"Ölkədə mətbuat özü durulaşır. Bunun sırasında sözün həqiqi mənasında mətbuat ənənələrini, normalarını yaşadanlar, onu inkişaf etdirənlər, Azərbaycan cəmiyyətini informasiya ilə təmin edənlər ayrı-ayrı qeyri-sağlam məqsədlərlə mətbuata gələnlərdən seçilirlər. Yavaş-yavaş həqiqi mətbuat qeyri-həqiqi mətbuatla sərhəd saxlayır, bu da sözün həqiqi mənasında Azərbaycanda milli mətbuatın gələcəyi ilə bağlı optimist fikrə gəlməyə əsas verir", - bunu Trend-ə Milli Mətbuat Günü ərəfəsində verdiyi müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Son zamanlar mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atılıb"
Ə.Həsənov hesab edir ki, son zamanlar mətbuatın inkişafı ilə bağlı dövlət mühüm addımlar atıb.
"Mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyası qəbul olunub. Buna müvafiq olaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Mətbuat işçilərinə dövlət qayğısı artırılıb. Mətbuatla bağlı ayrı-ayrı illərdə dövlət başçısının sərəncamları imzalanıb. Bütün bunlar bir tərəfdən mətbuata dövlət dəstəyinin göstəricisidir", - PA rəsmisi deyib.
Həsənovun sözlərinə görə, Azərbaycan cəmiyyətində də yavaş-yavaş medianın yaxşını pisdən seçməyi və yaxşı media nümunələrinə dəstək verilməsi, reklam, qəzetlərin alınması kimi sahələrdə mövcud irəliləyişlər müşahidə olunur.
"Bütün bunlardan çıxış edərək demək olar ki, bu gün Azərbaycanda medianın vəziyyəti gündən-günə yaxşılaşır, müstəqil media mövcuddur, söz, mətbuat və məlumat azadlığı bərqərar olunub. İstənilən jurnalist istənilən hadisə ilə bağlı, dövlət quruculuğu prosesləri, ayrı-ayrı məmurların fəaliyyəti, bu və digər sahələrin fəaliyyəti ilə bağlı sərbəst informasiya toplamaq, onu sərbəst təhlil etmək və sərbəst yaymaq imkanına malikdir", - Həsənov əlavə edib.
PA rəsmisinin sözlərinə görə, elektron informasiya vasitələri ilə bağlı da vəziyyət getdikcə yaxşılaşır.
"Son zamanlar Azərbaycanda teleradio fəaliyyəti ilə bağlı ciddi irəliləyişlər olub. Azərbaycanın həm mərkəzi, həm region televiziyaları, həm də digər elektron KİV-ləri, radiolar, internet televiziya və radioları, internet mediasının fəaliyyəti də getdikcə genişlənir. Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı ilə, öz informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur", - Həsənov bildirib.
"Azərbaycan jurnalistikasında çalışan insanlar peşəkar olduqları kimi də vətənpərvər olmalıdırlar"
Həsənov deyib ki, hər bir jurnalist jurnalist olması ilə yanaşı, həm də konkret ölkənin vətəndaşıdır, konkret ölkənin milli-mənəvi dəyərlərinin daşıyıcısıdır, konkret bir ölkənin maraqlarının müdafiəçisidir.
"Bu anlamda biz dəfələrlə bu fikri bildirmişik və indi də bu çağırışı edirik ki, Azərbaycan jurnalistləri unutmasınlar ki, onlar Azərbaycanı təmsil edirlər. Unutmasınlar ki, bu ölkənin maddi, mənəvi və sosial problemləri eyni zamanda onların özlərinə aiddir. Bu ölkənin təhlükəsizliyi ilə bağlı məsələlər bir vətəndaş kimi onların özünü və ailəsini də əhatə edir. Jurnalistlər söz və mətbuat azadlığı prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərdikləri zaman eyni zamanda vətənpərvərlik hissini unutmasınlar, ayrı-ayrı ölkələrin Azərbaycanla bağlı qaranlıq məqsədlərinə, qaranlıq fəaliyyətinə dəstək olmasınlar. Biz bu çağırışları etmişik. Keçid dövrü yaşayan ölkələrin əksəriyyətində bu hallar olur, eyni zamanda bizdə də olub və var, görünür ki, gələcəkdə də olacaq. Əsas odur ki, bu tendensiya təşkil etməməlidir, kütləvi şəkildə olmamalıdır. Azərbaycan jurnalistikasında çalışan insanlar peşəkar olduqları kimi də vətənpərvər olmalıdırlar, Vətəni, dövləti sevməlidirlər və onun təəssübünü çəkməlidirlər", - Həsənov əlavə edib.