PDF Oxu

Əsas

  • 18

Mətbuat cəmiyyətin aparıcı qüvvəsinə çevrilib

Mətbuat cəmiyyətin aparıcı qüvvəsinə çevrilib

SİA-nın və sestv-nin təşkilatçılığı ilə "Azərbaycan gəncliyinin inkişafında müasir medianın rolu" mövzusunda Qəbələ və Oğuzda keçirilən dəyirmi masada gənclərə milli mətbuatın cəmiyyətimizin və dövlətimizin inkişafında rolundan danışılıb. Tədbirdə tanınmış media qurumlarının rəhbərləri, millət vəkilləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, millət vəkili Asəf Hacıyev, Qəbələ rayon icra hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfov, "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin və "Ses" İnternet Televiziyasının baş direktoru Bəhruz Quliyev, Aztelekom İstehsalat Birliyinin baş direktorunun müavini Tahir Məmmədov, Qəbələ rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova, Qəbələ rayon gənclər və idman idarəsinin rəisi Fəxri Sultanov, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, Milli.Az xəbər portalının baş redaktoru Anar İmanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Vüsal Quliyev iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili M.Qurbanlı Azərbaycan mediasının ilk dəfə "Əkinçi" qəzeti ilə fəaliyyətə başlamasından danışıb. O, Azərbaycan jurnalistikasının inkişafından söz açıb. Millət vəkili Ulu Öndər Heydər Əliyevin mediaya olan qayğısından danışıb. YAP İcra katibinin müavini Azərbaycan Prezidenti İlham Əliyevin müasir jurnalistikaya dəstəyini önə çəkərək, dövlət başçısının mediaya və Azərbaycan jurnalistlərinə xüsusi önəm verdiyini vurğulayıb.

Millət vəkili qeyd edib ki, Azərbaycan mediası öz tarixinin bütün dövrlərində tərəqqiyə meyilli, nikbin əhval-ruhiyyədə və cəmiyyətdə avanqard rolu oynayan bir qüvvə olub. Həsən bəy Zərdabinin "Əkinçi"sindən üzübəri mətbuatımız şərəfli və çətin yol keçib.

"Müstəqilliyimizi bərpa etdikdən sonra isə, mətbuatımız yeni prinsiplərlə işləməyə başladı. Lakin keçid dövrünün problemləri, bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində problemlər yaratmışdı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının inkişafına dövlət dəstəyi gücləndi.

Heydər Əliyev başqa sahələrdə çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq məqsədilə dəfələrlə müxtəlif tapşırıq və tövsiyələr verib. Azad sözün inkişafı naminə müxtəlif sərəncamlar imzalayıb və mətbuatın inkişafı üçün münbit şərait yaradıb.

Bunun nəticəsidir ki, neçə-neçə yaşlı jurnalist prezident təqaüdünə təqdim olunub, qəzetlərin nəşriyyata olan borcları dondurulub, həmkarlarımız təltif olunublar".

M.Qurbanlı xatırladıb ki, cənab Prezident Ulu Öndərin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib: "İnkişaf olan yerdə, sözsüz ki, problemlər də var. Lakin milli mətbuatımız inkişaf etmiş Avropa ölkələrindən, demokratik ənənələri yüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır. Ümid edirəm ki, milli mətbuatımızın 135 illiyi münasibətilə jurnalistlərin sosial problemlərinin həlli istiqamətində də müəyyən addımlar atılacaq.


Bəhruz Quliyev: "Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində mediamız daha da inkişaf etdi"

Tədbirdə çıxış edən Bəhruz Quliyev gənclərin internetdən- sosial şəbəkələrdən düzgün istifadə etməli olduğunu bildirib. 1875-ci ildə "Əkinçi" qəzeti ilə mətbuatımızın fəaliyyətə başladığını xatırladan baş redaktor mediamızın ən yüksək inkişaf dövrünün ikinci dəfə müstəqillik əldə etməyimizdən sonra başladığını vurğulayıb: "1988-92-ci illərdə respublikamızda olan xaos və anarxiya mətbuata da sirayət etdi. Canlı efirlərə hücumlar olurdu. Jurnalistləri təhqir edirdilər.

Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra mətbuatımız sürətlə inkişaf etməyə başladı. Xüsusilə, "Səs" qəzetinin tarixindən danışmaq istəyirəm. O dövrdə "Səs" qəzeti tarixi bir missiyanı yerinə yetirib. "Səs" qəzeti 91 ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciətini dərc etdi. Ulu Öndər də "Səs" qəzeti vasitəsilə ziyalılara cavab ünvanladı.

Xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldi. O dövlərdə mətbuatda senzuranın olduğunu xüsusilə qeyd etmək istəyirəm. Ümummilli Liderimizin ən böyük xidmətlərindən biri də mətbuata tətbiq edilən senzuranı ləğv etməsidir. Məhz bundan sonra tam azad və şəffaf mətbuat yarandı.

Ulu Öndərin baş redaktorları dəvət edib, onlarla dəfələrlə mətbuatın problemləri barədə fikir mübadiləsi aparması diqqətçəkən məqamlardandır. Ümummilli Liderimiz mətbuatın problemlərini, maddi durumunun ağır olduğunu nəzərə alıb əvvəlcə qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarını dondurdu və sonradan ləğv etdi.

Daha sonra Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə mediamız daha da inkişaf etdi. Mətbuat Şurası yaradıldı. Prezident mətbuatımızın həm 130, həm də 135 illiyi ilə əlaqədar möhtəşəm Sərəncamlar imzaladı. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Bu qurum bir sıra layihələr həyata keçirir ki, bu layihələr cəmiyyətin, mətbuatın inkişafı üçün çox əhəmiyyətlidir".

Baş redaktor Prezidentin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün maliyyə vəsaiti ayırdığını və media işçilərinin yaxında evlərlə təmin olunacaqlarını qeyd edib. O, gənclərimizin hər birinin bir təbliğatçıya çevrilərək, internetdən düzgün istifadə etməli olduqlarını vurğulayıb. B.Quliyev gənclərin torpaqlarımızın işğal altında olduğunu nəzərə alaraq, sosial şəbəkələrdə bu istiqamətdə işlər aparmalı olduqlarını bildirib. O, müharibə olarsa, gənclərimizin hər birinin ayağa qalxmalı və hər an Vətənin müdafiəsinə hazır olmalı olduqlarını deyib.

İnternet jurnalistikasından danışan baş redaktor 2011-ci ildən "Ses" İnternet Televiziyasının (sestv.az) fəaliyyət göstərdiyini, "Səs" İnformasiya Agentliyinin (sia.az) neçə illərdir uğurla xəbərlər yayımladığını, gənclərin hər zaman bu media orqanlarının diqqətində olduğunu vurğulayıb. O, gəncləri bu orqanlarda istədikləri zaman qonaq kimi qəbul etməyə hazır olduqlarını qeyd edib.


Vüsal Quliyev: "Azərbaycan dövləti gənclərlə bağlı xüsusi Dövlət Proqramı həyata keçirir"

Prezident yanında Dövlət İdarəçilik Akedemiyasının dosenti Vüsal Quliyev belə görüşlərin vacibliyini vurğulayıb. O, YAP-ın üzvü kimi bununla fəxr etdiyini bildirib. Dosent 7 iyul 2011-ci ildə Prezidentin gəncliyimiz haqqında Sərəncam imzaladığını xatırladıb: "Bu proqramda Azərbaycan gəncini maraqlandıran bütün sahələr öz əksini tapıb. Bu proqram daha çox sosial yönümlüdür.

Proqramda vətənpərvərlik ruhu, Azərbaycan gəncinin Avropaya inteqrasiyası məsələsi öz əksini tapıb. Sərəncamda Dağlıq Qarabağ məsələsinə toxunulub. Azərbaycan gənci bu məsələdə çox aktiv olmalıdır. İnternet resurslarından gənclərimiz daha çox istifadə edir. Bu məsələdə internetin bütün sahələrində, sosial şəbəkələrdə aktiv olmalıdırlar. Bu sahədə dövlətimiz çox böyük işlər görür. Gənclər də bu istiqamətdə fəal olmalıdırlar".

O, gənclərin Azərbaycançılıq ideologiyasının təbliğində də fəaliyyət göstərməli olduqlarını qeyd edib. Dosent regionlarda olan gənclərlə təmasda olmağın vacibliyini bildirib, bütün görüşlərin Azərbaycanın inkişafına yönəldilməli olduğunu vurğulayıb.

Vüsal Quliyev Azərbaycanın gənc respublika olduğunu, 20 il ərzində çox işlər görüldüyünü, hələ çox işlər də görülməli olacağını bildirib. Dosent internetdən düzgün istifadə barəsində danışıb: "Azərbaycan gənclərinin çoxu internet istifadəçisidir. İlk növbədə, Azərbaycan gəncləri Dağlıq Qarabağ problemi istiqamətində fəal olmalıdırlar. Bu istiqamətdə müdafiəçi yox, hücumçu olmalıdırlar.

Gənclərə Azərbaycanda çox diqqət ayrılır. Prezidentin imzaladığı gənclər haqqında proqramda onları maraqlandıran hər bir sahə öz əksini tapıb. Burada Azərbaycanın milli maraqlarını, milli dəyərlərini qoruyub saxlamaq üçün də proqramlar var. Bu proqram tam yerinə yetirildikdən sonra biz tamamilə başqa bir gənclik görəcəyik. YAP Gənclər Birliyi də bu proqramda fəal iştirak etməlidir.

Hər bir gənc dövlətin uğurlu siyasətindən xəbərdar olmalıdır. Bunda da internetin rolu böyükdür. Mən "Ses" İnternet Televiziyasını vurğulamaq istəyirəm. Bölgələrdə olan gənclərimiz bu TV-ni açıb baxsalar, onlar özləri də buna oxşar formatda qısa metrajlı xəbərlər hazırlaya bilərlər. Bu, ilk növbədə, bölgələrdə olan gənclərlə paytaxda olan gənclərin təması deməkdir".


Sevil Yusifova: "Bloqlardan, sosial şəbəkələrdəki səhifələrdən səmərəli istifadə etmək lazımdır"

Sevil Yusifova çıxışında tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. O, gənclərimizə baxanda Azərbaycanın gələcəyinin əmin əllərdə olduğunu hiss etdiyini qeyd edib. "Bizim vaxtmızda belə şərait yox idi. Bu gün sizin şanslarınız daha çoxdur",- deyən S.Yusifova gənclərin bundan istifadə etməli olduqlarını bildirib.

O, Azərbaycan jurnalistikasının sürətlə inkişaf etdiyini, medianın formasının dəyişdiyini qeyd edib: "İnternet hazırda yazılı mətbuatı üstələyir. Siz özünüz həm oxucu, həm dinləyici, həm tamaşaçı ola bilərsiniz. Sia.az-da bir xəbəri açıb ona şərh yaza bilərsiniz, onu başqasına göndərə bilərsiniz. Özünüz də bir jurnalist kimi fəaliyyət göstərə bilərsiniz.

Bloqlar yarada bilərsiniz. Sosial şəbəkələrdə öz səhifələriniz var. Amma burdan səmərəli istifadə etmək lazımdır. Azərbaycanlı azyaşlı uşaq ermənilər tərəfindən qətlə yetirilib. Ancaq gənclərin sosial şəbəkədə bu istiqamətdə fəaliyyəti azdır. Amma bütün qurumlar buna qarşı tədbirlər keçirdilər".

O, gənclərə Azərbaycanın inkişafında, dövlətçiliyimizin yanında olan saytlardan istifadə etməyi məsləhət görüb.

Sevil Yusifova gənclərin təşkilatlanması üçün YAP rəhbərliyinin, tədbirdə iştirak edən qonaqların əllərindən gələni etdiklərini qeyd edib: "Prezidentin Sərəncamı da var ki, gənclər gələcəyin kadrları kimi hazırlansınlar. Siz internetin inkişafından yararlanmalısınız.

Xəbərləri oxuyub, başqasına ötürə bilərsiniz, şərhlər yaza bilərsiniz. Keçmişə qayıtsaq, görərik ki, belə imkanlarımız yox idi. Yazılara, xəbərlərə şərh verə bilmirdik. İndi heç gecikmək problemi də yoxdur. Saytı açıb artıq keçmiş xəbərləri də izləyə bilərsiniz. Qadınlarımızı da cəmiyyətdə, ictimai həyatda fəal olmağa çağırıram".


Anar İmanov: "10 il əvvəl medianın vəziyyətinə baxanda, indiki vəziyyətlə fərqi hiss etmək olur"

Çıxış edən Anar İmanov da gənclərlə görüşə görə, təşkilatçılara minnətdarlığını bildirib. O, mətbuatın məqsədinin məlumatlandırmaq və maarifləndirmək olduğunu deyib. Mətbuatımızın gündən-günə daha çox inkişaf etdiyini deyən baş redaktor daha sonra Day.az Media Şirkəti haqqında məlumat verib: "Day.az-ın tərkibində ingilisdilli Today.az, Azərbaycandilli Milli.az portalları və Day.az radiosu fəaliyyət göstərir. Day.az-da sosial şəbəkədən, elektron poçtdan istifadə edə bilərsiniz. Radiomuz 24 saat fəaliyyət göstərir".

Qafqazda ermənilər tərəfindən ən çox sevilməyən sayt day.az-dır. Çünki bu sayt onlara sərf etməyən təbliğatlar aparır. Gənclərimiz internetdə-sosial şəbəkələrdə düşmənlərimizə qarşı təbliğat aparmalıdırlar".

O, mediamızın dünyanın inkişaf tendensiyasını izlədiyini, hazırda Milli.az xəbər portalının xəbərləri hazırlanarkən bütün dünyanın aparıcı saytlarından istifadə olduğunu vurğulayıb. A.İmanov 10 il əvvəl medianın vəziyyətinə baxanda, indiki vəziyyətlə fərqi hiss etmək olduğunu qeyd edib.

Artıq telefonla da medianı izləmək olduğunu xatırladan baş redaktor, hazırda internet mediasının daha çox inkişaf etdiyini deyib: "Daha çox sayt, daha çox rəqabət deməkdir. Azərbaycanda dövlət medianın inkişafı üçün çox qayğı göstərir. Hər il mətbuat günündə media orqanlarına maddi yardımlar olunur, fəxri adlar verilir. Mətbuat dövlət dəstəyindən bəhrələnərək daha çox inkişaf edir, müstəqil bazasını yaradır".

O, gənclərə yol göstərmək lazım olduğunu qeyd edib. Baş redaktor gənclərin media ilə əməkdaşlıq etməli olduqlarını deyib: "Bəzən gənclər deyirlər ki, ermənilər bizim mahnıları oğurlayırlar, siz hara baxırsınız? Bu işlərdə gənclər də bizə yardımçı olmalıdırlar. Dərc olunan yerin linkini göndərməlidirlər və başqa vasitələrlə əməkdaşlıq etməlidirlər.

Biz daha çox gəncləri maraqlandıran məlumatlar dərc etməyə çalışırıq. Tənqid etmək yaxşıdır, ancaq əməkdaşlıq etmək, yardım etmək də lazımdır. Saytda əlaqə üçün telefonlar, elektron poçtlar var. Əlaqə saxlayın, əməkdaşlıq edin".

Daha sonra isə tədbir diskussiyalar şəklində davam etdirilib. Diskussiyalarda yazılı və inetrnet mediası, televiziya jurnalistikası, sosial şəbəkələr, internetdən düzgün istifadə, Dağlıq Qarabağ problemi, Azərbaycan dilinin zənginliyi, informasiya almaq və yaymaq, mətbuat orqanlarının digər mediada reklamı, informasiya texnologiyaları və s. mövzular müzakirə olunub.

Ümumiyyətlə, milli mətbuatın 136 illiyi münasibətilə "Səs" media qrupunun təşkil etdiyi dəyirmi masalar çox effektli olub, gənclərdə mətbuata marağı artırıb. "Səs"in rəhbərliyi belə layihələrin davam etdiriləcəyini bildirir.

Elçin Bayramlı

Digər xəbərlər