(II məqalə)
Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev aqrar siyasəti dərinləşdirməklə ölkəmizin bu sahədə yeni inkişaf mərhələsinə çatmasına səbəb olub. Dövlət başçısı aqrar sahəni ölkə iqtisadiyyatının əsas prioritetlərindən biri olduğunu qeyd edərək bu bölməyə dövlətin xüsusi diqqət ayırdığını bildirib: "Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatının inkişafı hesabına həm işsizliyin aradan qaldırılmasına nail olacağıq, həm yerli istehsalın inkişafını təmin edəcəyik və həm də ölkə iqtisadiyyatı daha da dayanıqlı olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin təxminən 50 faizi kəndlərdə yaşayır, bu, böyük sosial məsələdir. Ona görə, növbəti illərdə əlbəttə ki, dövlət investisiya proqramında bütün bu məsələlər nəzərdə tutulacaqdır. Növbəti illərdə kəndlərin inkişafına daha da böyük diqqət göstərilməlidir".
Ölkə başçısının birbaşa diqqəti sayəsində torpaq mülkiyyətçilərinə dövlət dəstəyi və qayğısı ilbəil güclənib, onlara lazım olan bütün köməklikləri göstərilib. Kənd təsərrüfatında müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi genişləndirilib. Aqrar sahədə dövlətin birbaşa dəstəyi bir neçə formada özünü göstərir və bunlar ən qabaqcıl inkişaf modellərinə əsaslanır. Bu sırada subsidiyalaşmanın əhəmiyyətini xüsusi qeyd edə bilərik. Bir neçə ildir ki, dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına birbaşa (yardımlar, subsidiyalar və s.) və dolayı (vergi güzəştləri, güzəştli kreditlər və s.) yolla dəstəklər göstərilir. Kənd təsərrüfatı məhsullarının istehsalçılarını stimullaşdırmaq məqsədilə dövlət büdcəsi tərəfindən ümumilikdə aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar edilməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və 16 noyabr 2007-ci il tarixli 181 nömrəli qərarları ilə təsdiq olunmuş "Qaydalar"a uyğun olaraq istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin (növündən asılı olmayaraq) becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə 40 manat, habelə hər hektar buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına əlavə olaraq 40 manat məbləğində yardımın verilməsi 2007-ci ildən başlayaraq indiyədək davam etdirilir.
Ümumilikdə, 2007-2010-cu illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacağa, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 284,1 milyon manat, o cümlədən, 2010-cu ildə 55,5 milyon manat məbləğində subsidiya verilib. Bununla yanaşı, istehsalçılara mineral gübrələrin 50 və 70 faiz güzəştlə satılması hesabına 2007-2010-cu illərdə 40,1 milyon manat subsidiya verilməsi təmin olunub. Birinci və ikinci reproduksiyalı toxumlara və tinglərə görə 2007-2010-cu illərdə 15,1 milyon manat subsidiya ödənilib.
Bundan başqa, kənd təsərrüfatı istehsalçılarının texnika ilə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu məqsədlə "Aqrolizinq" ASC təsis olunub. "Aqrolizinq" fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində 10951 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən, 990 ədəd taxılyığan kombayn, 3049 ədəd traktor, 140 ədəd ekskavator, 6776 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və qoşquları gətirərək onların böyük əksəriyyətinin kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilməsini təmin edib. İndiyə kimi alınmış texnikalardan 4645 ədədi, o cümlədən, 95 ədəd taxılyığan kombayn, 1416 ədəd traktor, 63 ədəd ekskavator, 3071 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları lizinq qaydasında fiziki və hüquqi şəxslərə verilib. Nəticədə kənd təsərrüfatı məhsulları istehsalçılarının təminatı yaxşılaşıb, aqrotexniki servis xidmətlərinin fəaliyyət dairəsi genişlənib və xidmətin keyfiyyəti xeyli yüksəlib.
Bütün bunlarla yanaşı, istehsalçılar xüsusi mülkiyyətində olan pay torpaqlarından səmərəli istifadə etməklə yanaşı, dövlət və bələdiyyənin əkinə yararlı torpaq sahələrini də mövcud qanunvericiliyə uyğun əkin dövriyyəsinə cəlb ediblər. Bu səbəbdən əkin sahəsinin strukturu əhəmiyyətli dərəcədə dəyişmiş taxıl, yonca və şəkər çuğundurunun əkin sahələri artıb. Nəticədə əkin sahələrinin çoxalması kənd təsərrüfatı məhsullarının istehsalı dinamikasında özünü göstərib.
Bir neçə il əvvəl bəzi kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən idxal edən Azərbaycan indi əksinə, xarici dövlətlərə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olub. Azərbaycan hökumətinin aqrar sahəyə diqqət və qayğısının güclənməsi və kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artması bu sahədə inkişaf tempinə mühüm stimul verməkdədir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə istehsalın artırılması üçün ən mühüm layihələr həyata keçirilib. Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən hökumət aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı dərin əsaslar yaradılıb...
Kənd təsərrüfatının inkişafı etibarlı ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də, ərzaq təhlükəsizliyi ilə bağlı strateji proqram həyata keçirilməkdədir. Strateji plana uyğun olaraq illik taxıl ehtiyatının toplanması ilə bağlı davamlı tədbirlər gücləndirilib. Azərbaycanda əhalinin kənd təsərrüfatı məhsulları, o cümlədən, əsas strateji məhsul olan buğda ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülür. Taxıl anbarlarının tikilməsi və istifadəyə verilməsi də bu tədbirlər sırasında əsas yer tutur. Ötən il Dövlət Taxıl Fonduna məxsus Səngəçal taxıl elevatorunun istifadəyə verilməsi respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı həyata keçirilən mükəmməl strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Səngəçal elevatoru ilə yanaşı, regionlarda da elevatorların tikintisi planlaşdırılır. Artıq Naxçıvan Muxtar Respublikasında və Gəncədə tikilən elevatorlar istifadəyə hazırdır. Beləliklə, digər elevatorların da tikilib istifadəyə verilməsindən sonra Dövlət Taxıl Fondunun illik ehtiyat taxıl məhsullarının həcmi 300 min tondan çox olacaq. Bu isə ölkəmizin 2-3 aylıq istehlak norması deməkdir. Bundan başqa, hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən də taxıl anbarlarının tikintisi maliyyələşdirilir. Həmin anbarlar istifadəyə verildikdən sonra isə Azərbaycanda həm yerli, həm də idxal taxılın saxlanılmasında heç bir problem olmayacaq. Respublikamızda 500 min tondan artıq taxılın saxlanması mümkün olacaq ki, bu da anbarların payız mövsümündə, yəni, taxılın tədarükünün ilk dövründə ucuz qiymətə yüksək keyfiyyətli məhsulla təmin edilməsi deməkdir. Beləliklə, bu ehtiyatlar hesabına bazarı növbəti ilin taxıl biçini başlayan dövrədək təmin etmək mümkün olacaq, həmçinin, əlavə ehtiyatlar da qalmış olacaq.
Bu gün ölkəmizdə əhalini zəruri qida məhsulları və kənd təsərrüfatı malları ilə təmin etmək üçün güclü potensial mövcuddur. Dünyada baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlərlə əlaqədar bir çox dövlətlərin ərzaq təhlükəsizliyində problemlərin yaranmasına baxmayaraq, Azərbaycanda əhalinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülüb.
Aqrar sahədə aparılan stimullaşdırıcı tədbirlər (subsidiyaların verilməsi, vergi güzəştləri və s. digər güzəştlər) nəticəsində kənd təsərrüfatı torpaqlarından istifadə faizi də son illər intensiv şəkildə artmağa başlayıb. Belə ki, 2003-cü hesabat ilində faktiki əkin sahəsi 1220 min ha təşkil etdiyi halda, 2010-cu ildə bu rəqəm 1583,1 min hektar olub. İstifadə olunmayan əkinə yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsinin stimullaşdırılması istiqamətində müəyyən işlər görülüb. Belə ki, istehsalçılara əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə yardımların verilməsi istehsalçılarda əkinçiliyə marağı əhəmiyyətli dərəcədə artırıb. Nəticədə əkin sahələrinin çoxalması kənd təsərrüfatı məhsullarının istehsalı dinamikasında özünü göstərib.
Kənd təsərrüfatı iqtisadiyyatda neftdən sonra əsas sahələrdən biri olmaqla, əhalinin iş yerləri ilə təminatında da mühüm yer tutur. Ölkədə uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində torpaq və əmlakdan səmərəli istifadə edilməsi, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsi və sahibkarlığın formalaşmasına şərait yaradılıb, kənd təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklərə nail olunub.
Torpaqla bağlı
islahatların yeni
mərhələsi başlayır...
Aqrar islahatların birinci mərhələsini tam uğurla başa çatdıran Prezident İlham Əliyev yeni inkişaf erasının tələblərinə uyğun olaraq aqrar bölmədə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi üçün prioritetlər müəyyən edib. Bura torpaq islahatlarının ikinci mərhələsinə başlanması, torpaqlardan daha səmərəli istifadə ilə bağlı kompleks işlərin aparılması, aqrar-sənaye kompleksi müəssisələrinin genişləndirilməsi, iri fermer təsərrüfatlarının yaradılması, aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsi, regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturunun təşkili, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışının dəstəklənməsi, aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətlərinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqi, torpaqların inventarizasiyası və digər tədbirlər daxildir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlavə əkinə yararlı torpaqların müəyyənləşdirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində əlavə olaraq əkinə 900 min hektara yaxın torpaq cəlb olunmalıdır. Bu istiqamətdə torpağın şorakətləşməsi, eroziyaya uğraması, şəhərləşmə prosesi ilə bağlı torpağın dövriyyədən çıxarılması və s. kimi təsirlərin qarşısının alınması da komitəyə həvalə olunub. Torpaqlardan daha səmərəli istifadə etmək və kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək məqsədilə kiçik fermer təsərrüfatlarının birləşməsi ilə bağlı tədbirlər də əsas layihələr sırasındadır. Prezident İlham Əliyev kiçik torpaq sahələrinin tam könüllülük əsasında birləşdirilərək iri fermer təsərrüfatlarının yaradılmasının vacibliyini bildirib: "Böyük fermer təsərrüfatının yaradılması üçün müəyyən addımlar atıla bilər. Çünki Azərbaycanda torpaq islahatı aparılmışdır, hesab edirəm ki, Azərbaycan bu sahədə MDB məkanında qabaqcıl yerlərdədir, ən mütərəqqi islahatlar aparılmışdır. Ancaq bununla bərabər, hələ istifadədə olmayan torpaqların istifadəyə cəlb edilməsi üçün əlavə tədbirlər görülməlidir. Böyük fermer təsərrüfatlarının yaradılması üçün dövlət tərəfindən bütün infrastruktur, təchizat məsələləri həll olunmalıdır. Yəqin ki, tender prinsipi əsasında sahibkarlar öz təkliflərini verməlidirlər və o təkliflərə baxılmalıdır. Ondan sonra dövlət yenə də öz maliyyə imkanlarından istifadə edib böyük taxılçılıq təsərrüfatlarının yaradılması üçün maliyyə dəstəyini də göstərəcəkdir. Biz bunu etməliyik, çünki ola bilsin ki, böyük fermer təsərrüfatlarının yaradılması üçün sahibkarlarda kifayət qədər vəsait olmasın. Dövlət ayrıca maddə ilə bu sahələrə uzunmüddətli, güzəştli şərtlərlə kreditlər ayırmalıdır. Ona görə də 2011-ci ildə, ilk növbədə, bu məqsədlər üçün istifadə olunacaq yerlər müəyyən edilməlidir, onların müəyyən hissəsini biz bilirik və dəqiqləşdirilməlidir. Mexanizm işlənib hazırlanmalıdır ki, il ərzində biz artıq bu prosesə təkan verək".
Göründüyü kimi, Azərbaycanda torpaq islahatlarının uğurla həyata keçirilməsi sayəsində respublikamız iqtisadi sahədə böyük inkişafa nail olub. İslahatların məntiqi nəticəsi olaraq aqrar sektor son 20 ildə yüksək inkişaf yolu keçib. Dövlət müstəqilliyini bərpa edən respublikamızın 20 il ərzində həm özünün ərzaq təhlükəsizliyini etibarlı və dayanıqlı şəkildə təmin etməsi, həm də bir sıra xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixracına başlaması mükəmməl iqtisadi siyasətin mühüm uğurlarının nəticəsi hesab oluna bilər.
"Yeni Azərbaycan"ın analitik qrupu