PDF Oxu

Əsas

  • 32

Gənclərə göstərilən növbəti dövlət qayğısı

Gənclərə göstərilən növbəti dövlət qayğısı

Azərbaycanda bütün sahələrdə olmaqla yanaşı, gənclərə göstərilən dövlət qayğısı da əhəmiyyətli amil kimi önə sürülmüşdür. İstər yay aylarında, istərsə də ilin müxtəlif fəsillərində respublika gəncləri və yeniyetmələri müxtəlif xoşməramlı layihələrdən faydalanırlar. Bu baxımdan, hər il olduğu kimi, bu il də Səbail rayon gəncləri və yeniyetmələri rayon icra hakimiyyəti tərəfindən Qubaya yay istirahətinə göndərildilər.

Dünən məktəblilərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili ilə bağlı Səbail rayon icra hakimiyyətinin təşəbbüsü, Quba rayon icra hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim Şirkətinin birgə layihəsi əsasında təşkil olunan rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə fərqlənən şagirdlər, həmçinin, "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan, ümumilikdə, 200 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialın bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, artıq ənənəvi olan və 6-cı dəfə keçirilən "Şahinlər" yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirildi. İlk öncə gənc "Şahinlər" Heydər Əliyev Sarayının qarşısındakı parkda ucaldılan Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə çiçək dəstələri düzdülər.

Sonra "Sahil bağı"nda Daxili Qoşunların hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra tədbiri Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov açaraq, görüş iştirakçılarına ölkə Prezidenti İlham Əliyevin yeniyetmə və gənclərimizə göstərilən dövlət qayğısından, həmçinin, gənclərin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbəti, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində görülən işlərdən danışdı. Rayon rəhbəri bu istiqamətdə Səbail rayonunda da böyük işlərin və uğurlu layihələrin həyata keçirildiyi barədə məlumat verdi. A.Əsgərov düşərgənin fəaliyyətinin Səbail RİH və layihədə iştirak edən təşkilatçıların həmişə diqqət mərkəzində olacağını vurğuladı.

Tədbirdə o da bildirildi ki, Bakıdan gedən uşaqlara Qubadakı düşərgədə rayonun Zərdabi adına Xüsusi İnternat Məktəbin şagirdləri də qoşulacaqdır. Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq, Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilmiş, bir neçə gün əvvəl istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirilərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilmişdir. Həmçinin, uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası hazırlanmış, həmçinin, milli qəhrəman Mübariz İbrahimova və "Şahinlər" düşərgəsinin əvvəlki illərinə həsr olunmuş stendlər quraşdırılmışdır. Eyni zamanda, o da vurğulandı ki, bu il düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar: "Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. Düşərgədə uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcəkdir. Düşərgənin mühafizəsi və burada təhlükəsizlik məsələləri də Daxili Qoşunlar tərəfindən həyata keçiriləcəkdir. Məktəblilərə vətənimizin, xalqımızın tarixindən, ordu həyatından bəhs edən müxtəlif mövzularda məşğələlər keçiriləcək, hərbçilərin iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimlərinin də təşkil olunması planlaşdırılıbdır".

Tədbirin sonunda Səbail rayon icra hakimiyyətinin başçısı gənclərə xoş istirahət arzuladı.

Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara minərək, Qubaya yola düşdülər.


R.HÜSEYNOVA

Digər xəbərlər