Dünən Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycanda səfərdə olan Buxarest şəhər ikinci sektorunun meri, Rumıniya hakim Demokrat Liberal Partiyasının xalqla əlaqələr şöbəsinin baş katibi Nikolay Ontanunun rəhbərlik etdiyi Rumıniyanın görkəmli elm, mədəniyyət və ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti Xəzər rayonunun Qala qəsəbəsində yerləşən Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda olublar.
Rumıniyalı qonaqlarla yanaşı, Qala Dövlət Tarix- Etnoqrafiya Qoruğunda YAP İcra katibinin müavinləri, Milli Məclisin üzvləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov da iştirak ediblər. Etnoqrafiya Qoruğundakı maddi mədəniyyət nümunələrinə böyük maraqla baxan rumıniyalı nümayəndə heyəti ziyarət çərçivəsində 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən açıq səma altında yaradılan Etnoqrafik Muzey Kompleksindəki tarixi rəsmlər, qayaüstü təsvirlər, ibtidai dövrə aid yaşayış məntəqələri, kurqanlar və bütövlükdə etnoqrafik materiallarla da tanış olublar. Qonaqlara məlumat verilib ki, sərgilənən abidələrin tarixi olduqca qədimdir və onların bir çoxu eradan əvvəl III minilliyə aiddir. Qeyd olunub ki, 156 hektar ərazini əhatə edən qoruqda 200-dən artıq abidə mövcuddur ki, onların hər biri Azərbaycan mədəniyyətinin dəyərli nümunələrindəndir.
Buxarest şəhərinin ikinci sektorunun meri Nikolay Ontanu ziyarət çərçivəsində gördüyü tarixi-mədəni abidələrin onu müsbət mənada təəccübləndirdiyini bildirib: "Bu gün rast gəldiyimiz mədəniyyət nümunələri bizi çox təəccübləndirdi. Biz bir daha bu qənaətə gəldik ki, Azərbaycan zəngin tarixi irsə mailikdir və onun zəngin tarixi bu cür mədəniyyət nümunələrində əks olunmuşdur. Bizim üçün bu cür mədəniyyət nümunələrini müşahidə etmək çox maraqlıdır. Rastlaşdığımız hər bir nümunə özünün spesifikliyi ilə fərqlənir. Bu nümunələri müşahidə etdikcə biz Azərbaycan tarixi ilə bağlı daha maraqlı məlumatlar əldə edir və yeni qənaətlərə gəlirik. Bizim yekun qənaətimiz budur ki, Azərbaycan zəngin tarixi irsə malikdir".
N.Ontanu vurğulayıb ki, Azərbaycanın mədəni irsi özündə ehtiva etdiyi dəyərlərə görə ümumbəşəri mədəniyyət xəzinəsinin əhəmiyyətli töhfəsi kimi dəyərləndirilməlidir.
N.Ontanu bildirib ki, Azərbaycan mütəmadi surətdə inkişaf edən ölkəyə çevrilib və bu inkişaf bir çox ölkələr üçün nümunə ola bilər: "Mən iki il öncə Azərbaycanda olmuşdum. Bu gün ölkənizdə müşahidə etdiyim faktlar, gördüyüm inkişaf meyilləri bizi müsbət mənada çox heyrətləndirir və sevindirir. Azərbaycan Avropanın nəzərində yüksək inkişaf sürətinə malik olan və etibarlı strateji tərəfdaş qismində səciyyələndirilən ölkədir. Azərbaycanda qeydə alınan mütəmadi inkişaf bizi çox sevindirir".
N.Ontanu onu da bildirib ki, Azərbaycanın inkişafını göstərən başlıca amillərdən biri də mədəniyyət sahəsində qeydə alınan tərəqqidir. Ölkənizdə mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət göstərilir və bu, mövcud inkişafı daha da sürətləndirir: "Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva mədəniyyət sahəsinə xüsusi qayğı göstərir. Bu cür ali diqqətin sayəsində Azərbaycanın tarixi, mədəni irsi yüksək səviyyədə mühafizə olunur və mədəniyyət sahəsində davamlı inkişaf müşahidə olunmaqdadır".
Nümayəndə heyətinin rəhbəri onu da qeyd edib ki, Azərbaycanla Rumıniya arasında mədəniyyət sahəsində ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi hər iki ölkə üçün xüsusi önəm kəsb edir.
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun rəhbərliyi tərəfindən hazırlanmış və tarixi dəyərlərimizi özündə əks etdirən multimedia diskləri rumın qonaqlara təqdim olundu.
Tapdıq Qurbanlı