"Bakıda İstiqlal Muzeyinin tikintisi ilə bağlı dövlət başçısının sərəncamı yüksək dəyərə malikdir. Bu qərar xalqımızın istiqlal tarixinə olan münasibətinin ifadəsidir". Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.
Y.Mahmudov bildirib ki, Azərbaycan xalqının istiqlal tarixinin öyrənilməsi istiqamətində alimlərimiz tərəfindən indiyə qədər bir sıra vacib araşdırmalar aparılıb, dəyərli tədqiqat əsərləri nəşr olunub. Bütün bunlar isə dövlətimizin dəstəyi ilə reallaşıb.
"Ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan tarixini, xüsusilə istiqlal tariximizin dərindən öyrənilməsi ilə bağlı alimlərimizə tövsiyələr verirdi. Ulu öndərimiz bu yöndə tarixi əhəmiyyətli sərəncamlar verib. Bu gün cənab Prezident İlham Əliyev də bu yolu uğurla davam etdirərək tariximizin öyrənilməsi istiqamətində ciddi qərarlar verir. İstiqlal Muzeyinin tikintisi ilə bağlı Prezident Sərəncamı da bu baxımdan xüsusi önəm daşıyır. Hesab edirəm ki, bu muzey xalqımızın istiqlal mübarizəsinə dair zəngin tarixi və elmi mənbə olacaq"- deyə o vurğulayıb