Respublika gənclərinin intellektual səviyyəsini yüksəltmək, onları fəal ictimai işə cəlb etmək, əlaqələrini möhkəmləndirmək, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin əsas vəzifələrindən sayılır. Bu məqsədlə təşkilat hər ilin yay aylarında, ənənəvi olaraq, gənclərin regionlara, səfalı yerlərə səfərlərini təşkil edir. İyul ayının 11-dən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi" layihəsinə uyğun olaraq Qəbələ-2 gedişinə start verilib.
"Yay məktəbi"ndə YAP-ın müxtəlif bölgələrindən olan fəal gəncləri Qəbələ rayonu "Qafqaz" otelində toplaşıblar. "Yay məktəbi" layihəsinin proqramına uyğun olaraq gənclər öncə Qəbələ şəhərinin mərkəzindəki parkda ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və Heydər Əliyev Mərkəzini ziyarət ediblər. "Yay məktəbi" layihəsinin proqramına uyğun olaraq Qəbələ "Qafqaz" otelinin konfrans zalında Milli Məclisin deputatı Musa Quliyev "Azərbaycan dünən, bu gün və sabah: Ulu Öndər Heydər Əliyev ideyaları əməli fəaliyyətdə" mövzusunda mühazirə oxuyub. Mövzu ətrafındakı diskussiyalarda YAP Yasamal rayon gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev, YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Abasəliyev, Babək Mehdiyev, Qabil Qafarov, Asiman Hacıyev, Kənan Firdovsioğlu və digər gənclər fəal iştirak edərək fikirlərini diskussiya iştirakçıları ilə bölüşüblər.
İştirakçı gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə proqramın davamı olaraq, YAP-çı gənclər Qəbələ rayonundakı "Yay məktəbi"nin iştirakçıları ilə YAP-ın Oğuz rayonundakı "Yay məktəbi"nin iştirakçıları arasında "Kim? Harda? Necə?" intellektual yarışı keçirilib.
Daha sonra YAP üzvü olan gənclər arasında "Gənclik və müasirlik, internetdə sosial şəbəkə və gəncliyin baxışı" mövzularında diskussiyalar təşkil olunub. Diskussiyaldarda millət vəkili Musa Quliyev müasir gəncliyin fəaliyyəti və qarşıda duran vəzifələri haqqında fikirlərini gənclərlə bölüşüb. Gənclər adından fikirlərini səsləndirən YAP Yasamal rayon gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev müasir gəncliyin təhsildə olan uğurlarından və bu mövzuda görülən işlərdən söhbət açıb. YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Abasəliyev Prezident İlham Əliyev tərəfindən qəbul olunan Dövlət Proqramları haqqında danışıb və bunların Azərbaycan gəncliyi üçün çox böyük əhəmiyyəti olduğunu qeyd edib.
YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin sədri Zəkiyyə Musayeva isə XXI əsrin gətirdiyi yeniliklərdən biri olan "İnternetdə, sosial şəbəkə və gəncliyin baxışı" mövzusundan söhbət açıb. Diskussiya çərçivəsində qeyd olunan mövzu ilə əlaqədar olaraq, qısa film nümayiş etdirilib. Bunların davamı olaraq YAP üzvü olan gənclər arasında asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə müxtəlif idman növləri üzrə yarışlar da təşkil olunub. Qəbələ "Qafqaz" otelinin konfrans zalında Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə bağlı təşkil olunan gənclər toplantısında "Yay məktəbi"nin iştirakıçıları fəallıq nümayiş etdiriblər. Toplantıda Milli Məclisin üzvü Musa Quliyev gənclər qarşısında mühazirə oxuyub. Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. Toplantının sonunda Qəbələdəki "Yay məktəbi"nin iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
YAP-ın təşkilatçılığı ilə gənclər "Yay məktəbi" layihəsi çərçivəsində Lerik rayonunda da olublar
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsi Lerik rayonunda da həyata keçirilib. Bu tədbirlərdə Milli Məclisin üzvü Tahir Rzayev gənclərlə birlikdə olub. Ölkəmizin bir sıra rayonlarını təmsil edən Yeni Azərbaycan Partiyasının 50-dən çox gənc üzvü Lerik rayonuna səfər çərçivəsində burada müxtəlif görüşlər keçirib, aktual mövzulara aid müzakirələr aparıb, diskussiyalar təşkil ediblər. Lerik rayonunun ən səfalı guşələrindən olan "RELAX" istirahət mərkəzində toplaşan gənclər səfərlərinin ilk günündə rayon mərkəzinə gedib, Ulu Öndərimiz Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə tər çiçəklər düzüblər.
Gənclər, həmçinin "Azərbaycan qlobal məkanda", "Gənclik və liderlik", "Azərbaycan dünən, bu gün və sabah: Heydər Əliyev ideyaları əməli fəaliyyətdə" mövzularında məruzələri dinləyib, bu mövzu ətrafında geniş müzakirələr aparıblar. Millət vəkili Tahir Rzayev mövzularla əlaqədar gənclərə ətraflı məlumat verib.
Tapdıq Qurbanlı