Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Xankəndi sakini, 13 yaşlı məktəbli Adelina Avagimyanın Azərbaycan prezidenti İlham Əliyevə ünvanlandığı məktubuna cavab verib. SİA-nın xəbərinə görə, məktubda deyilir:
"Əziz Adelina
Azərbaycan Respublikası Prezidenti Administrasiyası hər bir Azərbaycan sakininin Prezident İlham Əliyevin adına olan müraciətlərinə diqqətlə yanaşır və buna görə də, sənin məktubun cavabsız qala bilməzdi. Səmimi qəlbdən ümid edirəm ki, sən bu məktubu heç bir kabinet siyasi texnoloqları olmadan, sülh şəraitində yaşama olan şəxsi dönməz istəyindən və Cənubi Qafqaz adlı ümumi evimizə həmrəylik və sabitlik gətirmək arzularından çıxış edərək, özün yazmısan.
Sən yazırsan ki, Stepanakert şəhərində anadan olmusan və orada yaşayırsan. Əslində bu şəhər Xankəndi adlanır. Sən yazırsan ki, öz diyarını sevirsən, çünki Qarabağ sənin, eləcə də, sənin ata və ananın, baba və nənənin vətənidir. Lakin, ana və ataları, baba və nənələri orada doğulmuş azərbaycanlılar da, sənin kimi Xankəndini öz vətənləri hesab edirlər. Axı bu şəhərin əsası XVIII əsrdə, Qarabağ xanları tərəfindən - o dövrün azərbaycanlılarının yaratdığı dövlət qurumlarından birinin başçıları tərəfindən qoyulub.
O, xan ailəsinin üzvləri və yaxınlarının istirahəti üçün bir qəsəbə kimi yarandı. Xanın rahatlığı üçün ilk saraylar xanlığın paytaxtı Pənahabaddan, indiki Şuşa şəhərindən bir neçə kilometr məsafədə, dağ yamaclarında tikilmişdi. Zaman-zaman xanın ailə üzvlərinin yaşadıqları kənd "Xanın kəndi" adını aldı ki, bu da sonradan müəyyən dəyişikliklərə uğrayaraq, qısalaraq, indiki "Xankəndi" şəklinə düşüb. Yalnız yaradılmasından 100 ildən çox vaxt ötdükdən sonra, Xankəndini bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırdılar.
Yeri gəlmişkən, yəqin sənin üçün bilmək maraqlı olacaq ki, həmin Şuşa və Qarabağ xanlığı 1805-ci il mayın 14-də Şuşalı İbrahim xan və Ümumrusiya qoşunları generalı knyaz Pavel Sisianov arasında imzalanmış Kürəkçay müqaviləsinə əsasən Rusiya imperiyasının tərkibinə daxil oldu. İmzalanmış traktatın mətninə, həmçinin onu imzalayan tərəflərə baxsaq, görərik ki, heç yerdə ermənilərin Qarabağdakı hər hansı siyasi roluna dair bir işarə belə yoxdur. Düzdür, biz inkar etmirik, ermənilər Dağlıq Qarabağda yaşayıblar, lakin onlar yalnız əhalinin ümumi sayından azlığı təşkil ediblər.
Sənə regionun tarixi üzrə darıxdırıcı mühazirələr oxumağa çalışmayaraq, qeyd edim ki, ermənilər Cənubi Qafqazda, o cümlədən də Qarabağda yalnız bu torpaqların Rusiya imperiyasının tərkibinə daxil olmasından sonra məskunlaşmağa başladılar. Azərbaycanı Rusiya və Fars dövləti arasında iki hissəyə ayırmış 1828-ci il tarixli Türkmənçay müqaviləsində Fars dövlətinin tərkibinə daxil olmuş Cənubi Azərbaycandan Rusiyanın işğal etdiyi Qafqaza köçürülmə və hər kəsin öz istəyi ilə oradan çıxa bilməsi şərtləri razılaşdırılır. Nəticədə, bu Müqaviləyə əsasən, Azərbaycan xanlıqlarının on minlərlə müsəlman sakini xristian Rusiyasına keçmiş Qafqazı tərk edərək, Cənubi Azərbaycanda məskunlaşdılar.
Polkovnik Lazarevin (yeri gəlmişkən, milliyyətcə erməni olan) və Rusiyanın Fars dövlətindəki səfiri A.S.Qriboyedovun təşəbbüsü ilə Qafqaza, azərbaycanlıların tarixi torpaqlarına on minlərlə erməni köçürüldü. Bununla da, çar administrasiyası şəxsi məqsədlərini güdərək, Dağlıq Qarabağdakı etnik tərkibi müəyyən dərəcədə dəyişirdi.
Ümid edirəm ki, Qarabağda xüsusilə gözəl olan ulduzlu gecələrdən birində, sən səmaya baxarkən və öz aydın gələcəyin haqqında arzulara dalarkən, öz babandan bu barədə soruşacaqsan. 1978-ci ildə Dağlıq Qarabağ ermənilərinin burada yerləşdirilmələrinin 150 illiyini qeyd etmələrini və bu bayram şərəfinə Mardakert - Ağdərə rayonunun Marqaşen - Leninavan kəndində abidənin ucaldılmasını öz ata və anana, nənə və babana xatırlatmağın da yerinə düşərdi. Lakin ilk erməni ailələrinin Qarabağa köçürülməsinin şərəfinə ucaldılmış bu abidə 1988-ci ildə, Qarabağ müharibəsinin ilk vaxtlarında erməni silahlı birləşmələri tərəfindən dağıdıldı.
İndi isə, Adelina, təsəvvür et ki, bir milyona yaxın azərbaycanlı təkcə Xankəndinə deyil, Ermənistanın işğal etdiyi Azərbaycanın digər şəhər və rayonları - Şuşa, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Hadruta, Laçın , Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilandakı öz uşaqlıq yerlərinə, öz babalarının vətənlərinə qayıda bilmirlər. Sənin həmyaşıdların - azərbaycanlılar nə vaxtsa öz nənə və babalarının, öz əcdadlarının evlərini görəcəkləri ümidi ilə yaşayırlar. Ümid edirəm ki, sən, onların sənin yaşadığın müddətdən də artıq bir vaxt ərzində - iyirmi ilə yaxındır ki, necə ağrılar çəkdiyini başa düşəcəksən. Səncə, doğma ocaqdan uzaqlarda yaşamaq necədir?".
Bundan başqa bildirilib ki, 20 ildən artıqdır ki, Azərbaycan əraziləri işğal olunub. O cümlədən 26 fevral, 1992-ci ildə törədilmiş - Xocalı soyqırımında 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 25 uşaq hər iki valideynini itirib, 76 nəfər yaralanıb, 19 nəfər əsir götürülüb. Ümumilikdə 613 nəfər Xocalı sakini bu vəhşiliyini qurbanı olub.
Cavab məktubunda həmçinin Şer adı ilə tanınan məşhur pop müğənnisi erməni Şerilin Sarkisyanın ABŞ-da, habelə aktyor və şanson ifaçısı Şarl Aznavurun Parisdə doğulduqlarını xatırladaraq bildirib ki, çoxsaylı belə hallar Parisin, Amerikanın və ya Kaliforniyanın qədim Ermənistan əyalətləri olması anlamına gəlməməlidir.
Sonda 13 yaşlı məktəbli Adelina Avagimyan valideynləri ilə birlikdə Bakıya, Gəncəyə, Sumqayıta dəvət olunub ki, gəlib görüb nəticə çıxarsın: "Və sonda. Xalq müdrikliyi deyir ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Səni, Adelina, Bakını, Gəncəni, Sumqayıtı ziyarət etməyə, Azərbaycanın rayonlarında olmağa və onların inkişafını, yeni görünüşünü görməyə çağırıram. Valideynlərin, atan, anan, nənən və babanla gəl, onlar azərbaycanlı qonaqpərvərliyi və xalqımın yaradıcı xarakteri haqqında yalnız sözdə eşitməyiblər. Bir yerdə gəlin və görəcəksiniz ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ nələri itirir. Əminəm ki, bundan sonra sənin Azərbaycan haqqında da, heç zaman görmədiyin azərbaycanlılar haqqında da rəyin dəyişəcək".