Dünən Milli Məclisin yaz və növbədənkənar sessiyalarının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında çıxış edən vitse-spiker Bahar Muradova dördüncü çağırış Milli Məclis 2011-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə nəzərdə tutulmuş qanunvericilik işləri planını yerinə yetirdiyini və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinə öz töhfəsini verdiyini bildirdi.
Milli Məclis Sədrinin müavini Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 42-ci ildönümü və Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi. Bildirdi ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş ölkənin milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycan iqtisadiyyatında dinamikanı qoruyub saxlamağa imkan veribdir: "Ölkəmizin "Eurovision-2011" Mahnı Müsabiqəsində qalib gəlməsi isə Azərbaycanın hərtərəfli inkişafının parlaq nümunəsi olmuşdur. Gələn il Bakıda bu mötəbər müsabiqənin keçirilməsi müstəqil Azərbaycanın geniş bir coğrafi məkanda təbliği baxımından, şübhəsiz ki, əhəmiyyətli hadisə olacaqdır. Bu nailiyyətlərin qazanılmasına ölkə parlamenti də səlahiyyətləri çərçivəsində öz töhfəsini veribdir".
B.Muradova onu da vurğuladı ki, Milli Məclisin 2011-ci il yaz və növbədənkənar sessiyaları dövründə parlamentin 13 iclası keçirilib, 139 qanun və qərar qəbul olunubdur. Bu hüquqi sənədlər ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edir: "Milli Məclisin yaz sessiyasında 11 iclas keçirilib, 94 qanun və qərar qəbul olunubdur. Onlardan 2-si Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 2-si qanun, 57-si mövcud qanunlara dəyişikliklər və əlavələr, 12-si isə qərardır. Bu dövrdə parlamentdə 21 beynəlxalq müqavilə və konvensiya ratifikasiya edilmiş, bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilibdir. Növbədənkənar sessiya dövründə Milli Məclisin iki iclası keçirilib, 45 qanun və qərar qəbul olunubdur. Həmçinin, yaz və növbədənkənar sessiyalar ərzində Milli Məclis komitələrinin 68 iclası olub, bu iclaslarda 189 məsələ, o cümlədən, 162 qanun və 1 qərar layihəsi müzakirə edilibdir. Ümumiyyətlə, IV çağırış Milli Məclis fəaliyyətə başladığı dövrdən bu günədək yeni tərkibli parlamentin 17 iclası keçirilibdir. Milli Məclisin qəbul etdiyi qanun və qərarların ümumi sayı isə 183 olubdur".
B.Muradova ötən dövrdə Milli Məclis ölkənin əsas sənədi - Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətini tam həcmdə yerinə yetirdiyini də bildirdi. Vitse-spikerin sözlərinə görə, çoxpartiyalılıq əsasında fəaliyyət göstərən parlament öz fəaliyyətində demokratiya, plüralizm, qanunun aliliyi prinsiplərinə əsaslanmışdır. Bu zaman parlament fəaliyyətinin əsas istiqamətləri hüquqi, demokratik və dünyəvi dövlətin yaradılması prosesinin davam etdirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi olubdur.
Növbəti sessiyada baxılmaq üçün parlamentdə "Sosial xidmət haqqında", "Pasiyentin hüquqları haqqında", "Psixiatriya yardımı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinin də işlənib hazırlandığını deyən B.Muradova onu da bildirdi ki, parlamentin beynəlxalq əlaqələrinin inkişafı Milli Məclis rəhbərliyinin daim diqqət mərkəzindədir. Ötən dövrdə Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq təşkilatların işində yaxından iştirak etmişlər.
ATƏT Parlament Assambleyasının Serbiyada keçirilmiş yay sessiyası (Serbiya, 4-11 iyul) barədə məlumat verən B.Muradova bildirdi ki, bu sessiya Azərbaycan nümayəndə heyəti üçün uğurlu olubdur. Belə ki, iyulun 7-də təşkilatın Təhlükəsizlik və Siyasi Məsələlər üzrə Ümumi Komitəsinin iclası keçirilibdir: "İclasda xorvatiyalı deputat Tonino Pikulanın hazırladığı "ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni başlanğıc" mövzusunda hesabat müzakirə edilibdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri məruzə ilə əlaqədar çıxış edərək ATƏT-də ciddi islahatların aparılmasının vacibliyini vurğulamış, qəbul olunan qərarların icrasının təmin edilməsinin zəruriliyini qeyd etmişdir. Nümayəndə heyətimiz məruzədə Dağlıq Qarabağ münaqişəsinin Moldova və Gürcüstandakı münaqişələrlə eyni çəkilməsinin yanlış təsəvvür yarada biləcəyini bildirmiş, onun Azərbaycanın bir bölgəsi kimi göstərilməsinin vacibliyini söyləmişdir. Qətnamə layihəsinin müzakirəsi zamanı məruzəçi xüsusi olaraq vurğulamışdır ki, sənəddə Dağlıq Qarabağ qətiyyən müstəqil tərəf kimi göstərilə və suveren dövlətlərlə eyni statusda təqdim edilə bilməz".
2011-ci il yaz sessiyası dövründə İnternet saytından və elektron poçt vasitəsilə Milli Məclisə 767 müraciət və sorğu daxil olduğunu deyən vitse-spiker qeyd etdi ki, 178 nəfər vətəndaş qəbula yazılmaq üçün Milli Məclisə elektron poçt vasitəsi ilə müraciət edibdir. Yaz və növbədənkənar sessiyalar dövründə parlamentdə 64 kütləvi informasiya vasitəsi akkreditə olunubdur. Milli Məclisin fəaliyyətini 11 televiziya kanalı, 2 radio, 33 qəzet və 18 agentlik işıqlandırmışdır".
RƏFİQƏ KAMALQIZI