Azərbaycanın hakim partiyası siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinin onların dövlət tərəfindən saxlanması kimi başa düşülməsini yanlış hesab edir. "Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinə onların dövlət tərəfindən saxlanması kimi yanlış baxış ortaya qoymaq düzgün deyil.
Bu, sadəcə dövlət tərəfindən partiyaların müəyyən qədər dəstəklənməsi deməkdir", - Trend-in məlumatına görə, bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcraçı katib Əli Əhmədov deyib. Əli Əhmədov bildirib ki, maliyyələşdirmə dünya təcrübəsində daha çox yayılıb və partiyaların parlamentdə təmsilçiliyi əsasında maliyyələşdirilməsini əks etdirir.
"Həm partiyaların cəmiyyət tərəfindən dəstəklənməsini nəzərdə tutan və əks etdirən, həm də partiyaların inkişafına, onların malik olduğu ictimai dəstəyə uyğun şəkildə kömək göstərmək üçün bu, ən yaxşı formadır. Bəzi nüanslar var ki, onları da qəbul etmək lazım gələcək", - YAP-ın Sədr müavini deyib.
Milli Məclisin payız sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Qanun layihəsində partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi də var.