Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezident Administrasiyası və "The Business Year" iqtisadi jurnalının təşkilatçılığı ilə müstəqilliyimizin 20 illiyinə həsr olunan "The Business Year - Azerbaycan 2011" adlı xüsusi buraxılışının təqdimat mərasimi keçirildi. "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışında Azərbaycanın liderliyini şərtləndirən amillər geniş şərh olundu. Dövlət rəsmilərinin, iş adamlarının, mətbuat nümayəndələrinin, "The Business Year" jurnalının kollektivinin, eyni zamanda, jurnalın Böyük Britaniya təmsilçilərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan jurnalın əməkdaşı Betul Cakaloğlu xüsusi buraxılışın işıq üzü görməsində əsas rol oynayan amilləri diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanın son illərdə iqtisadi artımının sürətinə görə dünyada birinciliyini ələ alması diqqətdən kənarda qala bilməzdi. Bu, düzgün qurulan siyasətin nəticəsidir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öncə tədbir iştirakçılarını jurnalın işıq üzü görməsi münasibətilə təbrik etdi: "Jurnalın 2011-ci il nömrəsinin Azərbaycana həsr olunması, sözün həqiqi mənasında, böyük hadisədir. Postsovet məkanında "The Business Year" jurnalı ilk dəfədir ki, xüsusi nömrəsini Azərbaycana həsr edir. Bu, onun göstəricisidir ki, Azərbaycan 2010-cu ildə dünyanın lider dövləti olmuşdur. Ötən ilin nəticələrinə görə dünyada ən böyük iqtisadi artım ölkəmizə məxsusdur. 2008-ci ildən dünyada başlayan ciddi iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan həmin dövrdən ötən bu müddətdə öz inkişafını davam etdirdi. Ümumi daxili məhsul istehsalı, əhalinin pul gəlirləri, büdcə artıb. 2011-ci ildə dövlət büdcəmiz 20 milyard dollardır. Müqayisə üçün qeyd edək ki, 7 il bundan öncə Azərbaycanın büdcəsi 1,4 milyard dollar idi. 2010-cu ildə Azərbaycan bütün sahələr üzrə dünyada ilin dövləti olmuşdur. Dünyada ilin dövləti olduğuna görə də "The Business Year" jurnalının reaksiyası və rəhbərliyi bu nömrəni Azərbaycana həsr edib".
O da bildirildi ki, jurnalın xüsusi nömrəsinin həsr olunduğu dövlətlər həmin il dünyada ciddi şəkildə biznes imkanlarına malik, sosial, mədəni, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə inkişafa nail olmuş tərəfdaş dövlət kimi qəbul olunur: "Jurnalın tirajı yüz mindir. Çoxtirajlı jurnalın, sözsüz ki, oxucusu da çoxdur və hər yerdə yayılma imkanlarına malikdir. Dövlət başçısı İlham Əliyev jurnalda çox geniş müsahibə ilə çıxış edib. Son beş ildə bu müsahibə ölkə Prezidentinin yazılı mətbuatda ən geniş müsahibəsidir. Bu da, ondan irəli gəlir ki, dövlət başçısı jurnalın fəaliyyətinə yüksək dəyər verir. Jurnalda Azərbaycana dost və qonşu dövlətlərin prezidentləri də çıxış edib. Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin, Gürcüstan prezidenti Mixail Saakaşvilinin, İsveçrənin baş nazirinin müsahibələri dərc edilib. Bu da Azərbaycanın, sözün həqiqi mənasında, artıq qlobal dünyanın tərkib hissəsi olduğunu xarakterizə edir".
Ə.Həsənov bir məqamı xüsusi vurğuladı ki, elə dövlətlər var, onun sosial, iqtisadi, mədəni həyatında baş verən dəyişikliklər yalnız onun özünə aiddir. Dövlət də var ki, onun həyatında baş verən hadisələr bütün dünyaya aid olan proseslər sırasına daxildir: "Azərbaycan məhz o dövlətlərdəndir ki, onun bu gün reallaşdırdığı daxili və xarici siyasət, investisiya siyasəti, turizm siyasəti, ekologiya siyasəti, transmilli enerji siyasəti, nəqliyyat-kommunikasiya siyasəti, enerji təhlükəsizliyi və digər sahələr üzrə siyasəti dünyanın transmilli gündəminə bilavasitə aidiyyatı olan məsələlərdir. Bu baxımdan, bu gün təqdimatına toplaşdığımız "The Businass Year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının işıq üzü görməsi münasibətilə tədbir iştirakçılarını təbrik etməyə haqqımız var. Jurnalda ayrı-ayrı nazirliklərin, komitələrin rəhbərlərinin, iş adamlarının müsahibələri dərc olunub. Hər biri öz sahəsi üzrə Azərbaycanın keçdiyi inkşaf yolunu, bu gün əldə etdiyi uğurları əsaslı şəkildə diqqətə çatdırır. 245 səhifəlik ingilis dilində nəşr olunan bu jurnal Azərbaycan haqqında bir mənbədir. Jurnalın rəhbərliyinə və kollektivinə öz minnətdarlığımı bildirirəm."
İqtisadi inkişaf naziri Şahin Mustafayev jurnalın ölkəmiz haqqında məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətini qeyd etdi. Bildirdi ki, Azərbaycanın gündən-günə qüdrətlənməsi, möhkəmlənməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, bir sözlə, sosial-iqtisadi göstəriciləri dünyanın diqqətindədir. Bundan sonra "The Business Year" jurnalının çoxminli oxucuları ölkəmiz haqqında daha dolğun məlumatlar əldə etmək imkanı qazandılar.
Nazir onu da bildirdi ki, əgər statistikaya nəzər salsaq, son 7 ildə ölkə iqtisadiyyatının 3 dəfə artdığını görərik. Bu, dünyada analoqu olmayan dinamik inkişafdır. Dünya iqtisadiyyatında vəziyyətin gərgin olması fonunda, ötən illərdə olduğu kimi, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuş və ÜDM 5 faiz artmışdır. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Qeyri-neft sektorunun inkişafını təmin edən əsas sahələr qeyri-neft sənayesi, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, qiymətlər, turizm, ekologiya sektorudur. Sənayeləşmə siyasəti davam etdirilmiş, yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla, ötən ildə 60 sənaye müəssisəsinin istifadəyə verilməsi və 80-dən çox sənaye müəssisəsinin tikintisinin davam etdirilməsi, eləcə də, kosmik sənayenin yaradılması və 2012-ci ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılması istiqamətində görülən işlər ölkənin sənaye potensialını genişləndirmiş və qeyri-neft sektorunun davamlı inkişafına zəmin yaratmışdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalın rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, İKT bu jurnalda geniş şəkildə qeyd olunub. İqtisadiyyatın digər sahələri ilə yanaşı, İKT sektorunun da uğurla inkşaf etdiyini bildirən Ə.Abbasov onu da söylədi ki, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İKT-dən əldə ediləcək gəlirlərin neftdən əldə ediləcək gəlirlərə bərabər olacağını bildirdi: "İKT sektoru neft hasilatının indiki səviyyəsindən əldə olunan gəlirlərin səviyyəsinə çatmalıdır. Son 7 ildə hər üç ildən bir İKT sektoru 2 dəfə genişlənir. Jurnalda bu uğurlarımız geniş şəkildə qeyd edilir. Jurnalda diqqəti çəkən məqamlardan biri də son illər Azərbaycanın iqtisadi, siyasi, mədəni sahələrdə dünyaya geniş qapı açmasının daha dolğun şəkildə şərh olunmasıdır".
"The Business Year" jurnalının Böyük Britaniyada təmsilçisi Jasan Nash Azərbaycanın regionda və dünyada artan iqtisadi mövqeyini faktlar əsasında diqqətə çatdırdı. Bildirdi ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması həm Azərbaycanın, həm də bu gün dünya dövlətlərinin iqtisadi inkişafına öz müsbət təsirini göstərir. Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik olması, ölkəmizin beynəlxalq əhəmiyyətli enerji layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsünə çevrilməsinin bugünkü uğurlarda xüsusi rolu önə çəkildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin, "AtaHoldinq" ASC-nin İdarə Heyətinin sədri Fərid Əsədovun çıxışlarında belə bir fikir səsləndi ki, möhkəm təmələ əsaslanan siyasət daim ölkəni inkişafa, tərəqqiyə aparır. Bu gün "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışı da həyata keçirilən siyasətə verilən yüksək dəyər, Azərbaycanın uğurlu gələcəyinə inamın təsdiqidir.
Daha sonra jurnalın nümayəndələri tədbir iştirakçılarına nəşri təqdim etdilər.
RƏFİQƏ KAMALQIZI