Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşdırılan "Yay məktəbi" layihəsi uğurla davam etdirilməkdədir. Xatırladaq ki, YAP Gənclər Birliyinin təşkil etdiyi layihədə 600-dən çox gənc iştirak edir. Artıq "Yay məktəbi"nin növbəti mərhələsi müvəffəqiyyətlə başa çatmaqdadır. Layihə çərçivəsində iştirakçı gənclərdən ibarət qruplar Lerik, Qəbələ, Şəki və Oğuzda vaxtlarını maraqlı və səmərəli keçiriblər. Bu ərəfədə layihə iştirakçıları tanınmış şəxslərlə, ictimaiyyət nümayəndələri ilə maraqlı görüşlər keçirir, müxtəlif diskussiya və dəyirmi masalarda iştirak edir, sosial şəbəkələrdə "Yay məktəbi" ilə əlaqədar geniş proqramlarla çıxışlar edirlər. Eyni zamanda, "Yay məktəbi" layihəsində iştirak edən gənclərin asudə zamanlarının səmərəli təşkili ilə bağlı bir-birindən maraqlı, müxtəlifliyi ilə seçilən proqramlar hazırlanır, gənclərin istirahətinin daha da maraqlı, mənalı keçməsi üçün Azərbaycanın görməli yerlərinə, dilbər guşələrinə ekskursiyalar, gəzintilər təşkil edilir.
Qeyd edək ki, "Yay məktəbi" layihəsinin növbəti mərhələsində Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmli, YAP GB-nin sədri Seymur Orucov, Oğuz rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər. Gənclər bu dəfə Oğuz rayonunun gəzməli və görməli yerlərinə, yaşıllıq zonalarına ekskursiya etməklə yanaşı, vaxtlarının daha maraqlı keçməsi üçün idman yarışları təşkil ediblər.
Onu da bildirək ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşdırılan "Yay məktəbi" layihəsi öz işini avqustun əvvəllərində başa çatdıracaq. Xatırladaq ki, "Yay məktəbi" layihəsində ölkəmizin bütün bölgələrindən olan gənclər iştirak edir. Mövcud layihə sona çatdıqdan sonra, qış mövsümündə gənclər üçün "Qış məktəbi" layihəsinin reallaşdırılması planlaşdırılır. Artıq bunun üçün müəyyən hazırlıq işlərinə başlanılacaqdır.
R.RƏSULOV