PDF Oxu

Əsas

  • 51

Dinimiz toy və yas mərasimlərində israfçılığın əleyhinədir

Dinimiz toy və yas mərasimlərində israfçılığın əleyhinədir

Son zamanlar Azərbaycanda keçirilən toy və yas mərasimlərinin təşkilində xalqımızın milli-mənəvi, eləcə də, dini dəyərlərinə xas olmayan hallar müşahidə edilməkdədir. Bütün bunların arxasında isə, təbii ki, şəxsi mənafelərin güdülməsi, daha çox maddi qazancların əldə edilməsi və bu kimi digər amillər dayanır.


Belə arzuolunmaz halların qarşısını almaq üçün ölkəmizdə dəfələrlə müvafiq tədbirlər görülsə də, təkliflər və rəylər verilsə də, onlara etinasız yanaşılmışdır. Xatırladaq ki, məsələ ilə bağlı, hətta Milli Məclis səviyyəsində də geniş müzakirələr aparılmış, qanunun qəbulu üçün müxtəlif fikirlər səsləndirilmişdir. Lakin bu da heç bir müsbət nəticə verməmişdir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsində sözügedən məsələ ilə bağlı ölkə ziyalılarının, din xadimlərinin, millət vəkillərinin və digər tanınmış şəxslərin iştirakı ilə tədbir keçirilib. Çıxış edənlər problemin bir çox məzmununa toxunaraq, fikir və rəylərini bildiriblər.


Şeyxülislam Allahşükür Paşazadə: "Ümid edirik ki, dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaq"

"Toy və yas mərasimlərində israfçılıq hallarına yol verilməsi doğru deyil, dinimiz israfın əleyhinədir" fikrini söyləyən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu halların qarşısının alınmasının vacib olduğunu vurğuladı: "Biz dəfələrlə bu kimi hallara yol verilməməsi üçün müraciətlər etmişik. Lakin bu məsələ sadəcə din xadimlərinin vasitəsilə deyil, eyni zamanda, ağsaqqalların iştirakı ilə də həll olunmalıdır".

QMİ sədri onu da bildirdi ki, məscidlərin yaxınlığında yas mərasimləri üçün çadır təklif edən avtomobillərin dayanması onu narahat edir və bu maşınların yığışdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib: "Çoxları deyir ki, bu maşınlar şeyxindir. Ona görə də nazirə məktub yazdım ki, tədbir görülsün". Onun sözlərinə görə, bu kimi halların olmaması üçün kimisə məcbur etmək olmaz və bu məsələ maarifləndirmə yolu ilə həll edilməlidir. Şeyxülislam Allahşükür Paşazadə bu məsələdə medianın rolunun da qaçılmaz olduğunu da vurğulayıb.


Hacı Sabir: "Əksər halda toy və yas mərasimlərinin guya milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər"


QMİ sədrinin müavini Hacı Sabir Həsənli isə toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması məsələlərinə toxunub: "Əksər halda toy və yas mərasimlərinin guya milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər".

Hacı Sabir onu da vurğuladı ki, xüsusilə, Ramazan ayında iftardan əvvəl məscidlərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur: "Bu mənada, biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas mərasimlərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaq".


Hadı Rəcəbli: "İnanıram ki, toy və yas mərasimlərinin sadəliyi naminə bir çoxları tərəfindən edilən cəhdlər öz bəhrəsini verəcək"

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli irəli sürdüyümüz mövzunun böyük aktuallıq kəsb etdiyini dedi: "Təəssüf ki, bu mövzuda televiziyalarda, radiolarda, qəzetlərdə nə qədər çox danışılsa da insanların nadanlığı yenə davam edir. Elə bil ki, xəta etməkdə israr edirlər. Hər gün yeni-yeni xoşagəlməz dəblər, adətlər yaradırlar. Lakin buna baxmayaraq, maarifləndirmə davam etməlidir. Mən inanıram ki, toy və yas mərasimlərinin sadəliyi naminə bir çoxlarının tərəfindən edilən cəhdlər öz bəhrəsini verəcək. İnsanlar başa düşəcəklər ki, toyda və yasda cah-cəlallı süfrədən, israfçılıqdansa sadəlik daha yaxşıdır. Ölüyə sağlığındaykən qiymət vermək daha vacibdir. Evlənən gənclərin də xeyir işini düyünə salmaq, onları ziyana uğratmaq haqsızlıqdır.

Bizlər, yəni məclisə gələnlər məclis yiyəsini qınamalı deyilik ki, niyə qonaqları ac yola saldı və sairə. Əksinə, hökm sürən pis adətləri ictimai qınağa çevirməliyik. Pis adətləri yığışdırmaq üçün məclis sahibləri özləri təşəbbüs göstərməlidir. Eyni zamanda qonaqlar da bir qədər vicdanlarının səsini dinləməlidir. Məclis yiyəsinə hörmət etməyi bacarmalıdırlar. Biz imkan verməliyik ki, yas yerində ölü sahibi qonaqları yedizdirməyin yox, öz ölüsünün dərdini çəksin. Rəhmətə gedənini yadına salıb kövrəlsin, onu ağlasın, bu barədə düşünsün. Ehsan barədə fikirləşməsin. Eləcə də, toy məclisində toy sahibi. O düşünməməlidir ki, görəsən, çağırılan qonaqların hamısı gələcəkmi? Görəsən, şadlıq evinə borclu qalmayacağam ki. Toy məclisi bir yardımlaşmadır, xeyir işdir. Qonaqlar yeməyin bolluğundan çox, gənclərə xeyir vermək barədə düşünməlidirlər. Türkiyədə, fikir vermisinizsə, süfrəyə bir qədər şirniyyat və içkilər düzülür. Və az növdə yemək verilir. Hər kəs də məclisə gəlib öz imkanı daxilində maddi kömək göstərir. Kaş ki, bizdə də belə sadəlik olardı. Toyda yığılan pulların hesabına gənc ailənin toydan sonra hansısa maddi problemi həll olunmalıdır. Bizdə isə, əksinə, toy sahibi ziyana düşməmək barədə düşünür. Toya gələnlər burda həm də dincəlməli, rahatlıq tapmalıdırlar. Bizim şadlıq evlərində isə akustika da yoxdur. Səs-küydən, gurultudan adamın başı-beyni dağılır. Məclisdə oturmaq olmur. Aramsız musiqi qonaqları bezdirir. Bir-biri ilə insanlar söhbət də edə bilmirlər. Qüsurlar həddən artıq çoxdur."


Zəlimxan Yaqub: "Bugünkü yas və toy mərasimlərində ifratçılıq həddindən artıqdır. Bu isə islama da ziddir. Yas mərasimlərindəki ehsanlarda bircə araq çatmır"

"Azərbaycan toy mərasimlərinə yad meyillərin təsiri çoxdur. Milli adət-ənənələrimiz dəyərlərimizin birbaşa təzahür olunmasında öz təsirini göstərən amillərdəndir. Bu dəyərlər milli ruhumuzun, bütövlükdə, milli düşüncəmizin əksi olaraq ortaya qoyulur. İnsanın təkamül dövrü, onun dünyada bir fərd olaraq tanınması milli mənəviyyatımızın əsas meyarlarından birinə çevrilib. Cəmiyyətdəki sürətli inkişaf milli-mənəvi dəyərlərimizə də təsirsiz ötüşmür. Bu dəyərlər dünyaya inteqrasiya olunsa da, onun məxsusi xüsusiyyətlərini qorumağa hər kəs məsuliyyətlidir" fikirlərini söyləyən xalq şairi Zəlimxan Yaqub bugünkü yas və toy mərasimlərində ifratçılıq həddindən artıq olduğunu vurğuladı: "Bu isə islama da ziddir. Yas mərasimlərindəki ehsanlarda bircə araq çatmır".

O, qəbir daşlarının dəbdəbəli olmasını da tənqid etdi: "Qəbiristanlığa gedəndə məlum olur ki, bircə telefon yoxdur, ölüylə danışasan. Toylarla bağlı da vəziyyət ürəkaçan deyil. Məsələn, gedirəm şadlıq sarayına ki, toy danışım. Deyirəm, mənə beş növ qida lazımdır. Orda deyirlər ki, yox e, beş növ olmaz, gərək əlli beş növ qida ola..."

Yas mərasimlərimizlə bağlı QMİ tövsiyələr toplusu hazırlayır, toylarla bağlı çıxış yolunu cəmiyyət axtarmalıdır

"Toyda nə edərlər?!" Azərbaycan xalqının məişətindən, xüsusən, toy adət və ənənələrindən bəhs edən "Bəyin oğurlanması" filmində məşhur aktyorumuz Səməndər Rzayevin dilindən səslənən bu ifadəni, yəqin ki, çoxları əzbər bilir. Ancaq müasir dövrdə toylarımızda nələr etmirlər ki?! Artıq toylarımız öyünməli adət-ənənələrimizlə yox, narahatlıq doğuran məqamları ilə müzakirə mövzusuna çevrilib. Xüsusən, şəhərlərimizdə şadlıq saraylarında keçirilən, səsgücləndiricilərin imkanlarından gen-bol istifadə edilən, səliqəsiz konsert proqramını xatırladan toylarımız məsrəf, süfrə xərcləri, bir sözlə, dəbdəbə baxımından yarış meydanına çevrilir. Yaslarımız da dəbdəbənin kölgəsində "boğulmaqdadır".


Nizami Cəfərov: "Toy və yas mərasimlərində adət-ənənələrimiz unudulur"

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov vurğulayır ki, toy və yas sərbəstdir. Eyni zamanda, toy və yas bizim mədəniyyətimiz, ənənəmizdir, folklorumuzun tərkib hissəsidir. Bu, müxtəlif formalarda təzahür edir: "Toy və yaslarımızın məzmunu pis deyil, yaxşıdır. Amma müəyyən məsələlər var ki, onların müzakirəsinə ehtiyac var. Həddindən artıq musiqi, rəqs, yeməkdə israfçılıq halları var. Xüsusən, regionlarımızda toy və yasla bağlı adət-ənənələrin qorunmasına ehtiyac var. Hər toyun xüsusiyyəti, özünəməxsusluğu olmalıdır. Bu qədər xərci çəkən çəkir, axı çəkməyi bacarmayan da var və vəfat edəni başqasından az istəmir! Ümumiyyətlə, o yerdə ki, mərasim insanların kimisə xatırlamasına, yaxud kiminsə şad gününə sevinməsinə səbəb olmur, problemə çevrilir, deməli, bu, həmin mərasimin humanist bir şey olmadığını göstərir".

N.Cəfərov çıxış yollarının olduğu qənaətindədir. O, hesab edir ki, cəmiyyətimiz toylarla bağlı problemləri müzakirə etməlidir: "Burada dövlət nə isə tədbir görə bilməz. Gərək cəmiyyətimiz özü bu məsələni müzakirə etsin, toy mərasiminin həm estetik tərəfini, həm maddi tərəfini, həm yemək-içmək tərəfini bir az qaydaya salsın".


Millət vəkili: "Xaricdən din adı altında Azərbaycanın işlərinə müdaxilə etmək istəyi var"

AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirdi ki, beynəlxalq arenada və Azərbaycanda islamın bütün müqəddəs dəyərlərini müdafiə etmək lazımdır: "Təəssüflər olsun ki, qloballaşan dünyada bir çox hallarda islama haqsız hücumlar olur. İslam ölülər üçün deyil, dirilər üçündür. İslamın yas və ölülərə aid olması təsəvvürü ortadan qaldırılmalıdır".

Tarix İnstitutunun direktoru Azərbaycanın cənub zonasında mollaların attestasiyadan keçməsini çox gözəl addım kimi qiymətləndirib.


Vasim Məmmədəliyev: "Toy və yasdakı israfçıllığın qarşısını ilk öncə varlılar almalıdır"

Günün aktual olan toy və yas mərasimlərində israfçılıq məsələsinə dinşünas-alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin də fikri birmənalı olmadı. V.Məmmədəliyev "Qurani-Kərim"də "Yeyin, için, amma israf etməyin. Allah israf edənləri sevməz" kəlamını xatırladaraq bildirdi ki, bugünkü toy və şər məclislərində ifrat dərəcədə israfçılığa yol verilməsini neqativ qiymətləndirir: "Dəbdəbəli məclislər bəzən məclis sahiblərinin borca düşməsi ilə nəticələnir. Xalqımızda bu, adət kimi formalaşsa da, lazımsız adətdir. Bugünkü qəbiristanlıqlar muzeyi xatırladır. Bunun ölüyə heç bir savabı yoxdur. Dinimizdə buyrulub ki, müsəlmanın qəbri sadə olmalıdır. Hesab edirəm ki, bu problemlərə son qoymaq üçün ilk olaraq varlılar addım atmalıdırlar. Çünki varlı öz məclisini dəbdəbəli etdikcə, kasıb utanır və el qınağına tuş gəlməmək üçün borca düşüb onunla ayaqlaşmağa çalışır. Borcla verilən məclis isə ölünün ruhunu şad edə bilməz. Ölüyə dəbdəbəli yas verməkdənsə, ruhuna dualar oxutdurmaq savabdır".


RƏFİQƏ KAMALQIZı

Digər xəbərlər