Növbəti il Ermənistan ABŞ-dan daha az miqdarda maliyyə yardımı alacaq. SİA-nın ABŞ Konqresinin xarici əlaqələr komitəsinin saytına istinadən verdiyi məlumata görə, Konqresin xarici maliyyə yardımı üzrə alt komitəsinin qərarına əsasən, 2012-ci ildə Ermənistana 40 milyon dollar ayrılacaq. Qeyd edək ki, bir qədər öncə ermənipərəst konqresmenlər qrupunun hazırladığı ilkin layihədə Yerevana 60 milyon dolların ayrılması təklif olunurdu.
Qarabağdakı terrorçu
rejimə yardım ayrılmadı
Alt komitənin təsdiq etdiyi xarici maliyyə sənədində, ilkin təklifə rəğmən, Dağlıq Qarabağın adı hallanmır. Konqresmen Frenk Pallone başda olmaqla bir sıra konqres üzvləri Dağlıq Qarabağa 10 milyon dollar miqdarında yardım göstərilməsini təklif ediblər. Xatırladaq ki, ötən il ABŞ administrasiyası Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə 10 milyon dollar maliyyə yardımı ayırmışdı.
Xarici maliyyə yardımı üzrə alt komitə Azərbaycan və Ermənistana hərbi sahədə maliyyə yardımının həcmini paritet səviyyədə saxlamağa qərar verib. Alt komitənin iclasında konqresmen Adam Şif Azərbaycanı hərbi maliyyə yardımından məhrum etməyə çağırış edib. Hərbi yardımın həcmi, hələlik, açıqlanmır.
Alt komitənin iclasında çıxış edən natiqlər Ermənistana maliyyə yardımının azaldılmasını hazırda Amerikanın üzləşdiyi maliyyə böhranı təhlükəsi ilə əsaslandırıblar.
Mövcud prosedura görə, xarici yardımlar barədə akt növbəti mərhələdə komitə, sonuncu mərhələdə isə Nümayəndələr Palatası tərəfindən təsdiq olunmalıdır. Bundan sonra sənəd qüvvəyə minmiş olacaq. Komitənin və Nümayəndələr Palatasının qarşıdan gələn iclaslarında Azərbaycana ayıracaq maliyyə yardımı miqdarının məlum olacağı gözlənilir.
Xatırladaq ki, ABŞ Konqresinin Azərbaycanın işğal edilmiş bölgələrindəki terrorçu rejimə yardım ayırması hər dəfə rəsmi Bakının etirazına səbəb olurdu və bununla bağlı Azərbaycan XİN Vaşinqtona dəfələrlə etiraz notası göndərib. Ötən ilin fevral ayında ABŞ Dövlət Departamenti rəsmən bildirdi ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ adında bir qurum tanımır.
Lakin ABŞ-in həyata keçirdiyi siyasət faktiki olaraq terrorçu rejimə dəstək xarakteri daşıyırdı. Bu il isə ABŞ terrorçu rejimə maliyyə yardımı ayırmağın qlobal təhlükəsizlikdən danışmaqla bir araya sığmadığını anlayıb və öz mövqeyini dəyişib.
Azərbaycan dünyadan yalnız ədalət tələb edir
Vaşinqtonda artıq yaxşı anlayırlar ki, regionun əsas problemlərindən biri- Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə yüz minlərlə azərbaycanlının qaçqın və didərgin düşməsi, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnib.
Ümumiyyətlə, bəzi konqresmenlər qeyd edirlər ki, son 5 ildə Azərbaycan ABŞ-ın strateji tərəfdaşı kimi ona daim dəstək verib. Azərbaycan ABŞ-ın İraqdakı və Əfqanıstandakı hərbi qüvvələrinə kömək göstərir. Azərbaycanın geniş qaz resursları ona imkan verir ki, Rusiyadan enerji asılılığına son qoymaqla, Qərbi Avropanın enerji tələbatının şaxələndirilməsi ilə məşğul olsun.
Bir məsələ də vacibdir ki, ABŞ, Türkiyə, Ermənistan və ümumiyyətlə, bütün Cənubi Qafqaz regionu ilə bağlı diplomatik münasibətlərində Azərbaycanın maraqlarını düzgün qiymətləndirməlidir.
Ölkəmizin beynəlxalq sülhə və təhlükəsizliyə töhfələri amerikalı siyasətçilər tərəfindən daim qeyd olunur. Azərbaycan müstəqilliyini qazandıqdan sonra, demək olar ki, bütün regional və beynəlxalq miqyaslı təşkilatlara üzv olub. Azərbaycan əksər beynəlxalq konvensiyalara və digər sənədlərə qoşulub.
Azərbaycan hökuməti 20 il ərzində davam edən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün fundamental hüquqlarının kütləvi şəkildə pozulmasını və bunun insan hüquqlarının ümumi vəziyyətinə mənfi təsirini xüsusilə qeyd etməyi zəruri hesab edir.
Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması nəticəsində Azərbaycan hökuməti bu ərazilərdə öz vətəndaşlarının, o cümlədən, erməni mənşəli vətəndaşlarının hüquqlarını təmin edə bilmədiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Azərbaycan onun yuridiksiyası altında olan bütün şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin davam etdiriləcəyini bir daha təsdiq edir. Eyni zamanda, insan hüquqlarının universal dəyər olduğunu nəzərə alaraq, Azərbaycan hökuməti onların heç bir istisna olmadan istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş bütün dünya ölkələri tərəfindən təmin edilməsi zərurətini xatırladır.
Azərbaycan ABŞ-ın
strateji tərəfdaşı
olduğunu sübut edib
Azərbaycan ABŞ-la strateji tərəfdaşdır, rəsmi Vaşinqtonun beynəlxalq terrorizmlə mübarizəsi, sülh və beynəlxalq əməkdaşlığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin fəal iştirakçısıdır.
Azərbaycanda səfərdə olan ABŞ-ın yüksək vəzifəli rəsmi nümayəndələri, konqresmenlər və digər şəxslər son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, liberallaşma, demokratik islahatlar sahəsində əldə etdiyi uğurları xüsusi qeyd edirlər.
ABŞ həm də bizim böyük iqtisadi tərəfdaşımızdır və ölkəmizdə həyata keçirilən bütün böyük regional layihələrdə fəal iştirak edir. Hər iki ölkə terrordan əziyyət çəkən ölkədir. Azərbaycan BMT, NATO və digər beynəlxalq qurumlar çərçivəsində, həmçinin, ikitərəfli münasibətlərdə ABŞ-ın yanındadır.
Amma nədənsə Azərbaycanın daha uzunmüddətli və daha böyük miqyasda terrora və təcavüzə məruz qalmasına bu ölkədə laqeyd münasibət göstərirlər. Konqresdə Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulduğu, demokartiyanın olmadığı qeyd edilib. Əlbəttə, hansısa nöqsanı, çatışmazlığı göstərmək olar, dərindən analiz edilmədən hazırlanan sənədlər, onu hazırlayan qurumun nüfuzuna xələl gətirir.
Azərbaycan birmənalı olaraq demokratiya, iqtisadi inkişaf, insan hüquq və azadlıqlarına hörmət, hər cür ayrı-seçkiliyin ləğvi, dünya dövlətləri və beynəlxlaq təşkilatlarla normal münasibətlər kimi düzgün prioritetləri özündə birləşdirən bir strategiya ilə inkişaf edir. Bu prosesdə ən çox yardım umulan ölkə də məhz ABŞ-dır.
Amma təəssüflər olsun ki, ABŞ təcavüzkar ölkə ilə, təcavüzə, terrora məruz qalan ölkəyə fərq qoya bilmir. Dövlət və qeyri-hökumət təşkilatları, müxtəlif proqramlar vasitəsilə Ermənistana Azərbaycandan çox yardımlar edir. Sanksiya və yardım məhdudiyyətlərini isə haqqı pozulan tərəfə edir. "907-ci düzəliş"i də belə ədalətsiz münasibətə aid etmək olar.
"Sem əmi"yə
təhlükəli sual
Ümumiyyətlə, ABŞ-ın bir ölkənin ərazisinin işğal etmiş terrorçu dövlətə maliyyə yardımı etməsi beynəlxalq terrora açıq şəkildə yardım etməkdən başqa bir şey deyil. Vaşinqton bunu bütün dünyanın gözü önündə həyata keçirir və sonra da terrorla mübarizədə beynəlxalq birliyin vacibliyindən danışır. Paradoksdur!
Ancaq öz mənafeləri naminə Azərbaycandan əməkdaşlıq və güzəştlər tələb edən Obama hökuməti bir suala cavab verməlidir. Sual belədir: "Cənablar, lütfən səmimi cavab verin, siz terrora qarşısınız, yoxsa bu mövzu ilə spekulyasiya etməklə, dünyanın başını aldaqmaqla məşğulsunuz?".
...Əgər terrora qarşı mübarizə aparır və bütün dövlətlərdən bunu tələb edirsinizsə, o zaman zəhmət olmasa, Azərbaycanın bütün dünya tərəfindən rəsmən tanınmış qanuni ərazilərini zor gücünə işğal etmiş, on minlərlə insana qarşı soyqırımı həyata keçirmiş terrorçu dövlətə maliyyə yardımlarını dayandırın! Ermənistana bütün sahələrdə işğalı davam etdirmək üçün verdiyiniz aktiv dəstəyi dayandırın! Nə olsun ki, erməni lobbisi ABŞ-da müəyyən nüfuza malikdir, ABŞ dövləti, Amerika xalqı üçün Azərbaycan daha önəmli, daha dost ölkədir. Bunu unutmaq olmaz.
Elçin Bayramlı