PDF Oxu

Əsas

  • 20

“Yay məktəbi”nin dördüncü mərhələsi davam edir

“Yay məktəbi”nin dördüncü mərhələsi davam edir

Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyası həmişə uğurlu layihələrin müəllifi olub. Belə layihələrdən olan "Yay məktəbi" layihəsi uğurla davam etməkdədir. Xatırladaq ki, iyulun 24-dən Oğuz rayonundan start götürən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi"nin dördüncü mərhələsində yeni perspektivləri əks etdirən müxtəlif mövzularda konfranslar və mühazirələr reallaşdırılmışdır. Keçirilən tədbirlərdə paytaxtın, eləcə də, respublikanın müxtəlif rayonlarını təmsil edən YAP Gənclər Birliyi üzvlərinin əksəriyyəti fəal iştirak etməklə yanaşı, hər bir tədbirdə irəli sürülən rəylər və təkliflər maraqlı, məzmunlu debatlarla müşahidə edilir.

Bir daha qeyd edək ki, iyulun 3-dən start götürən "Yay məktəbi" layihəsi respublikanın üç rayonunda - Oğuzda, Qəbələdə və Lerikdə keçirilir.

Layihənin məramı və əsas məqsədi YAP GB üzvlərinin asudə vaxtlarının səmərəli təşkilindən, gənclərin bir-biriləri ilə ünsiyyətinin yaxşılaşdırılmasından, region gəncləri ilə paytaxt gəncləri arasında əlaqələrin möhkələndirilməsindən, onların elmi və intellektual potensialının yüksəldilməsindən ibarətdir. Eləcə də, həmin gənclər arasında, mütəmadi olaraq, onların sağlam həyat tərzinə xidmət edən futbol, voleybol və digər bu kimi yarışlar təşkil edilir. Hələ bu möhtəşəm layihənin rəsmi açılış günündə YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov çıxış edərək, bildirmişdir ki, "Yay məktəbi" layihəsinin davamlı xarakter alması üçün hər il bu cür tədbirlərin keçirilməsi nəzərə alınıb.

"Yay məktəbi" çərçivəsində, iyulun 25-də Oğuzdakı "Afra" otelinin konfrans zalında "Gənclik və müasirlik" mövzusunda dəyirmi masa keçirilib. YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, "Səs" qəzetinin baş redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev və YAP GB-nin sədr müavini Samirə Quliyevanın moderatorluğu ilə keçirilən tədbirdə gənclər müxtəlif maraqlı mövzular ətrafında fikir və təkliflərini bildiriblər.

Tədbiri giriş sözü ilə açan YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev qeyd edib ki, seçilən mövzu geniş bir sahəni - geyimdən tutmuş, həyat tərzimiz, davranış qaydaları, dinə olan münasibət, cəmiyyətə baxış, vətənpərvərlik, milli adət-ənənələrimizin qorunması və s. kimi sahələri əhatə etdiyindən gənclər sərbəst şəkildə öz fikirlərini ifadə edə bilərlər.

"Səs" qəzetinin baş redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev tədbir iştirakçılarına müraciət edərək, onlardan pafoslu çıxışlardan daha çox, sadə dildə, bügünkü reallığa yaxın şəkildə danışmağı xahiş etdi: "Mən istərdim ki, müzakirələrimiz səmimi şəkildə keçsin. Bax, siz fəallar bugünkü gəncliyimizdə hansı keyfiyyətləri görmək istərdiniz? Onların İKT-dən istifadə bacarığı, yaxud xarici dillərə yiyələnmək səviyyəsi necə olmalıdır? Sizcə, belə yay məktəblərinin təşkili gənclərimiz üçün nə dərəcədə faydalıdır?" - deyə Bəhruz Quliyev toplantı iştirakçılarına müraciət etdi.

Azərbaycan Respublikası Gənclər Mərkəzinin icraçı katibi, BDU-nun tələbəsi Riyad Rüstəmli öz çıxışında bildirdi ki, müstəqillik əldə etdikdən sonra, ölkəmiz demokratik inkişaf yoluna qədəm qoydu: "Bu gün Azərbaycanda istənilən vətəndaş, o cümlədən gənclərimiz dini etiqadlarını azad şəkildə icra edirlər. Lakin təəssüflə bildirmək istərdim ki, bəzi arzuolunmaz qüvvələrin mövcudluğu gənclərimizdən yararlanmaq məqsədi ilə müşahidə edilir, müxtəlif dini sektalara cəlb etməyə cəhdlər göstərilir".

R.Rüstəmli onu da əlavə etdi ki, bu kimi səylərə baxmayaraq, müasir gəncliyimiz belə dini cərəyanlara çox da meyil göstərmir, dövlətimizin bu sahədə yürütdüyü siyasəti bəyənir və dəstəkləyirlər: "Dövlət tərəfindən gənclərimizin hərtərəfli inkişafı üçün bütün lazımi şərait yaradılıb. Odur ki, müasir gəncliyimiz də dövlətin bu diqqət və qayğısına öz əməli işi ilə cavab verməyə çalışır. Bu gün Azərbaycan gəncliyi beynəlxalq arenada qələbə çalaraq, Azərbaycanın üçrəngli bayrağını ucaldır, onun şərəfinə dövlət himni səsləndirir. Bundan yaxşı nə ola bilər ki? Bir qədər öncə Azərbaycan gəncləri - Eldar və Nigar "Evrovision" Mahnı Müsabiqəsində qələbə qazandılar, bu qələbə sevincini bütün ölkəyə yaşatdılar. Hamımız sevinmədikmi? Mənə elə gəlir ki, bugünkü gənclərimiz arasında belə fəal insanlar çoxdur. Sadəcə, onları müəyyənləşdirib, bir qədər dəstəkləmək lazımdır ki, öz potensial imkanlarını nümayiş etdirə bilsinlər, ölkəmizin adını ucaltsınlar, nüfuzunu yüksəltsinlər. Bugünkü Azərbaycan gənci daha fəaldır və biz hələ daha çox onların zəfərlərinin şahidi olacağıq. Doğrudur, bəzi gənclərimiz də vardır ki, onlar bir qədər passivdirlər, cəmiyyətlə, ölkəmizin bugünkü inkişaf tempi ilə ayaqlaşa bilmirlər. Biz gənclərin də əsas məqsədi odur ki, onlara düzgün istiqamət verməklə dəstək olaq. Hesab edirəm ki, müasir Azərbaycan gənci ixtisasından, peşəsindən asılı olmayaraq, inkişaf etməyi bacarmalıdır".

Azərbaycan Dillər Universitetinin tələbəsi Könül Yaqubova çıxışı zamanı qeyd etdi ki, istənilən gəncin hansı dinə sitayiş etməsinin, hansı həyat tərzi keçirməsinin, yaxud geyim formasının müasirliklə heç bir əlaqəsi yoxdur: "Müasirlik, hər şeydən əvvəl, sağlam düşüncə deməkdir. Əgər gənclərimiz sağlam düşüncəyə malik olarlarsa, o zaman onların tərbiyəsi də, geyimi də, milli hissləri də yerində olacaq. Onlar yaxşını pisdən tez seçə biləcəklər, həyatda baş verən prosesləri düzgün təhlil edib, onu qiymətləndirməyi bacaracaq, cəmiyyətin inkişafına kifayət qədər töhfələr verəcəklər".

Sonra aparılan müzakirələrdə bir daha öz fikrini bildirən Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev qeyd etdi ki, həqiqətən də, bu gün elə gənclərimiz var ki, onlar bir neçə xarici dil bilir, Avropanın, eləcə də, ABŞ-ın nüfuzlu ali təhsil ocaqlarında təhsil alıblar: "Amma bütün bunlara baxmayaraq, sağlam düşüncə sahibi deyillər və bu insanlarda dövlətçilik təəssübkeşliyi çox aşağı səviyyədədir..."

Hüseyn Paşayev həmin gənclərə üz tutaraq, onları bir qədər də vətənpərvər olmağa dəvət etdi.

Abşeron rayon təhsil şöbəsinin metodisti Çinarə Əliyeva isə öz çıxışında təmsil etdiyi rayonda, həqiqətən də, gənclərin maarifləndirmə işinə böyük ehtiyac duyulduğunu vurğuladı: "Abşeron əhalinin fəallığı baxımından çox rəngarəng bir rayondur. Elə kəndlər var ki, orada əhalinin savadlılıq dərəcəsi bir qədər aşağıdır, dini təsir hələ də çox güclüdür. Buna səbəb isə, keçmiş sovetlər birliyinin dağılmasından sonra, bəzi qüvvələrin Azərbaycanda dini fəallığı artırmasıdır. Onlar əhalini müasirləşməkdən daha çox ifrat dinçi olmağa sövq edirdilər. Məktəblilərlə ünsiyyətdə olduğum üçün prosesdən daha çox xəbərdaram. Elə valideynlər var ki, qızlarını ya məktəbə göndərmir, ya da başıörtülü vəziyyətdə göndərirlər. Oğlan uşaqları isə 9-cu sinfi bitirdikdən sonra, valideynləri onu təhsildən ayırıb, öz mənfəətlərinə hesablanmış işlərə cəlb etdirirlər. Lakin buna baxmayaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar həmin insanlara da müsbət təsir etməkdədir. Artıq bu gün onların fikirləri dəyişməklə yanaşı, həm də müasirləşməkdədir. Həmçinin, hazırda rayon gənclərimizdə vətənpərvərlik hissləri daha çox qabarıq şəkildə özünü nümayiş etdirir. Əvvəllər rayon gəncləri əsgərliyə getməkdən yayınırdılar, qaçırdılar. İndi isə bizim düşmən üstünə açıq gözlə gedə bilən Mübariz İbrahimov kimi neçə-neçə igid oğullarımız var. Onların bu şücaətləri rayon gənclərinə də təsir etməkdədir, onlarda vətənpərvərlik ruhunu yüksəltməkdədir. İndi, demək olar ki, rayonda milli ordu sıralarında xidmətdən yayınan gənc tapmaq çətindir".

O, həmçinin, qeyd etdi ki, müasirliyi heç də yüksək təhsillə eyniləşdirmək doğru deyildir: "Elə gənclərimiz vardır ki, onlar heç yüksək ali təhsilə malik deyillər. Amma öz düşüncə tərzləri ilə digərlərindən fərqlənirlər. Cəmiyyətə faydalı olmağa çalışırlar. Biz bu gün ali təhsili olmayan gənclərimizdən üz döndərə bilmərik. Axı orta məktəbi bitirən gənclərin hamısı ali məktəblərə daxil olmur və olmamalıdırlar da. Axı hamı ali təhsilli olsa, bəs zavod-fabriklərdə, tikintidə, müxtəlif sosial sahələrdə kim işləyəcək? Bizə ali savadlı gənclərlə yanaşı, bacarıqlı əllər də lazımdır. Odur ki, ali təhsili olmayan gəncləri də öz sıralarımıza dəvət etməli, cəmiyyət üçün faydalı işlər görməyə sövq etməliyik".

Mövzu ətrafında çıxış edən moderator Hüseyn Paşayev cəmiyyəti narahat edən problemlərdən birinin də bəzi gənclərimizin öz ana dilinə ögey münasibətlərinin olduğunu qeyd etdi: "Xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti, vətənə qayıtdıqdan sonra, təhsil aldıqları ölkədəki dillə daha çox ünsiyyət qurmağa cəhd edirlər, bu mənfi bir tendensiyadır. Sovetlər dönəmində paytaxt küçələrində, iaşə obyektlərində, park və istirahət mərkəzlərində gənclərimizin əksəriyyətinin ünsiyyət vasitəsi kimi rus dilindən istifadə etdiklərinin şahidi olurduqsa, indi xaricdə təhsil alıb qayıdan gənclərimiz, yeri gəldi-gəlmədi, bir-biriləri ilə yarı-rus, yarı-ingilis, yarı-türk dilində danışırlar. Halbuki illər uzunu Bakıda yaşayan ruslar, eləcə də, digər xalqların nümayəndələri, paytaxtın ticarət obyektlərində, eləcə də, küçədə hər hansı bir şəxslə öz ana dilində müraciət edir və buna həmin dildə də cavab alır".

Hüseyn Paşayev bu əsnada hər bir gənci öz ana dilimizə hörmətlə yanaşmağa, bu dili qorumağa səslədi.

Türkiyədə ali təhsil alan gənc - Elnarə Həsənova məsələyə münasibət bildirərkən qeyd etdi ki, bunun müəyyən obyektiv səbəbləri mövcuddur: "Biz həm oxumağa gedərkən müəyyən müddət adaptasiya keçməli oluruq, həm də təhsilimizi başa vurub, Vətənə qayıdarkən həmin mərhələni keçirik. Əgər əvvəlcə sözləri ana dilimizdən, təhsil aldığımız ölkənin dilinə çevirməyə alışırıqsa, Vətənə dönəndən sonra, bunun əksi baş verir. Təsəvvür edin ki, 5-6 il bu dillə ünsiyyət qurursan, istər-istəməz həmin kəlmələr, ifadələr gənclərin beyninə həkk olur. Odur ki, geri dönəndən sonra beynimizə həkk olan həmin sözlərin ana dilindəki qarşılığını axtarmağa çalışırıq. Kim buna tez nail olur, bəxti gətirir, kim nail olmur, hər iki dildən də olur və cəmiyyətdə qınaq obyektinə çevrilir".

Moderator funksiyasını icra edən Bəhruz Quliyev Elnarə Həsənovanın fikirlərini dəstəkləyərək, müasirliyin heç də ana dilimizdəki arxeoizmlərin, ümumişlək sözlərin unudulması demək olmadığını vurğuladı.

İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktrisası Nurbəniz Əliyeva da öz çıxışında gənclərimizin ana dilinə mükəmməl yiyələnmələri üçün onların çoxlu mütaliə ilə məşğul olmağının vacibliyini bildirdi: "Bəzən elə gənc tamaşaçılarla rastlaşırıq ki, oynanılan rollar onlar üçün maraq kəsb etmir. O, sadəcə, vaxtını hədər keçirmək üçün teatra gedib. Amma bizim sənətin də öz incəlikləri var. Tamaşa boyu gözümüzü tamaşaçıdan çəkmirik, sanki tamaşanı onun üçün oynayırıq. Görürük ki, işə yaradıcı tərzdə yanaşan gənc tamaşaçını ram edə bildik. O, da rahat oturub, sonadək tamaşanı izlədi. Bilirsiniz, bu məsələdə bütün günahları gənclərin üzərinə atmaq da düzgün deyil. Gərək, onları düzgün istiqamətləndirəsən ki, müasir gənc də doğru yolla irəliləsin. Hesab edirəm ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır".

Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunmasına həmişə çox böyük dəyər verdiyini xatırladan moderator Samirə Quliyeva da gənclərimizə müraciət edərək, onları hansı dildə təhsil almalarından asılı olmayaraq, öz doğma dillərinə hörmətlə yanaşmağa səsləyib.

Sonda maraqlı müzakirələrlə davam edən dəyirmi masada belə nəticəyə gəlindi ki, bugünkü Azərbaycan gəncliyində sürətli və faydalı müasirləşmə funksiyası formalaşmaqdadır. Lakin bütün bu tərəqqiyə və inkişafa baxmayaraq, vətənpərvərlik, ana dilimizə hörmət, milli adət-ənənlərimizi, dəyərlərimizi qorumaq kimi yüksək keyfiyyətlərin aşılanması vacibdir, bunun üçün davamlı maarifləndirmə işinə hər zaman ehtiyac vardır.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər