Ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında birləşən yarım milyondan artıq üzvün 40 faizini gənclərin təşkil etməsi də onlara olan diqqətin, eyni zamanda Azərbaycan gəncliyinin ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətinin, həyata keçirilən siyasətin gələcəyinə inamının göstəricisidir. YAP daim gənclərin fəallığının artırılması, onların daha da həvəsləndirilməsi, onların ictimai-siyasi həyata inteqrasiyası, vətənpərvərlik ruhunun daha da yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu məqsədlə gənclərin dünyanın müxtəlif ölkələrinə və ölkənin müxtəlif regionlarına səfərləri təşkil olunur.
Avqustun 30-da Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının üzvləri Ramazan bayramı münasibətilə cəbhə bölgəsinə səfər etdilər. YAP Gənclər Təşkilatının sədri Seymur Orucovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Yasamal rayon gənclər təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Sabunçu rayon gənclər təşkilatının sədri Rəşad Əliyev, YAP Ağdam rayon gənclər təşkilatının sədri Amil Cavadov, Rayon İcra Hakimiyyətinin nümayəndələri və media mənsubları daxil idi. Onlar Bərdə və Ağdam rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər, az təminatlı və şəhid ailələri ilə görüşərək onlara bayram sovqatı payladılar.
Gənclər ilk öncə Bərdədə müvəqqəti məskunlaşan Milli Qəhrəman Yelmar Edilovun ailə üzvləri ilə də görüşdülər. Seymur Orucov ailənin üzvləri ilə ünsiyyətdə oldu, onların bayramını təbrik etdi. Qeyd olundu ki, gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün qəhrəmanlarımızın göstərdiyi şücaət hamı üçün örnəkdir. Mərhumun həyat yoldaşı Reyhan Quliyeva Prezident İlham Əliyevə və Yeni Azərbaycan Partiyası rəhbərliyinə onlara göstərilən xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdi.
Nümayəndə heyəti daha sonra Ağdam rayonuna gedərək rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov ilə görüşüb burada aparılan geniş abadlıq və quruculuq işləri ilə yaxından tanış oldular. Rayon ərazisində beynəlxalq standartlara uyğun təmir edilən Ağdam mədəniyyət evində oldular. N.Sadıqov bildirdi ki, yarım əsrdən çox yaşı olan mədəniyyət evində əsaslı bərpa işləri artıq sona çatıb. İstifadəyə hazır olan tikili yeni mövsümdə cəbhə rayonunun sənətsevərlərinin ixtiyarına veriləcək. Qeyd edək ki, 350 yerlik mədəniyyət ocağı yenidən qurulub. Binaya qaz, su və işıq xətləri çəkilib. Tamaşaçı zalı üçün səhnə işıqları və texniki avadanlıqlar xaricdən alınıb və elə xarici şirkətlər tərəfindən də quraşdırılıb.
Mərkəzi rayon xəstəxanası ilə tanış olduqda burada həyata keçirilən təmir işlərinin şahidi olduq. Qeyd edək ki, xəstəxananın əvvəlki binası yararsız vəziyyətə düşdüyündən dövlət başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılıb və iki il müddətində müasir tipli 50 çarpayılıq bina inşa olunub. Ən müasir avadanlıqla təchiz olunmuş xəstəxana nəinki Ağdamdan, eyni zamanda qonşu rayonlardan olan xəstələrin müalicə və əməliyyat olunmalarına imkan yaradır. Burada poliklinika şöbəsi, stomatologiya, oftalmologiya və USM kabinetləri, nevropatoloq, manipulyasiya və fizioterapiya, doğum şöbəsi cərrahiyyə, reanimasiya, anesteziologiya və intensiv terapiya şöbələri fəaliyyət göstərir. Bina müasir havalandırma sistemi ilə təchiz olunub.
Rayonun girişində Soltanbud təpəsinin üzərində tikilən Bayraq meydanı isə qonaqların xüsusi marağına səbəb oldu. Gənclər həmçinin Quzanlı qəsəbəsində yeni salınmış və 700-ə yaxın ev olan qaçqın şəhərciyində oldular. Ağdam Rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası gənclər təşkilatının bir qrup üzvünün belə müqəddəs gündə cəbhə bölgəsinə səfər etməsi rayon ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Bu təbii ki, yüksək vətənpərvərlik, o cümlədən, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətinin bariz nümunəsidir. Buna görə də bütün ağdamlılar dövlət başçısına və Yeni Azərbaycan Partiyası rəhbərliyinə öz təşəkkürlərini bildirirlər.
Daha sonra Yeni Azərbaycan partiyasının Gənclər təşkilatının nümayəndə heyəti rayonun Bənövşələr qəsəbəsində müvəqqəti məskunlaşan məcburi köçkünlər, az təminatlı ailələr və şəhid ailələri ilə görüşərək onlara bayram sovqatı hədiyyə etdilər. Yeni Azərbaycan partiyasının gənclər təşkilatının sədri Seymur Orucov bildirdi ki, gənclərimiz işğal altında olan torpaqlarımızın düşmən tapdağı altından azad edilməsi üçün savaşa hər an hazırdır. Ziyarət edilən rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək, onun rəhbərliyi altında tezlilkə torpaqlarımızın azad ediləcəyini, öz doğma yurd - yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirdilər.