PDF Oxu

Əsas

  • 50

Rumıniyalı qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğunda olub

Rumıniyalı qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğunda olub

Dünən Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycanda səfərdə olan Buxarest şəhərinin II sektorunun meri Nikolai Ontsanunun başçılığı ilə Rumıniyanın Demokrat Liberal Partiyasının nümayəndə heyəti Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

SİA-nın xəbərinə görə, Qobustan Milli Tarix-Bədii Qoruğunda qonaqlara məlumat verilib ki, Bakıdan 65 kilometr məsafədə yerləşən Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir: "O, bu ərazinin Üst Paleolit və Mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, Neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılan tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan artıq kurqan aşkar olunub və 105 mindən çox maddi mədəniyyət nümunəsi tapılıb. Qoruqda qədim dövrlərə aid qayaaltı sığınacaqlar, kurqanlar və qayaüstü təsvirlər aşkar olunub. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir. Belə ki, buradakı Qavaldaş Daş dövründə yaşamış qədim insanların istifadə etdiyi musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın "Yallı" rəqs səhnələri təsvir olunub. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanıb. Qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə aiddir və altı sətirdən ibarətdir".

Eyni zamanda Rumıniyanın Demokrat Liberal Partiyasının nümayəndə heyətinə məlumat verilib ki, 4 min hektardan artıq ərazidə yerləşən dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib: "Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı martın 4-də qoruq muzeyinin yeni binasının tikintisi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması ilə bağlı Sərəncam imzalayıb".

Qədim insan məskəni ilə tanışlıqdan məmnun olan Buxarest şəhərinin II sektorunun meri Nikolai Ontsanu ərazidə aparılan tədqiqat işləri ilə, tarixi eksponatlarla maraqlanıb. Qonaq Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu bildiyini, Qobustana səfərdən və qayaüstü rəsmlərlə tanışlıqdan sonra bunu bir daha yəqin etdiyini vurğulayıb.

Qobustan Milli Tarix-Bədii Qoruğunun Azərbaycanın tarixi gücünün göstəricisi olduğunu bildirən Rumıniya İnşaat Universitetinin professoru Okulesku Mixay qeyd edib ki, səfər etdikləri bütün yerlər nümayəndə heyətinin üzvlərinə xoş təəssürat bağışlayıb: " Mən bu xalqa, ölkəyə yaranan sevgimi bilmirəm ki, hansı sözlərlə izah edim. Mənim özüm getsəm də könlüm burada qalacaq".

Rumıniyalı qonaqlar Səbail rayon icra hakimiyyətində olublar

Nekulay Ontsanu: "Azərbaycana, Bakıya hər səfərimizdə buradakı inkişaf bizə xoş təsir bağışlayır"

Dünən Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycanda səfərdə olan Buxarest şəhər ikinci sektorunun meri, Rumıniya hakim Demokrat Liberal Partiyasının xalqla əlaqələr şöbəsinin baş katibi Nekulay Ontsanunun rəhbərlik etdiyi Rumıniyanın görkəmli elm, mədəniyyət və ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti Səbail rayon icra hakimiyyətində olublar.

Rumıniyalı qonaqlarla keçirilən görüşdə Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Asəf Hacıyev, Səbail icra hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edib. YAP-ın dəvəti ilə ölkəmizdə səfərdə olan rumıniyalı qonaqların artıq üçüncü dəfədir ki, Səbail rayonunda olduğunu bildirən A.Əsgərov onlara Bakı və rəhbərlik etdiyi rayonda görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, qonaqların 2 il əvvəlki gəlişindən sonra rayonda genişmiqyaslı quruculuq-abadlıq işləri görülüb. Səbail rayonunun 29 kv.km ərazisinin, 93134 nəfər əhalisinin olduğunu bildirən A.Əsgərov bu rayonda 0140 nəfər məcburi köçkünün də məşğulluğunu diqqətə çatdırdı. Qeyd etdi ki, rayon 2 ərazi nümayəndəliyindən, 3 bələdiyyə idarəçilik quruluşundan ibarətdir. "Səbail rayonu Bakının ən qədim rayonlarından olaraq ötən əsrin 20-ci illərində inzibati ərazi vahidi kimi formalaşıb. Rayon 1992-ci ildən Səbail adı ilə adlandırılıb. Rayonda 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 17 orta təhsil və 17 məktəbəqədər tərbiyə müəssisəsi, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 4 musiqi məktəbi, 21 səhiyyə, 12 teatr, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi, 12 park və bağ yerləşir" deyən A.Əsgərov rayonda aparılan quruculuq-abadlıq və digər əhəmiyyətli işlərin bu gün də uğurla davam etdirildiyini söylədi. Qonaqların diqqətinə onu da çatdırdı ki, hazırda Dövlət Bayrağı Meydanından Bakı şəhərinin mərkəzi istiqamətində yeni yol çəkilişi davam edir.

Rumıniyalı nümayəndə heyətinin rəhbəri Nekulay Ontsanu da, öz növbəsində, bildirib ki, Azərbaycan mütəmadi surətdə inkişaf edən ölkəyə çevrilib və bu inkişaf bir çox ölkələr üçün nümunə ola bilər: "Mən iki il öncə Azərbaycanda olmuşdum. Bu gün ölkənizdə müşahidə etdiyim faktlar, gördüyüm inkişaf meyilləri bizi, müsbət mənada, çox heyrətləndirir və sevindirir. Azərbaycan Avropanın nəzərində yüksək inkişaf sürətinə malik olan və etibarlı strateji tərəfdaş qismində səciyyələndirilən ölkədir. Azərbaycanda qeydə alınan mütəmadi inkişaf bizi çox sevindirir"-deyə o, qeyd edib. Vurğulayıb ki, Bakı onların hər səfərində tamamilə yeni bir mənzərədə, yeni bir obrazda insana zövq verir. Azərbaycana, Bakıya, o cümlədən də, Səbail rayonuna gəlişindən, burada onlara qarşı olan xoş münasibətlərdən məmnunluğunu ifadə edən N.Ontsanu A.Əsgərova bu cür səmimiyyətə görə təşəkkürünü çatdırdı.

Daha sonra söz alaraq çıxış edən digər rumıniyalı qonaqlar da, onlara göstərilən yüksək səmimi münasibətlərə görə minnətdarlıqlarını dilə gətirdilər.

Görüşün sonunda rumıniyalı qonaqlara xatirə hədiyyələri təqdim edildi. Öz növbəsində, rumıniyalı qonaqlar da, A.Əsgərova xatirə hədiyyələrini təqdim etdilər. Həmçinin, qonaqlarla Səbail rayon icra hakimiyyətinin inzibati binasının foyesində ucaldılmış ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə şəkili də çəkdirildi.


Tapdıq Qurbanlı

Digər xəbərlər