PDF Oxu

Əsas

  • 24

Azərbaycanın ÜTT-yə üzv olması...

Azərbaycanın ÜTT-yə üzv olması...

Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi və dünya iqtisadiyyatına inteqrasiyası baxımından ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olması mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Ticarət Təşkilatının üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli danışıqlara başlamış Azərbaycan ÜTT-yə üzvolma prosesinin ən əsas mərhələsinə daxil olmuşdur. Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov beynəlxalq təşkilat haqqında məlumat verərək bildirdi ki, nüfuzlu təşkilat olan Ümumdünya Ticarət Təşkilatı dünyada ticarət əməliyyatlarının birgə prinsiplər üzərində həyata keçirilməsini təmin edən qurumdur:

- Azərbaycanın bu təşkilata daxil olması prosesi 10 ildən artıqdır ki, davam edir. Bunun da səbəbləri var - ÜTT-yə daxil olmaq bütün ölkələr üçün standart vəziyyət və ya yaxşı perspektiv vəd etməyə də bilər. Bu səbəbdən ekspertlər bu təşkilata bir sıra şərtlər daxilində üzv olmağın zəruruliyini qeyd edirlər. Ümumdünya Ticarət Təşkilatına əlverişli şərtlərlə daxil olmaq üçün ölkəmizin mənafelərinin vahid danışıqlar mövqeyindən qorunmasını, habelə, gələcəkdə bu təşkilata üzvlük çərçivəsində aparılacaq fəaliyyətin səmərəliliyini təmin etmək məqsədilə, ölkə Prezidentinin 2006-cı il 2 avqust tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin bu təşkilatın tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı" təsdiq edilmişdir. Tədbirlər Planında əks olunan normativ hüquqi aktların ümumi sayı 39 olmaqla, 17 qanun, 2 fərman, 19 qərar və 1 Dövlət Proqramından ibarətdir.

- Aydın müəllim, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı işlər nə yerdədir?

- Bu təşkilata üzvlük bizim üçün vacib məsələlərdən biridir. Azərbaycan hökuməti, ölkə Prezidenti, birmənalı şəkildə, ÜTT-yə üzv olmaq istədiyimizi bəyan edib. Amma Azərbaycanın bu təşkilata üzvlüyü tələm-tələsik olmamalıdır. Hazırda İqtisadi İnkişaf Nazirliyi digər qurumlarla birlikdə təşkilata üzvlüklə bağlı ikitərəfli və çoxtərəfli danışıqları davam etdirirlər. Bu danışıqlar prosesində müzakirə olunan məsələlərin həlli heç də asan başa gəlmir. Bilirsiniz, ÜTT-yə üzvlüklə bağlı eyforiyaya qapılmağa ehtiyac yoxdur. Biz düşünməməliyik ki, bu təşkilata üzv olmaqla bütün problemlərimiz həll olunacaq. Biz dəqiq hesablamalıyıq ki, hansı mərhələdə və hansı şərtlərlə bu təşkilata üzv olsaq, bu, bizim xeyirimizə olar. Çünki bizim qarşımızda Moldovanın, Qırğızıstanın acı təcrübəsi var. Onların təcrübəsi göstərdi ki, ÜTT-yə tələm-tələsik daxil olmaq ölkənin milli iqtisadiyyatına ciddi zərbə vurur. Ona görə də biz çalışmalıyıq ki, bütün səviyyələrdə iqtisadiyyatımızın rəqabətə davamlılıq problemini həll edək. Bu məsələni həll etsək, ÜTT-yə daxil olarkən itkilərimiz daha az olar. Bu gün bizim dünya bazarına çıxarılası məhsullarımız hələ azdır. Biz bütün səviyyələrdə çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyəti artsın. Bunun üçün həm texnologiyaların, həm də əməyin təkmilləşdirilməsi tələb olunur. Eyni zamanda, biznesmenlərimizin sosial məsuliyyətləri artmalıdır. ÜTT-yə tələm-tələsik daxil olarıqsa, dirçəlməkdə olan milli iqtisadiyyatımıza böyük zərbə vurmuş olarıq. Ona görə də cənab prezident bütün çıxışlarında iqtisadiyyatın rəqabətə davamlılığının artırılması üçün bütün imkanlardan istifadə edilməsini tələb edir.

- Son vaxtlar ərzaq məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı təkliflər səslənir. İqtisadçı kimi sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

- Mən hesab edirəm ki, biz azad bazar münasibətləri qurduğumuzdan qiymətlərin dövlət tərəfindən tənzimlənməsinə getməməliyik. Qiymətlərin tənzimlənməsi üçün başqa üsullardan istifadə etməliyik. Məsələn, bu gün biz ölkə Prezidentinin Sərəncamı ilə Dövlət Taxıl Fondu yaratmışıq. Bu fondun yaradılması, şübhəsiz ki, bir müddətdən sonra taxıl bazarındakı qiymətlərə öz təsirini göstərəcək. Fondun imkanlarından istifadə etməklə lazım olan vaxtlarda dövriyyəyə əlavə taxıl buraxılacaq. Lazım olan vaxtlarda fonddan bazara taxıl çıxarılması dayandırılacaq. Bundan əlavə, qiymətlərin tənzimlənməsi üçün ən əlverişli metod bazarda rəqabət mühitinin yaradılmasıdır. Normal rəqabət mühiti və şəffaflıq çox problemlərin həllinə müsbət təsir göstərə bilər.


R.HÜSEYNOVA

Digər xəbərlər