PDF Oxu

Əsas

  • 37

Hüseyn Cavidin ev muzeyi -30

Hüseyn Cavidin ev muzeyi -30

30 il öncə muxtar respublikamızdakı mədəniyyət ocaqlarının sırasına daha bir müqəddəs ocaq əlavə olundu. Bu Cavid əfəndinin ev muzeyi oldu. Hələ otuzuncu illərin əvvəllərində Cavidin adı dilində əzbər olanların, müxtəlif rəsmi və qeyri-rəsmi məclislərdə onun yaradıcılığını göylərə qaldıran və şəninə ağızdolusu tərif deyənlərin bəziləri 1937-1956-cı illər arası (və hətta Turan Cavidin təbirincə desək, Cavidin ikinci bəraətinə -1981-ci ilə qədər) dahi sənətkar haqqında olmazın hədyanlar, böhtanlar, iftiralar söyləməkdən və yazmaqdan belə utanmırdılar.

Həqiqətən də, Ulu Öndər Heydər Əliyevin imzası ilə 1981-ci ilin iyul ayının 21-də Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında verilən qərar ulu Cavidin ikinci əsil bəraət sənədi olmuşdur. Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyevin başçılığı ilə hazırlanmış bu qərarda nəzərdə tutulan bir çox işlərlə yanaşı, H.Cavidin Bakı və Naxçıvan şəhərlərində ev muzeylərinin yaradılması xüsusilə qeyd edilir. Lakin burada qeyd etmək yerinə düşər ki, belə bir ev muzeyinin Naxçıvanda yaradılması Azərbaycan KP MK-nın 1980-ci il 25 dekabr tarixli qərarı və Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 13 fevral tarixli müvafiq Sərəncamı mövcud idi. Buna əsasən də, demək olar ki, 1981-ci il aprel ayından Hüseyn Cavidin ev muzeyinin təşkil olunma işinə başlanmış, respublikada onun ədəbi irsini bir daha geniş səpkidə öyrənmək və xatirəsini əbədiləşdirmək üçün həmin qərar və müxtəlif sənədlərdə bir sıra işlərin görülməsi nəzərdə tutulmuşdur.

Nəhayət, 1980-ci ilin axırları və 1981-ci ilin əvvəllərində H.Cavidin 1919-cu ilədək fasilələrlə yaşadığı Naxçıvan şəhərinin qədim Əlixan məhəlləsində, bazar çayının kənarındakı evdə təmir işləri aparılaraq ədibin ev muzeyinin təşkili işinə başlanıldı.

Muzey ekspozisiyasının mövzu-tematik planı Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun əməkdaşı, teatrşünas Tamilla Təhmasibə həvalə olunduğu muzey ekspozisiyasının bədii tərtibatı isə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən "Muzeylərin və sərgilərin bədii tərtibatı və layihələşdirilməsi" emalatxanası tərəfindən icra olundu.

Muzeyin yaradılması ərəfəsində şairin qızı, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Turan Cavidin çox böyük köməyi olmuşdur. O, həm muzey otaqlarının qurulması və tərtibatında dəyərli məsləhətlər vermiş, həm də Cavidin əsərlərinin ilk nəşrlərini: "Keçmiş günlər", "Şeyda", "İblis", "Topal Teymur", "Uçurum", 100-ə yaxın foto şəkillər, sənədlər və xatirə əşyalarını muzeyə hədiyyə etmişdir.

Muzey ekspozisiyasında tərtibat işləri aparılan ərəfədə muzeyin əməkdaşları görkəmli cavidşünas alimlər və tədqiqatçılar, vaxtilə Cavidlə görüşmüş, onu yaxından tanıyan, onu tələbəsi olmuş adamlarla, respublikamızın bütün şəhərlərində olan teatrlarla, arxivlərlə və hətta respublikamızdan kənarda yaşayan Cavidsevərlərlə əlaqələr saxlamış müxtəlif sənədlər, fotoşəkillər, qəzet və jurnal materialları, kitablar, xatirələr əldə etməyə çalışmışlar. Ev muzeyə ilk hədiyyəni məktubumuza cavab olaraq 1983-cü ilin iyun ayında Moskva şəhərindən Cavid əfəndinin yaxın dostu olmuş, görkəmli ədəbiyyatşünas alim Əziz Şərif göndərmişdir. Görkəmli alim göndərdiyi bağlamanın içərisinə məktub da qoymuşdur.

Məktubda yazır ki, "... Məndə qalan bircə bu dəftərdir ki, vaxtilə mən Cavidin atama yazdığı məktubların surətini oraya köçürmüşəm. Bu dəftər mənim üçün nə qədər qiymətli olsa da, onu unudulmaz dostum və böyük qardaşımın ev muzeyinə göndərməyi mümkün bildim". Əziz Şərif həmin dəftərlə bərabər 1977-ci ildə çapdan çıxmış "Keçmiş günlərdən" kitabını da avtoqrafla muzeyə göndərmişdir.

Muzeyimizə verilmiş ən qiymətli hədiyyələrdən birini də vaxtilə Cavidin tələbəsi olmuş, Cavidlə qonşu olmuş professor Əli Sultanlının bacısı Bətulə xanım təqdim etmişdir. Bətulə xanım Cavid əfəndinin ona avtoqrafla hədiyyə etdiyi 1924-cü ildə nəşr olunmuş "İblis" əsərini böyük məhəbbətlə ev muzeyə təqdim etmişdir.

Həmin ərəfədə akademik Məmmədcəfər Cəfərova, professor Abbas Zamanova, Yaşar Qarayevə, görkəmli jurnalist, tədqiqatçı Qulam Məmmədliyə, SSRİ xalq artisti, professor Mehdi Məmmədova, cavidşünas Zahid Əkbərova, Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Ələsgər Şərifova, Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinə, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivinə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına və hətta Gürcüstan, Türkmənistan və Özbəkistan dövlət arxivlərinə məktublarla müraciət olundu və muzey ekspozisiyası qurulduğu vaxt Cavidlə bağlı müəyyən qədər sənəd, fotoşəkil, qəzet və jurnal materialları, kitablar əldə olundu ki, bunlar hamısı muzey ekspozisiyasında öz layiqli yerini tutdu.

1984-cü ilin iyun ayının 9-da Hüseyn Cavidin 100 illiyinin keçirildiyi günlərdə muzeyin rəsmi açılışı oldu.

Muzeyin açılışında Hüseyn Cavidin 100 illiyinin keçirilməsində iştirak etməyə gəlmiş, Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Mirzə İbrahimov, xalq yazıçısı Hüseyn Abbaszadə, görkəmli ədəbiyyatşünas-tənqidçi Qulu Xəlilov, akademik Bəkir Nəbiyev, xalq artisti Vera Şirye, əməkdar artistlər Hamlet Xanızadə, Əminə Yusifqızı və Hicran Mehbalıyeva, həmçinin, qonşu respublikalardan gəlmiş qonaqlar: Özbəkistan SSR-nin xalq yazıçısı Səid Əhməd, Ukraynanın xalq artisti Anna Nikolaya, Litva SSR-dən gəlmiş yazıçı Pronas Raşşyus, Gürcüstan SSR-dən Roman Miminoşvili və Süleyman Süleymanov və başqaları iştirak etmişlər. Muzeyin açılışında Naxçıvan aktyorlarının iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya göstərilmişdir.

2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin diqqət və qayğısı ilə ev muzeydə əsaslı təmir və bərpa işləri aparılmış, muzeyin binası öz əvvəlki görkəminə qaytarılmış, muzeyin maddi-texniki bazası gücləndirilmişdir. Bu dəfə muzey ekspozisiyası əvvəlkindən fərqli olaraq Cavid əfəndinin yaşadığı dövrdə necə var idisə o cür qurulmuşdur.

Fəaliyyətə başladığı 1981-ci ildən bu yana muzeyin fonduna 8000-dən artıq eksponat toplanmışdır ki, bunların içərisində Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, sənədlər, xatirə əşyaları, təsviri sənət və heykəltaraşlıq nümunələri, əsərlərinin ilk nəşrləri, üzərində qardaşı qızı Rəna Rasizadəyə avtoqrafla hədiyyə etdiyi 1934-cü ildə nəşr olunmuş "Səyavuş" əsəri, Turan Cavid tərəfindən son vaxtlar hədiyyə olunmuş "Knyaz" əsərinin əlyazması, atasının pensnesi (gözlüyü) yazı dəsti, Ərtoğrol Cavidin hərbi xidmət illərində 1942-ci ilin 28 fevralından başlayaraq 1943-cü ilin 7 oktyabr tarixinə kimi Abxaziyadan, Tbilisi hospitalından və Naxçıvandan Bakıya anası Müşkinaz Cavidə və bacısı Turan Cavidə yazdığı 71 ədəd məktubu, Turan Cavidə məxsus xatirə əşyaları və H.Cavidin ev muzeyi ilə uzun illərlə çox yaxından əməkdaşlıq edən tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin bağışladığı içərisində H.Cavid haqqında yazılar və şəkillər verilmiş və bir neçəsindən ədibin "Afət" pyesi ilk dəfə olaraq hissə-hissə çap olunmuş 1926-cı ilə aid 6 ədəd "maarif və mədəniyyət" jurnalını, xalq yazıçısı Hüseyn İbrahimovun 3 cildlik "Seçilmiş əsərləri" (Böhtan romanı həmin cildlərə daxil edilib), Akademik İsa Həbibbəylinin "XX əsrin əvvəlləri Azərbaycan yazıçıları", Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Hüseynovun "Əbədi Cavid", professor Kamran Əliyevin "Hüseyn Cavid: həyat və yaradıcılığı", professor Cəlal Qasımovun "Cavidi məhbəsə aparan yol", filologiya elmləri doktoru Hüseyn Həşimlinin "Azərbaycan poeziyasında sonet və terset", filologiya elmləri üzrə fəlsəfə doktoru İsgəndər Atillanın "Əsrin şairi" I-II-III-IV- hissələr və "İnsan ömrü bir dalğa kimi", filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlının "Ərtoğrul Cavid, yaxud bir ailənin dramı", pedoqoji elmlər namizədi Yusif Aslanovun "Cavidin söz dünyası" və şair Əbülfəz Naxçıvanlının "Tale burulğanı" əsərlərini xüsusi qeyd etmək olar.

Yarandığı gündən indiyədək "Hüseyn Cavid və teatr", "Hüseyn Cavid və Naxçıvan teatrı", "Hüseyn Cavidin dramaturgiyası", "Hüseyn Cavid-100", "Hüseyn Cavid-110", "Hüseyn Cavid-120", "Hüseyn Cavid-125", "Hüseyn Cavidin ev muzeyi-30" adlı səyyar sərgilər təşkil olunmuş və Muxtar Respublikanın mədəni-maarif müəssisələrində nümayiş olunmuşdur.

Ev muzeyi tərəfindən respublikadan kənar yerlərdə də sərgilər təşkil olunmuşdur. Belə ki, 1990-cı ildə Belarusun paytaxtı Minsk şəhərində Yakub Kolasın ev muzeyində "H.Cavidin dramaturgiyası" və 2007-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində "İstanbul" Universitetində, "Yeddi təpə" Universitetində, "Hoca Ahmet Yasevi" vakfında, "Kazım Qarabəkir" vakfında "H.Cavid-125" adlı sərgi nümayiş etdirilmiş və mükafatlandırılmışdır. Ev muzeyi Cavid sənəti pərəstişkarlarının bir növ yaradıcılıq və tədqiqat mərkəzinə çevrilmişdir. Yerli ziyalılar, alimlər, şairlər və ümumiyyətlə, bütün Cavid sənəti pərəstişkarları muzeylə daim əlaqə saxlayaraq öz köməkliklərini əsirgəmirlər. Yazıçı-publisist Əbülfəz Əsgərli Naxçıvan Dövlət Universitetinin müəllimləri filologiya elmləri namizədi, şair Xanəli Kərimli, pedaqoji elmləri namizədi Kamal Camallı, AMEA-nın Naxçıvan bölməsinin əməkdaşları filologiya elmləri namizədi Fərqanə Kazımova, Musa Quliyev, Fariz Yunislinin xidmətlərini xüsusi qeyd etmək olar.

Muzey əməkdaşları Cavid sənətinin, onun həyat və yaradıcılığının tədqiqi işini həmişə ön planda saxlayırlar. Belə ki, "H.Cavid əsərlərinin səhnə tarixi", "H.Cavid əsərlərinin nəşri tarixi" və "Cavid obrazı milli təsviri və tətbiqi sənətimizdə" adlı kataloqlar tərtib olunmuş və həmin kataloqlar üzrə yaradıcılıq işləri davam etdirilir.

Düz 30 ildir ki, bu müqəddəs ocaq qonaqsız-qarasız olmur. Qapılarını bütün Cavidsevərlərə açır. Cavid ruhu ilə onları qonaq edir. Cavidlə bağlı bilgiləri zənginləşdirir. Bu muzey kimləri qonaq etmədi, kimləri ağırlayıb əzizləmədi. Azərbaycan ədəbiyyatının korifeyləri, hətta dünyanın bir çox ölkələrindən: Türkiyədən, İran İslam Respublikasından, Uzaq Sibirdən, Moskvadan, Pribaltika ölkələrindən, Orta Asiyadan, Gürcüstandan, Moldavadan, Bolqarıstandan, Birləşmiş Ərəb Əmirliklərindən, Hindistandan, Yaponiyadan, Koreyadan, Amerika Birləşmiş Ştatlarından, Böyük Britaniyadan, Fransadan, İtaliyadan, İspaniyadan gələnlər bu ocağın qonağı olmuş, Cavid və onun ocağı ilə bağlı qiymətli fikirlər söyləmişlər.


Bəhruz AXUNDOV,

H.Cavidin ev muzeyinin direktoru

Digər xəbərlər