PDF Oxu

Əsas

  • 46

Yeni Azərbaycan Partiyasının beynəlxalq əməkdaşlığı

Yeni Azərbaycan Partiyasının beynəlxalq əməkdaşlığı

Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyasının üzvləri ilə görüş keçirildi. Qonaqları salamlayan YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov səfər çərçivəsində keçirəcəkləri görüşlərin səmərəli olacağını bildirdi: "Bakıda keçirdiyiniz görüşlər, apardığınız müzakirələr nəticəsində Azərbaycan haqqında daha yaxşı təsəvvürlər əldə edəcəksiniz. Həm Azərbaycanın inkişafı, həm bugünkü reallıqlar, həm də ölkəmizin üzləşdiyi ən ağır problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müfəssəl təsəvvür yaranacaq."

Ə.Əhmədov bildirdi ki, sovetlər birliyi dağıldıqdan sonra yeni müstəqillik əldə edən dövlətlər arasında Azərbaycan ən sürətlə inkişaf edən respubliklardan biridir: "Son 7-8 ildə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb. Azərbaycan iqtisadiyyatı indi postsovet məkanında ən sürətlə inkişaf edən iqtisadiyyat hesab olunur. Bir neçə illər ərzində ölkəmizdə hər il iqtisadi artım 25-30 faiz arasında olub. Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxması iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının təsdiqidir. Böhran illərində belə ölkəmizdə iqtisadi artım 5 faizdən yuxarı olub. Əlbəttə ki, bu iqtisadi inkişaf Azərbaycanın digər sahələrini də yeniləşdirməyə imkan yaradır. İlk növbədə, ölkəmizdə insanların rifahının yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Hər il Azərbaycanda bir neçə dəfə büdcədən maliyyələşən işçilərin əmək haqqı artırılır".

YAP Sədrinin müavini onu da vurğuladı ki, həyata keçirilən siyasətin ümumi xarakteristikasını versək, bunu modernləşmə siyasəti adlandırmaq olar: "İqtisadiyyatın modernləşməsi, sosial həyatın modernləşməsi, siyasi sistemin təkmiləşməsi və s. Bakı ilə tanış olanda görəcəksiniz ki, çox böyük infrastruktur layihələri həyata keçirilir. Bu da Azərbaycanın modernləşməsinin bir aspektini özündə ehtiva edir. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan Avropa mədəniyyətini, reallıqlarını əks etdirən bir dövlətə çevrilsin".

Ə.Əhmədov "Hər bir dövlətin beynəlxalq aləmdə özünü təsdiqləməsində, yeri və rolunu möhkəmləndirməsində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasının böyük əhəmiyyət kəsb edir" fikrini söyləyərək bildirdi ki, xarici siyasət sahəsində Azərbaycan bütün dövlətlərlə, o cümlədən, qonşularla normal münasibətlərin qurulmasının tərəfdarıdır və buna nail ola bilib: "Azərbaycan Avropa strukturları ilə səmərəli əməkdaşlıq edir. Güman edirəm ki, bu barədə sizin məlumatlarınız var və bu proses bundan sonra da davam etdiriləcək. Azərbaycan Avropa Birliyinin "Şərq Tərəfdaşlığı Qonşuluq Siyasəti"nin üzvüdür və bu, əlaqələrimizin daha da inkişaf etməsinə kömək göstərir. Təbii ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu barədə layihələr mövcuddur və Azərbaycan həmin layihələrin həyata keçirilməsində yaxından iştirak edir".

Əldə olunan uğurlarımızdan geniş bəhs edən Ə.Əhmədov diqqəti ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək bildirdi ki, Azərbaycanın qarşısında bu gün həllini tapa bilməyən ciddi bir problem dayanıb - Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar: "Azərbaycan ərazilərinin 20 faizi işğal olunub və çoxlu sayda Azərbaycan vətəndaşı məcburi köçkün vəziyyətinə düşüb. Bu vəziyyət 20 ildən çoxdur ki, davam edir. Təbii ki, biz belə bir vəziyyətə təkcə iki dövlət və xalq arasında ərazi mübahisəsi kimi yox, həm də böyük humanitar fəlakət kimi baxırıq. Azərbaycanda əhalinin hər 10 nəfərindən biri məcburi köçkündür. Onlar öz yurd-yuvalarını tərk edib və 20 ildir bu vəziyyətdə yaşayırlar. Bu kifayət qədər böyük bir rəqəmdir və təxminən 1 milyona yaxın insan məcburi köçkün və qaçqın vəziyyətindədir. Onların sosial problemlərinin həlli daim dövlətin diqqətindədir. Dövlətimiz qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük miqdarda vəsait ayırmalı olur ki, o vəsaitlər Dağlıq Qarabağ münaqişəsi yaranmasaydı, başqa sosial proqramların həyata keçirilməsinə xərclənə bilərdi. 20 il ərzində əksər dövlətlərin, beynəlxalq təşkilatların təmsilçiləri onların düşdüyü vəziyyətlə tanış olub, ancaq bu problem hələ də öz həllini tapmayıb. Bu günə qədər münaqişənin həlli ilə əlaqədar işğalçı Ermənistana hansısa bir təzyiq göstərilməyib. Baxmayaraq ki, atəşkəs rejimi var, münaqişənin qurbanları artır. Çox təəssüfləndirici hal ondan ibarətdir ki, münaqişə qurbanlarının içərisində uşaqların sayı artmağa başlayıb. Təkcə bu il ərzində erməni snayperi tərəfindən 9 yaşlı azərbaycanlı uşaq qətlə yetirilib. Bir neçə gün bundan əvvəl isə ermənilər tərəfindən çayla axıdılan oyuncaq 13 yaşlı qızın ölümünə səbəb olub. Bütün bunlar Cənubi Qafqazda gərginliyin daha da artmasına gətirib çıxarır. Belə olan halda, hamımızın başlıca məqsədimiz ondar ibarət olmalıdır ki, səylərimizi birləşdirib münaqişənin ədalətli həllinə çalışaq. Azərbaycan cəmiyyətinin bir toplum olaraq bütün beynəlxalq strukturlara və onların rolunun əhəmiyyətinə münasibəti bu problem ətrafında formalaşır. Bu da Dağlıq Qarabağ münaqişəsinə və onun həllinə həmin beynəlxalq təşkilatların yanaşmasıdır".

Görüşdə çıxış edən Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, Avropa Xalq Partiyasının üzvü Pedro Aqramunt göstərilən diqqətə görə təşəkkürünü bildirdi: "Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisiyəm. Amma bura həmməruzəçi kimi gəlməmişəm. Bakıda Avropa Xalq Partiyasının yığıncağı keçiriləcək. Tədbirdə xeyli sayda ölkəni təmsil edən deputatlar iştirak edəcək. Sizinlə görüşdən məmnun olduq və bu görüşə çox böyük əhəmiyyət veririk. Partiyalar arasında əməkdaşlıq əlaqələrinin inkişafı ölkələr arasında münasibətlərə də öz müsbət təsirini göstərir."

Görüş tərəflər arasında maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam etdirildi.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər