Avqustun 23-ü Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günüdür. Bu münasibətlə Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra görkəmli dövlət xadimi Əziz Əliyevin və əməkdar elm xadimi Tamerlan Əliyevin xatirələri ehtiramla yad olunub. Daha sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. Peşə bayramı münasibətilə təşkil edilən mərasimdə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Xidmətdə fərqlənən əməkdaşların bir qrupuna mükafatlar təqdim olunub. Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 21 avqust tarixli Sərəncamı ilə təsis edilib. Əsas vəzifələri Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçib.
GÜLYANƏ