PDF Oxu

Əsas

  • 42

Avara və yararsız müxalifət...

Avara və yararsız müxalifət...

Radikal müxalifətdə hər ayın başında yaradılan siyasi qurum və birliklərin yararsız olmaları həmin ayın sonundaca bəlli olur. Daha dəqiq desək, həmin qurum və birliklər siyasi qurumlardan daha çox, birdəfəlik plastik qablara, yaxud da işlənmiş salfetlərə daha çox bənzəyirlər. Çünki hər hansı bir məqsədlə yaradılan bu qurumların ümumi razılıq əsasında formalaşmaması nəticəsində ən başlıca hal kimi məntiqsizlik hökm sürür.

Həmin məntiqsizlik isə ilk növbədə, partiya sədrlərinin bir-birilərini həzm etməməsindən irəli gələn faktordur. Belə bir vəziyyətdə bir az da irəli gedərək, gah "Kölgə Parlament", gah da ona bənzər qondarma "İctimai Palata" qismində fəaliyyətsizliklərini sığortalamağa cəhd edən radikal mənsublar həqiqətdə özləri-özlərini aldatmaqla məşğuldurlar. Və əslində, radikal qanada aid olan müxalifət partiyaları bununla həm də avaraçılıqlarını nümayiş etdirmiş olurlar. Yəni bekarçılıqdan nə etdiklərinin fərqinə varmırlar. Bu və bu kimi müxalifətdaxili vəziyyətə münasibət bildirən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun fikrincə, Azərbaycan xalqının və dövlətinin parlamenti mövcuddur və bu parlament vasitəsi ilə xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul edilir:"Xalq tərəfindən dəstək almayan, heç vaxt seçkilərdə qalib şansı olmayan insanlar öz peşələri ilə məşğul olmaq yerinə, gündəmdə qalmaq üçün bu cür addımlar atırlar".

Siyavuş Novruzovun sözlərindən belə nəticəyə gəlmək mümkündür ki, müxalifət düşərgəsində təmsil olunan siyasətbazların peşəkar fəaliyyət göstərmək üçün nə sahə, nə də ki, bacarıqları mövcuddur. Onların dırnaqarası fəaliyyətləri birdəfəlik təşkilatlar çərçivəsindən kənara çıxmır, bu da ki, onların mətbuat səhifələrində reklam olunmaları üçün kifayət edir. Lakin necə deyərlər, radikal müxalifət "liderlərinin" üzləri o qədər bezdirici olub ki, artıq ictimaiyyət onların hap-goplarından da bezdiyini açıq şəkildə ifadə edir.

Eyni zamanda, radikal müxalifət səlahiyyətliləri, ümumiyyətlə, partiya anlamından kənar olan adamlardılar və partiya fəaliyyəti barədə qətiyyən xəbərsizdilər. Daha dəqiq desək, əsil siyasi fəaliyyət sistemindən kənardırlar. Bu isə, bir daha isbat edir ki, radikal müxalifət mənsublarında naşılıq necə vardısa, eləcə də, qalıb. Məhz Siyavuş Novruzovun növbəti fikirlərindən də belə qənaətə gəlmək mümkündür. Millət vəkili hesab edir ki, həmin partiyaların funksiyaları tamamilə başqadır. Çünki siyasi təşkilatlar göstərdikləri siyasi fəaliyyətlə yanaşı, cəmiyyətdə alternativ layihələrin təqdim olunması kimi işlərlə də məşğul olmalıdırlar: "Bugünə qədər o təşkilatların heç biri belə işlərlə məşğul olmayıb. Sadəcə, bəyanatlar verməklə məşğuldurlar. Bütün bunlar da bekarçılıq və işsizlik əlaməti olan şeylərdir. Hesab edirəm ki, onların atdıqları addım mənasız, məzmunsuz bir addımdır".

Buradan bir daha aydın olur ki, günaşırı boş-boş bəyanatlar səsləndirərək, "mən də varam" prinsipini ictimaiyyətə sırımağa cəhd göstərən radikal ünsürlərin bundan sonra hər hansı ciddi fəaliyyətlə məşğul olacaqları, ümumiyyətlə, mümkün olan reallıq deyil. Düşərgə kuluarlarında gəzən söz-söhbətlərlə vaxtlarını keçirən müxalifətçilər, əslində, bu "fəaliyyətlərini" öz adı ilə çağırsalar, daha yaxşı olardı-avara və yararsız müxalifət...


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər