PDF Oxu

Əsas

  • 40

Ermənilərin məqsədli şəkildə törətdiyi növbəti terror...

Ermənilərin məqsədli şəkildə törətdiyi növbəti terror...

İllərdir ki, işğalçı Ermənistanın Azərbaycana qarşı təxribatları, cəbhə xəttində tez-tez atəşkəs rejmini pozması halları davam edir. Hər bir ifadələrində isə, həyasızcasına Azərbaycanı günahlandırırlar. Bu iyrənc oyunlar, əməllər ermənilərin məqsədli şəkildə həyata keçirdikləri, hazırladıqları planın bir növ tərkib hissəsidir. Maraqlı bir məqam ondan ibarətdir ki, hər dəfə də hədəf məhz mülki insanlar, həyata yeni-yeni qədəm qoyan günahsız körpələrdir. Xocalıda 60-a yaxın körpəni qətlə yetirmək sanki erməni əsgərinə zövq verirdi. Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində intensiv danışıqların getdiyi bir zamanda ermənilər hər dəfə bu cür terror aktları həyata keçirirlər. Bu isə, ermənilərin danışıqların məcrasını pozmasından, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəməmək niyyətindən xəbər verir. Bütün bu oyunlarla erməni xislətinin iç üzü bir daha açılmış olur. Erməni vəhşiliyinin budəfəki qurbanı 13 yaşlı Aygün Şahmalıyevadır. Nədənsə, ermənilər hədəf kimi hər dəfə körpə bəşər övladını seçir. Təbii ki, bu da onların nə dərəcədə qorxaq və alçaq millət olmalarına dəlalət edir. Erməni əsgəri tərəfindən qətlə yetirilən 9 yaşlı Fariz Bədəlov, 13 yaşlı Aygün Şahmalıyeva Serj Sarkisyanın uşaq qatili olmasından xəbər verir.

Qəzetimizə verdiyi açıqlamasında millət vəkili Elman Məmmədov bu kimi insanlıqdan uzaq əməllərin yalnız ermənilərin xislətinə xas olan bir əməl olduğunu bildirdi. Ermənilərin törətdiyi bu vəhşilik erməni vandalizminin daha bir sübutu kimi tarixə yazılıb. Gərək nə qədər iyrənc əməl sahibi olasan ki, düşünülmüş formada hansısa bir oyuncaq vasitəsilə körpə uşağı qətlə yetirəsən. Mütləq dünya birliyi, beynəlxalq arena bu məsələyə münasibət bildirməli, S. Sarkisyana qarşı lazımi sərt tədbirlər həyata keçirməlidir. Millət vəkili Ermənistanın cəzalandırılmasının əsil zamanının yetişdiyiyini söylədi. Qeyd etdi ki, əgər işğalçı dövlət bu dəfə də cəzasız qalsa, yeni-yeni təxribatlara əl atacaq. Kim deyə bilər ki, Ermənistan bundan sonra Azərbaycan dövlətinin maraqlarına və mənafelərinə zidd olan addım atmayacaq.

E. Məmmədov ATƏT-in Minsk Qrupunun da fəaliyyətindən narazı olduğunu söylədi və bildirdi ki, heç olmasa 13 yaşlı Aygün Şahmalıyevanın qətli ilə bağlı ATƏT-in Minsk Qrupu çox ciddi addımlar atmalıdırlar. Əvvəl Xocalıda qətlə yetirilmiş körpə fidanlar, sonra 9 yaşlı Fariz Bədəlov, daha sonra 13 yaşlı Aygün Şahmalıyeva erməni terrorunun, vəhşiliyinin qurbanı oldu. Kim, yaxud hansı dövlət təminat verə bilər ki, bundan sonra hansısa azərbaycanlı uşağı erməni terrorunun növbəti qurbanı olmayacaq. Millət vəkili əlavə etdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana uzun illər boyu səfərləri olub. Müxtəlif adlar altında ölkəmizə gələn həmsədrləri yekun bir qərarı olmadığına görə, heç olmasa bu məsələdə ATƏT bu gün hansısa real bir mövqe nümayiş etdirə bilər. Əgər ATƏT-in Minsk Qrupu həmsədrləri istəsəydi, obyektiv, real mövqeyi çoxdan nümayiş etdirərdi. Bir çox beynəlxalq təşkilatlardan fərqli olaraq, ATƏT bu gün Ermənistanı işğalçı dövlət adlandırmaqdan çəkinir. Bununla bağlı BMT-nin 4 qətnaməsi var. Nəhayət ki, uzun sürən səylərimizdən sonra AŞPA-da Ermənistan işğalçı dövlət kimi tanınıb.

Millət vəkili vurğuladı ki, istər BMT, istərsə də AŞPA-ya üzv olan dövlətlər həm də ATƏT-in üzvdürlər. Bu gün ATƏT-in Minsk Qrupunun üzərinə çox böyük bir məsuliyyət düşür. ATƏT-in Minsk Qrupu ya fəaliyyətini birdəfəlik dayandırmalıdır, ya da illərdən bəri göstərmədiyi konkret bir mövqe sərgiləməlidir. Tərəfsiz və real mövqe sərgiləmək ATƏT-in Minsk Qrupunun vəzifə borcudur. İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycan arasındakı fərq mütləq ortaya qoyulmalıdır. Nə zamana qədər Azərbaycan dövlətinə qarşı bu cür ikili, qərəzli oyunlar davam edəcək? Məgər Aygün Şahmalıyevanın ermənilər tərəfindən faciəvi formada qətlə yetirilməsi erməni vəhşiliyinin, alçaqlığının bariz sübutu deyilmi?

E. Məmmədov onu da əlavə etdi ki, Azərbaycan xalqının gözləməyə daha səbri yoxdur. İnsanların hissləri ilə ikili oyun oynamaq olmaz. Artıq ikili standartlardan çəkinməyin vaxtıdır.

Təcavüzkar Ermənistan beynəlxalq güclər tərəfindən mütləq cəzalandırılmalıdır, ən azından işğalçı dövlətə qarşı lazımi sanksiya tətbiq olunmalıdır. Bəlkə o zaman işğalçı Ermənistan bu cür iyrənc oyunlarından və terror əməllərindən əl çəkər.

AYLANA RZAYEVA

Digər xəbərlər