İşğalçı və təcavüzkar Ermənistan dövləti dünya ictimaiyyəti qarşısında günahsız insanların, ələlxüsus, uşaqların qanını tökməkdə davam edir. Partlayıcı qurğunun mənbəyini Ermənistan ərazisindən götürən və Əlibəyli kəndindən keçən Tovuz çayında tapılması, bir daha onu təsdiq edir ki, 13 yaşlı azərbaycanlı qızın bu qurğu vasitəsi ilə qətlə yetirilməsi işğalçı dövlətin terroru məqsədyönlü şəkildə həyata keçirdiyi üzə çıxır.
Eləcə də, partlayıcı qurğunun oyuncaq formasında olması, habelə, əvvəlcədən hədəfin uşaqlar olması erməni tərəfinin əsil niyyətinin aşkar göstəricisidir. Ermənistanın xüsusi xidmət orqanlarının Tovuzun 13 yaşlı sakininə qarşı həyata keçirdiyi terror aktı nəinki Azərbaycanda, hətta bütün dünya xalqlarında ciddi rezonansa səbəb olmuşdur. Hadisə ilə bağlı dünyanın nüfuzlu, tanınmış qəzet və televiziyalarında xəbərlər dərc edilmişdir. Xatırladaq ki, 13 yaşlı Aygün Şahmalıyeva oyuncaq hesab elədiyi əşyanı evə gətirmiş və "oyuncaq" balaca qızcığazın əlində partlamışdır.
Qeyd edək ki, ermənilərin azyaşlılara qarşı həyata keçirdiyi bu iyrənc terror aktı ilə bağlı geniş beynəlxalq kampaniyaya start verilib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov vurğulayıb ki, Azərbaycan dövləti ermənilər tərəfindən 13 yaşlı uşağın vəhşicəsinə öldürülməsi ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq: "Bu faktla bağlı bütün beynəlxalq təşkilatlara, sülhyaratma prosesində iştirak edən tərəflərə məlumat verəcəyik və dəfələrlə Ermənistan tərəfinin öz ordu hissələrini "mələk" kimi qələmə verməsi fikrini ifşa edəcəyik".
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyev isə bildirib ki, ermənilərin 13 yaşlı azərbaycanlı uşağı öldürməsi ilə bağlı insident bir daha Ermənistan ordusunun və onun tabeçiliyində olan birləşmələrin Azərbaycan dövlətinə və xalqına qarşı vəhşiliyini nümayiş etdirir: "Döyüş zonasında minalanmış oyuncaqların atılması ilə bağlı belə praktika birmənalı şəkildə mülki əhaliyə, ilk növbədə, uşaqlara qarşı yönəlib. Bu növ hərəkətlər döyüş aparan tərəflərin özlərini aparması qaydalarını tənzimləyən bütün beynəlxalq hüquqi sənədlərlə pislənilir. Baş verən insident bir daha ondan xəbər verir ki, ermənilər üçün beynəlxalq normalar anlayışı yoxdur."
Hadisə ilə bağlı Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova da münasibət bildirib. Tovuz rayonunda baş vermiş bu hadisədən hiddətləndiyini bildirən G.Əhmədova erməni xislətinin bu dəfə də bütün çılpaqlığı ilə nümayiş etdirildiyini söyləyib. Onun sözlərinə görə, bütün dünyada uşaq qatili kimi tanınan erməni terrorçuları dinc dövrdə də öz xain və çirkin əməllərindən əl çəkmirlər: "13 yaşlı qızcığazın xain üsulla öldürülməsi bir daha Ermənistan adlanan terrorçu dövlətin iç üzünü ortaya qoymuş oldu. Bu, birinci fakt deyil. Bundan əvvəllər də bu tip qətllər həyata keçirilib. Yadınızdadırsa, bir müddət bundan öncə erməni snayperinin xain gülləsindən 9 yaşlı Fariz Bədəlov dünyasını dəyişmişdi. Məhz o zaman Azərbaycan dövləti öz haqq səsini bütün dünyada qaldıraraq ermənilərin bu vəhşiliyinə düzgün hüquqi və mənəvi qiymət verilməsini tələb etmişdi. Hətta Bakıda rəsmi səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Bernar Fasye, Robert Bradtke və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik erməni snayperinin qətlə yetirdiyi 9 yaşlı Fariz Bədəlovun ölümü ilə bağlı araşdırmaları davam etdirmək üçün Azərbaycanın Ağdam rayonunun Orta Qərvənd kəndinə yollanaraq, mərhumun ailəsi ilə görüş keçirdilər. Lakin Ermənistan tərəfi öz çirkin siyasətindən əl çəkmir və yenə bütün dünyaya uşaq və körpə qatili olduğunu nümayiş etdirməkdə davam edir".
Millət vəkili, eyni zamanda, Azərbaycanın diaspora fəallarına da müraciət edərək, Azərbaycançılığı özünə məslək seçmiş hər bir şəxsə yaşadığı ölkədə etiraz səsini ucaltmağı xahiş etdi: "Bu işdə xüsusilə analar daha aktiv olmalıdırlar. Belə ki, harada yaşamasından asılı olmayaraq, hər bir uşaq bu cür xain terrorun qurbanı ola bilər".
Millət vəkili Qənirə Paşayeva da Tovuzun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində ermənilərin törətdiyi hadisəyə münasibət bildirərkən deyib ki, beynəlxalq təşkilatlar Ermənistanın uşaqların qətlə yetirilməsi kimi vandalizm aktlarına kəskin reaksiya verməlidirlər: "Biz ermənilərin bu vandalizm aktını beynəlxalq təşkilatların diqqətinə çatdırmalıyıq və çatdıracağıq. Burada, təbii ki, bizim millət vəkilləri ilə bərabər qeyri-hökumət təşkilatlarının və diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Biz Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cür cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə daha geniş şəkildə çatdırmalıyıq. Ermənistanın azyaşlı uşaqlara qarşı törətdiyi bu cür cinayətlər təəssüf ki, getdikcə artır". Q.Paşayeva onu da vurğulayıb ki, ATƏT-in Minsk Qrupu bu cür hərəkətlərin qarşısının alınması istiqamətində Ermənistana təsir və təzyiq mexanizmlərini işə salmalıdır.
R.RƏSULOV