "Xudafərin körpüləri", "Təbriz, səndən gileyim var" kimi yazılar dərc olunub.


R.RƏSULOV

Digər xəbərlər