PDF Oxu

Əsas

  • 35

MÜSTƏQİL AZƏRBAYCAN-20

MÜSTƏQİL AZƏRBAYCAN-20

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.


Ümummilli Liderin Azərbaycan modeli siyasəti


Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə, ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.

Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş ("Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və s.) və bir çoxları da hazırlıq mərhələsindədir ("Azərbaycan Respublikasının məşğulluq strategiyası", "Qeyri-neft sektoru üzrə ticarət və investisiyanın inteqrə olunmuş strategiyası" və s.).


Neft strategiyası-iqtisadi siyasətin öncül təməli


Azərbaycan Respublikasının iqtisadi siyasətinin öncül istiqamətlərindən biri müstəqil dövlətin neft strategiyasının hazırlanması olmuşdur. Müəllifi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü ilin sentyabrında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanmışdır.

Müstəqil Azərbaycan Respublikasının yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır. "Əsrin münaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.


1999-cu il dekabrın 29-da Ümummilli Lider Heydər Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" Fərman imzalamışdır


Neft Fondunun yaradılması fəlsəfəsinin əsas qayəsini Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin olunması təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılmasıdırsa, digəri, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir. Ulu Öndərimiz Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.


Müstəqil siyasət, layiqli davam, uğurlu nəticə


İqtisadiyyatın və əhalinin enerji daşıyıcılarına olan tələbatının ödənilməsi istiqamətində də əhəmiyyətli işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsi kimi ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji daşıyıcılarına artan tələbatların daha səmərəli surətdə ödənilməsinin təmin edilməsi məqsədilə Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2004-cü il tarixli 635 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nı göstərmək olar.

Kənd təsərrüfatı bütün dövrlərdə Azərbaycan iqtisadiyyatının əsas sahələrindən olmaqla, ölkənin inkişafında və əhalinin zəruri istehlak malları ilə təminatında mühüm rol oynamışdır.1995-1996-cı illərdə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında qanunların, digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. Belə ki, "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında, ilk dəfə olaraq, torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər öz əksini tapmışdır.


Xarici iqtisadi siyasətin mühüm istiqaməti


Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən, 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuş və iqtisadi problemlər, bazar iqtisadiyyatına keçid barədə məsələlər üzrə bu təşkilatlarla, mütəmadi olaraq, məsləhətləşmələr aparır, onların maliyyə imkanlarından istifadə edir.

Beləliklə, iqtisadiyyatın bütün sahələrində aparılan islahatların qısa zaman kəsiyi ərzində verdiyi çoxsaylı müsbət nəticələr bir daha Azərbaycan Respublikasının rəhbərliyinin əzmlə həyata keçirdiyi iqtisadi siyasətin düzgünlüyünü sübut edir.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər