PDF Oxu

Əsas

  • 22

“Firuzabadinin iki gün əvvəlki bəyanatı xarakterinə və niyyətinə görə heç bir çərçivəyə sığmır”

“Firuzabadinin iki gün əvvəlki bəyanatı xarakterinə və niyyətinə görə heç bir çərçivəyə sığmır”

"Azərbaycan İran İslam Respublikası ilə münasibətlərini həmişə mehriban qonşuluq, dostluq və faydalı əməkdaşlıq prinsiplərinə sadiq olaraq qurur və inkişaf etdirir. Lakin İran İslam Respublikasının rəhbərlərinin Azərbaycan Prezidenti ilə görüşləri zamanı verdikləri bəyanatların əksinə olaraq, bu ölkədə bəzi dairələr, görünür, həm İranın, həm Azərbaycanın maraqlarına zidd olan siyasət yürütməklə öz məkrli mövqelərini ortaya açıq-aşkar qoyurlar.

Gah hansısa şəhərin molla-cüməsi tarixi təftiş edərək təhrif edir, gah hansısa hərbçi öz peşə sahəsi ilə məşğul olmaq əvəzinə, üzməyi bacarmasa da, siyasət gölünə baş vurur. Bu cür hallar normaya çevrilməyə başlayıb. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, son vaxtlar İran İslam Respublikasının kütləvi informasiya vasitələrinin böyük bir qrupu bütün fəaliyyətini Azərbaycan əleyhinə təbliğat aparmağa həsr edir: "Bu azmış kimi yenilərini də yaradırlar. Təəssüf ki, bütün faktorları nəzərə alsaq, iki ölkənin rəhbərlərinin bəyan etdikləri kimi dostluq əlaqələrinin alternativinin olmamasını, deyəsən, İran İslam Respublikasında bəziləri heç başa düşmək istəmirlər".

PA rəsmisi həmçinin əlavə edib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general Seyid Həsən Firuzabadinin iki gün əvvəlki bəyanatı xarakterinə və niyyətinə görə heç bir çərçivəyə sığmır: "Sual verilə bilər, cənab general, əgər siyasi prosesləri belə dərindən bilirsinizsə və onlarla çox maraqlanırsınızsa, bir özünüzə fikir verib, diaqnoz qoyun. Qoy sizin fikirlərinizdən nəticə çıxarılsın.

Yox əgər siz hərbçi tonu ilə göstəriş vasitəsilə qonşu və dost dövlətin daxili siyasətinə müdaxilə etmək və tövsiyə verməklə özünüzü müctəhid və ya ayatolla səviyyəsində görmək istəyirsinizsə, bu çox gülməli görünür. Daha bir fikir ondan ibarətdir ki, İran İslam Respublikasının daxilindəki prosesləri yaxşı bildiyi üçün, general bəlkə də, siyasi hakimiyyətə keçmək iddiasına düşüb. Amma bu bizə maraqlı deyil, bu onun öz işidir.

Bir şey tamamilə aydındır, belə yüksək rütbəli və vəzifəli general gərək tarixi, siyasəti, təbabəti və bir də etikanı yaxşı bilsin. Yoxsa kimin damarlarında kimin qanı axır, kimin qəlbi hansı hisslərlə döyünür və kimin axırı necə olacaq deyə falçılığa aludə olan general bu yolla uzağa gedə bilməz. Yəqin başa düşür ki, falçılığı İslam dini qəbul etmir və İranda falçılıq çox təhlükəli hesab edilir".

Qeyd edək ki, Novruz Məmmədovun digər bəyanatlarını Twitter-də izləyə bilərsiniz: www.twitter.com/NovruzMammadov

Digər xəbərlər