PDF Oxu

Əsas

  • 29

“Kaspi” qəzetinin 130 illiyi çərçivəsində yeni nəşr olunan kitabların təqdimatı keçirildi

“Kaspi” qəzetinin 130 illiyi çərçivəsində yeni nəşr olunan kitabların təqdimatı keçirildi

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti 130 illik yubileyi çərçivəsində yeni nəşr etdiyi kitabların təqdimat mərasimini keçirdi. Yeni nəşrlər qəzetin vətənpərvərlik mövzusunda milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi müsabiqənin materiallarından ibarət "Mübariz yol" və tədqiqatçı Nəsiman Yaqublunun müəllifi olduğu "Kaspi" qəzetinin yaranması və fəaliyyəti" adlı kitablardan ibarətdir. Tədbirdə qəzetin təsisçisi şairə, publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, qəzet redaktorları, mətbuat işçiləri və digər media nümayəndələri iştirak etdilər.

Tədbirdə nəşrlərin ideya müəllifi, "Kaspi"nin rəhbəri Sona Vəliyeva çıxış edərək "Mübariz yol" kitabı barədə bildirdi ki, burada müsabiqəyə təqdim olunmuş yazılar arasında daha çox azərbaycançılıq, vətənpərvərlik ideyalarını aşılayan yazılar dərc olunub. S.Vəliyeva onu da söylədi ki, indiki dövrdə bu kimi mövzulara daha çox müraciət olunmasına böyük ehtiyac var: "Burada məqsəd Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan, ümumiyyətlə, vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılan əsərlərdən ibarət müsabiqənin keçirilməsi idi. Müsabiqədə 1, 2, 3-cü yerlərin qalibi üzrə mükafatlar və pul mükafatları təyin edilmişdi. Şəxsən mən gözləyirdim ki, müsabiqəyə 50-60 yazı təqdim edilə bilər. Bu gün azərbaycançılıq, vətənpərvərlik ideyası hər bir Azərbaycan jurnalistinin başlıca prinsipi olmalıdır və biz bu müsabiqənin keçirilməsində də bunu əsas götürmüşdük".

"Kaspi" qəzetinin yaranması və fəaliyyəti" adlı nəşrdən söz açan S.Vəliyeva onu da vurğuladı ki, bu qəzetin 130 yaşının tamam olması ərəfəsində tədqiqatçının ərsəyə gətirdiyi maraqlı bir monoqrafiyadır. O bildirdi ki, kitabda bu ilin oktyabr ayında 130 yaşı tamam olacaq qəzet barədə maraqlı materiallar toplanıb: "Müəllifin tədqiqatı da göstərir ki, ilk yaranışdan "Kaspi"nin əsas prinsipi Azərbaycan xalqında milli ruhun oyanması, əhalinin maariflənməsi və sair kimi meyarlar olub. O dövrdə çar Rusiyasının senzura qılıncı altında qəzetə sahiblik edən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, baş redaktor Əlimərdan bəy Topçubaşovun və yaradıcı kollektivin məşəqqətli səyi nəticəsində qəzet bu istiqamətdə fəaliyyətini davam etdirə bilib. Bu, "Kaspi"nin o dövrkü kollektivinin misilsiz fədakarlığından xəbər verir. Bununla "Kaspi" Azərbaycanda milli-demokratik ruhun yaranmasında əsaslı rol oynamış olub".

S.Vəliyeva söylədi ki, Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra 1919-cu ildə fəaliyyətini dayandıran "Kaspi" ölkə müstəqillik əldə etdikdən sonra 1999-cu ildə qəzet fəaliyyətini yenidən bərpa etməklə öz missiyasını davam etdirir.

Tədbirdə "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli qəzetin yeni nəşrlərinin təqdimat mərasimində 2011-ci ilin jurnalistlərin də həyatında zəngin il olduğunu diqqətə çatdırdı: "Bu il dövlət müstəqilliyimizin bərpa edilməsinin 20 illiyi tamam olur. Bu 20 ildə hər kəs özünə hesabat verir. Müstəqillik dövrümüz haqqında müxtəlif fikirlər səslənir".

N.Məmmədli, eyni zamanda, mətbuat işçiləri üçün də bir sıra hadisələrlə diqqəti cəlb etdiyini bildirdi. "Eyni zamanda, bu il "Səs" qəzetinin 20 illiyi, mətbuatımızın 136 illiyi qeyd olundu. Həmçinin, "Kaspi" qəzetinin 130 illik yubileyidir. Təvazökarlıqdan uzaq da olsa, Azərbaycan mətbuat tarixində bu ənənəni yaşadan çox az qəzetlər var və bəlkə də yox dərəcəsindədir. 1881-ci ildən "Kaspi" qəzeti nəşr olunur və çarizmin senzurasına baxmayaraq, fasiləsiz 38 il nəşr olunub. Təxminən 30 ilə yaxın gündəlik nəşr olunub. Rusiya müsəlmanları və Şərq dünyasının əsas aparıcı informasiya vasitələrindən biri olub. 1891-ci ildə "Kəşkül" qəzeti bağlanandan sonra təxminən 10 il ərzində "Kaspi" qəzeti yeganə informasiya qaynağı kimi çıxış edib".

N.Məmmədli onu da bildirdi ki, qəzetin 130 illik yubileyi çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

"Kaspi" qəzetinin yaranması və fəaliyyəti" adlı nəşrin müəllifi, tədqiqatçı Nəsiman Yaqublu kitabın ərsəyə gəlməsində ona dəstək göstərənlərə minnətdarlıq edərək, bildirdi ki, qəzet o dövrdə Azərbaycan dilində nəşr olunan ilk qəzetdir. Tədqiqatçı mərasim iştirakçılarına "Kaspi" ilə bağlı arxivlərdə əldə etdiyi maraqlı tarixi sənədləri nümayiş etdirdi: "Tədqiqatlar göstərir ki, qəzet o dövrdə Azərbaycan mətbuatında təşkilatlanmanın əsasını qoyub".

Mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək vurğuladı ki, "Kaspi" hər zaman baş verən hadisələrin oxuculara çatdırılmasında orta xətt tutan qəzet olub: "Son illər qəzetin fəaliyyətində əvvəlki illərlə müqayisədə müsbət dəyişikliklər hiss olunur".

Vüqar Səfərli "Kaspi" qəzetinin KİVDF ilə birgə həyata keçirdiyi layihələrdən söz açdı: "Kaspi" qəzeti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi üçün şeir və hekayə müsabiqəsi keçirib. Müsabiqəyə vətənpərvərlik mövzusunda şeir, nəsr və publisistik əsərlər daxil olub. Müsabiqədə təqdim olunmuş ən yaxşı yazılar kitab şəklində nəşr olunub. Belə bir kitabın çap edilməsi təqdirəlayiq haldır".

Tədbirdə filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, yazıçı Yusif Kərimov, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və digər şəxslər də öz çıxışlarında "Kaspi" qəzetinin keçdiyi tarixi yol haqqında danışdılar, qəzetin 130 illik fəaliyyətini müsbət qiymətləndirdilər.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər