Dünən Daşkəsən rayonunda Sahibkarlığa Kömək Milli Fondunun bir qrup əməkdaşları və müvəkkil bankların nümayəndələri ilə sahibkarların görüşü keçirilib. Görüşdə fondun əməkdaşları tərəfindən Azərbaycanda sahibkarlığın inkişafı, əldə olunan uğurlar və qarşıda duran vəzifələrlə bağlı videoçarxlar nümayiş etdirilib.
Tədbirdə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirdi ki, indi ölkəmizin hər yerində böyük tikinti-quruculuq və abadlıq işləri gedir, bölgələr sürətlə inkişaf edir. "Əbədiyaşar Ulu Öndərimiz neçə illər əvvəl çox gözəl demişdir ki, "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Bu mənada müstəqil Azərbaycan dövləti günbəgün çiçəklənir, qüdrətlənir, iqtisadiyyatı dinamik inkişaf yolundadır. Bu uğurların qazanılmasında, şübhəsiz ki, özəl sektorun payı daha çoxdur. Daşkəsən rayonu ölkəmizin dilbər guşələrindəndir. Rayonun iqtisadiyyatının inkişaf etdirilməsi üçün güclü maliyyə mənbələri lazımdır. Elə buna görə də ötən aylarda bizim iştirakımızla "2011-2015-ci illərdə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" hazırlanıb aidiyyətı üzrə nazirliklərə göndərilmişdir. Rayon rəhbərliyinin bu təşəbbüsü həmin ünvanlarda razılıqla qarşılanıb. Mən çox hörmətli Baş nazirimiz Artur Rasizadə ilə görüşdə çox böyük perspektivi olan Daşkəsən rayonunun iqtisadiyyatı-həm sənaye, həm də kənd təsərrüfatı ilə bağlı şəxsi fikirlərimi, təkliflərimi, müşahidələrimi bildirmişəm. Baş nazir prinsipcə bu təkliflərlə razılaşmış, aidiyyəti üzrə nazirliklərə göstəriş və tapşırıqlarını verib" deyən Ə.Abıyev bu cür görüşlərdə başlıca məqsədin sahibkarların təlimatlandırılması, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin alınması, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtibi dövlət tərəfindən sahibkarların hüquqlarının qorunması və digər prioritet məsələlərin çatdırılmasından ibarət olduğunu söylədi. Həyata keçirilən bu cür təqdirəlayiq addımların nəticəsində Daşkəsəni güclü inkişaf və xoş gələcək gözləyir deyən Ə.Abıyev ölkəmizdə gedən genişmiqyaslı işlərin burada da öz təzahürünü tapacağına əminliyini ifadə etdi.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, şöbə müdiri Samir Hümbətov, Sahibkarlığın İnkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və başqaları çıxış edərək, keçirilən tədbirin əhəmiyyətindən, mövcud vəziyyətdən, Daşkəsən rayonunun iqtisadi inkişafının sürətləndirilməsi naminə rayon rəhbərliyinin xeyirxah təşəbbüsündən danışdılar, sahibkarlara xoş istək və arzularını bildirdilər. Tədbirin sonunda bir qrup daşkəsənli sahibkara fəaliyyətlərinin genişləndirilməsi üçün kreditlər verildi.
Rəfiqə
Tapdıq