Dünən Səbail rayon icra hakimiyyətində ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarsının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olundu.
İclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 42-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. O, qeyd etdi ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi, bilavasitə, dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır: "Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur. Öz fəaliyyəti, gərgin əməyi sayəsində ölkəmizin sosial-iqtisadi inkişafının təməlini qoymuşdur. Onun adı və xatirəsi hər bir azərbaycanlının şuurlarında əbədi iz buraxmışdır. Bu gün Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkənin iqtisadiyyatı ilbəil inkişaf edir".
Sonra rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası barədə ətraflı məlumat verdi. A.Əsgərov bildirdi ki, son 7 il ərzində ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə, cari ilin birinci rübündə iqtisadi artım 1,6 faiz artıb, qeyri-neft sektorunda artım 5,6 faiz olubdur: "İlin əvvəlindən inflyasiya 9,1 faiz təşkil edib, əhalinin pul gəlirləri 16 faizdən çox artıb. Bu gün Azərbaycanın valyuta ehtiyatları 34,2 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir".
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov onu da vurğuladı ki, 2011-ci ilin 6 ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 10617,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çox sənaye məhsulu istehsal edilibdir. Nəqliyyat müəssisələri tərəfindən 308,6 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 44,6 faiz çox nəqliyyat, rabitə müəssisələri tərəfindən 361,7 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 3,7 faiz çox rabitə xidmətləri göstərilibdir: "Bütün maliyyə mənbələri hesabına 1023,6 milyon manat məbləğində investisiyalardan istifadə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 15,3 faiz çoxdur. İlin əvvəlindən əhaliyə 257,8 milyon manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilibdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 47,1 faiz artaraq 62,2 milyon manata, pullu xidmətlərin həcmi isə 52,9 faizə çatmışdır. Cari ilin yanvar-may ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 88912 nəfər, orta aylıq əmək haqqının məbləği isə 901,7 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz çoxdur".
Səbail rayon icra başçısı rayonda çalışan işçilərin sayının 88668 nəfər, orta aylıq əmək haqqının məbləğinin isə 851,4 manat olduğunu söylədi. A.Əsgərov cari ilin birinci yarısı ərzində Səbail rayonu ərazisində 364 yeni iş yerinin açıldığını bildirdi: "Açılan iş yerlərinin hamısı daimi iş yerləridir. Ümumilikdə, 2003-cü ilin noyabrından 2011-ci ilin aprel ayının 1-dək rayonda 33803 iş yeri açılmışdır ki, bunlardan 32935 iş yeri daimidir".
Cari ilin əvvəlindən rayonda yerləşən müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurma işlərinin müvəffəqiyyətlə davam etdirildiyini söyləyən Səbail rayon icra başçısı ilin birinci rübündə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə "Bakıelektrikşəbəkə" ASC-nin mərkəzi dispetçer xidmətinin və yeni inşa olunmuş 6 yarımstansiyanın açılışının olduğunu söylədi: "Hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Badamdar qəsəbəsində MTN-nin yeni hospitalının, "Üç qüllə", "Four Seasons", "Mariott" və "Hilton" kimi 5 ulduzlu mehmanxanalarının, 6 saylı məktəbin yeni binasının, Oksford məktəbi üçün yeni tədris korpusunun, "Azneft" meydanında, Bülbül prospektində, Neftçilər prospektində 4 yeni yeraltı keçidin tikintisi, Dövlət Musiqili Komediya Teatrının və Mahnı Teatrının binasının, Səadət Sarayının binasının, Azərbaycan Dövlət İqtisad Universitetinin İstiqlaliyyət küçəsi 6 ünvandakı binasının əsaslı təmiri aparılır. Bakı Dənizkənarı Parkının genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilən yenidənqurma işləri davam etdirilir".
A.Əsgərovun sözlərinə görə, Bakı şəhərinin və eləcə də, Səbail rayonunun su təchizatının yaxşılaşdırılması məqsədi ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 2 ədəd yeni su anbarları tikilib, Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında təmir-yenidənqurma işlərinin aparılması üçün layihə sənədləri hazırlanıb, Ümummilli Liderimizin parkda qoyulacaq büstünün hazırlanması başa çatmaq üzrədir. Həmçinin, A.Əsgərov yazın gəlişi ilə bağlı rayon ərazisində aparılan abadlıq və yaşıllaşdırma işlərindən də danışdı: "Bayıl yamacında keçirilən iməciliklərdə 16200 yeni ağac əkilib, 2500 ağaca qulluq göstərilibdir".
Həmçinin, iclasda əldə olunan nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri barədə də məlumat verildi, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olundu.
RƏFİQƏ HÜSEYNOVA