Dünən Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycanda səfərdə olan Buxarest şəhərinin II sektorunun meri Nikolai Ontsanunun başçılığı ilə Rumıniyanın Demokrat Liberal Partiyasının nümayəndə heyəti Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.
SİA-nın xəbərinə görə, Qobustan Milli Tarix-Bədii Qoruğunda qonaqlara məlumat verilib ki, Bakıdan 65 kilometr məsafədə yerləşən Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir: "O, bu ərazinin Üst Paleolit və Mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, Neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılan tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan artıq kurqan aşkar olunub və 105 mindən çox maddi mədəniyyət nümunəsi tapılıb. Qoruqda qədim dövrlərə aid qayaaltı sığınacaqlar, kurqanlar və qayaüstü təsvirlər aşkar olunub. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir. Belə ki, buradakı Qavaldaş Daş dövründə yaşamış qədim insanların istifadə etdiyi musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın "Yallı" rəqs səhnələri təsvir olunub. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanıb. Qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə aiddir və altı sətirdən ibarətdir".
Eyni zamanda Rumıniyanın Demokrat Liberal Partiyasının nümayəndə heyətinə məlumat verilib ki, 4 min hektardan artıq ərazidə yerləşən dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib: "Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı martın 4-də qoruq muzeyinin yeni binasının tikintisi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması ilə bağlı Sərəncam imzalayıb".
Qədim insan məskəni ilə tanışlıqdan məmnun olan Buxarest şəhərinin II sektorunun meri Nikolai Ontsanu ərazidə aparılan tədqiqat işləri ilə, tarixi eksponatlarla maraqlanıb. Qonaq Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu bildiyini, Qobustana səfərdən və qayaüstü rəsmlərlə tanışlıqdan sonra bunu bir daha yəqin etdiyini vurğulayıb.
Qobustan Milli Tarix-Bədii Qoruğunun Azərbaycanın tarixi gücünün göstəricisi olduğunu bildirən Rumıniya İnşaat Universitetinin professoru Okulesku Mixay qeyd edib ki, səfər etdikləri bütün yerlər nümayəndə heyətinin üzvlərinə xoş təəssürat bağışlayıb: " Mən bu xalqa, ölkəyə yaranan sevgimi bilmirəm ki, hansı sözlərlə izah edim. Mənim özüm getsəm də könlüm burada qalacaq".