Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Yay məktəbi" layihəsi çərçivəsində və 22 iyul Azərbaycan Milli Mətbuatının yaranmasının 136-cı ildönümü münasibəti ilə "Səs" İnformasiya Agentliyi (SİA) və Sestv.az İnternet Televiziyasının təşkilatçılığı ilə Qəbələdə "Qafqaz" oteldə "Azərbaycan gəncliyinin inkişafında müasir medianın rolu" mövzusunda dəyirmi masa keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, millət vəkili Asəf Hacıyev, Qəbələ rayon icra başçısının birinci müavini Abil Ağasəfov, "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin və Sestv.az İnternet Televiziyasının baş direktoru Bəhruz Quliyev, AZTELEKOM İstehsalat Birliyinin baş direktorunun müavini Tahir Məmmədov, Qəbələ rayon mədəniyyət və turizim şöbəsinin müdiri Nargilə Qafarova, Qəbələ rayon gənclər və idman idarəsinin rəisi Fəxri Sultanov, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, Milli.Az xəbər portalının baş redaktoru Anar İmanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akedemiyasının dosenti Vüsal Quliyev iştirak ediblər. Tədbirdə çıxış edən millət vəkili M.Qurbanlı Azərbaycan mediasının ilk dəfə "Əkinçi" qəzeti ilə fəaliyyətə başlamasından danışıb. O, Azərbaycan jurnalistikasının inkişafından söz açıb. Millət vəkili ulu öndər Heydər Əliyevin mediaya olan qayğısından danışıb. YAP İcra katibinin müavini Azərbaycan Prezidenti İlham Əliyevin müasir jurnalistikaya dəstəyini önə çəkərək, dövlət başçısının jurnalistikaya və Azərbaycan jurnalistlərinə xüsusi önəm verdiyini vurğulayıb.
Daha sonra çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev gənclərlə görüş üçün şərait yaratdığına görə YAP-ın rəhbərliyinə minnətdarlığını bildirib. O, bu tədbirin məqsədinin yeni media vasitələrində Azərbaycan gəncliyinin imkanlarını, görülən işlərin təbliğini, medianın gənclərin inkişafında rolunu müzakirə etmək olduğunu deyib. Baş redaktor mətbuatımızın "Əkinçi" qəzeti ilə fəaliyyətə başlamasının, qədim dövlərə təsadüf etməsinə baxmayaraq zaman-zaman dar çərçivədə fəaliyyət göstərdiyini qeyd edib: "Sovet dönəmində mətbuata senzura qoyulmuşdu. Senzura olan yerdə hansı inkişafdan danışmaq olar? AXC-Müsavat hakimiyyəti dövründə mətbuata təzyiqlər olurdu. Hətta canlı efirə hücumlar olurdu, jurnalistləri döyürdülər. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra mətbuatımız sürətlə inkişaf etməyə başladı. Ulu öndərimiz mətbuatın "Azərbaycan" nəşriyyatına olan borcunu dondurdu, senzuranı ləğv etdi. Ümummilli liderin dəstəyi ilə mətbuatımız demokratik və azad fəaliyyət göstərməyə başladı. KİV-in bazası formalaşdı. Daha sonra mediamız daha da çox inkişaf etdi. Mətbuat Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı və hazırda uğurla fəaliyyət göstərir".
Baş redaktor milli mətbuatın həm 130, həm də 135 illiyi ərəfəsində Prezidentin mətbuatın inkişafı üçün sərəncamlar imzaladığını vurğulayıb. B.Quliyev gənclərimizin internetdə, sosial şəbəkələrdə fəal olmalı oduğunu bildirib. O, gənclərin Dağlıq Qarbağ probleminin həlli istiqamətində fəaliyyət göstərməli olduğunu, bu istiqamətdə düzgün təbliğatlar aparmalı olduqıarını qeyd edib.
İnternet jurnalistikasından danışan baş redaktor 2011-ci ildən Sestv.az İnternet Televiziyasının fəaliyyət göstərdiyini, "Səs" İnformasiya Agnetliyinin (sia.az) neçə illərdir uğurla xəbərlər yayımladığını, gənclərin hər zaman bu media oranlarının diqqətində olduğunu vurğulayıb. O, gəncləri bu orqanlarda istədikləri zaman qonaq kimi qəbul etməyə hazır olduqlarını qeyd edib.
Tədbirdə söz alan Vüsal Quliyev belə görüşlərin vacibliyini vurğulayıb. O, YAP-ın üzvü kimi bununla fəxr etdiyini bildirib. Dosent 7 iyul 2011-ci ildə Prezidentin gəncliyimiz haqqında sərəncam imzaladığını xatırladıb: "Bu proqramda Azərbaycan gəncini maraqlandıran bütün sahələr öz əksini tapıb. Bu proqram daha çox sosial yönümlüdür. Proqramda vətənpərvərlik ruhu, Azərbaycan gəncinin Avropaya inteqrasiyası məsələsi öz əksini tapıb. Sərəncamda Dağlıq Qarabağ məsələsinə toxunulub. Azərbaycan gənci bu məsələdə çox aktiv olmalıdır. İnternet resurslarından gənclərimiz daha çox istifadə edir. Bu məsələdə internetin bütün sahələrində, sosial şəbəkələrdə aktiv olmalıdırlar. Bu sahədə dövlətimiz çox böyük işlər görür. Gənclər də bu istiqamətdə fəal olmalıdırlar".
O, gənclərin Azərbaycançılıq ideologiyasının təbliğində də fəaliyyət göstərlməli olduqlarını qeyd edib. Dosent regionlarda olan gənclərlə təmasda olmağın vacibliyini bildirib, bütün görüşlərin Azərbaycanın inkişafına yönəldilməli olduğunu vurğulayıb.
Anar İmanov day.az saytı haqqında məlumat verib: "Day.az rusdilli saytdır. Onun nəzdində ingilis dilli today.az və Azərbaycan dilli Milli.Az portalı yaradılıb. Çalışmışıq ki, istifadəçi üçün səmərəli bir sayt yaradaq. Sosial şəbəkəmiz var. Məqalələrimizi Azərbaycan dövlətçiliyi naminə yazmağa çalışırıq. Qafqazda ermənilər təfindən ən çox sevilməyən sayt day.az-dır. Çünki bu sayt onlara sərf etməyən təbliğatlar aparır. Gənclərimiz internetdə-sosial şəbəkələrdə düşmənlərimizə qarşı təbliğat aparmalıdırlar".
Sevil Yusifova çıxışında tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. O, gənclərimizə baxanda Azərbaycanın gələcəyinin əmin əllərdə olduğunu hiss etdiyini qeyd edib. "Bizim vaxtmızda belə şərait yox idi. Bu gün sizin şanslarınız daha çoxdur", - deyən S.Yusifova gənclərin bundan istifadə etməli olduqlarını bildirib. O, Azərbaycan jurnalsitikasının sürətlə inkişaf etdiyini, medianın formasının dəyişdiyini qeyd edib: "İnternet hazırda yazılı mətbuatı üstələyir. Siz özünüz həm oxucu, həm dinləyici, həm tamaşaçı ola bilərsiniz. Sia.az-da bir xəbəri açıb ona şərh yaza bilərsiniz, onu başqasına göndərə bilərsiniz. Özünüz də bir jurnalist kimi fəaliyyət göstərə bilərsiniz. Bloqlar yarada bilərsiniz. Sosial şəbəkələrdə öz səhifələriniz var. Amma burdan səmərəli istifadə etmək lazımdır. Azərbaycanlı azyaşlı uşaq ermənilər tərəfindən qətlə yetirilib. Ancaq gənclərin sosial şəbəkədə bu istiqamətdə fəaliyyəti azdır. Amma bütün qurumlar buna qarşı tədbirlər keçirdilər".
O, gənclərə Azərbaycanın inkişafında, dövlətçiliyimizin yanında olan saytlardan istifadə etməyi məsləhət görüb.
Daha sonra isə tədbir diskussiyalar şəklində davam etdirilib. Diskusiyalarda gənclər fəal iştirak ediblər. Sosial şəbəkərlərdən istifadə, internet jurnalistikası, televiziya jurnalistikası, jurnalistikanın gəncliyin inkişafınfında rolu və digər mövzular müzakirə olunub.
Elgün Vidadioğlu