Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində "Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" adlı konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, konfransı giriş sözü ilə açan komitə sədri Nazim İbrahimov müstəqilliyimizin iyirmi illik tarixinə nəzər salıb, Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun dərin tarixi köklərə əsaslandığını qeyd edib.
N.İbrahimov bu baxımdan belə bir tədbirin Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını bildirib. Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycan və gürcü xalqlarının eyni tarixi taleyi yaşadıqlarını söyləyən komitə sədri Azərbaycanda 20 yanvar, Gürcüstanda 9 aprel faciəsinin xalqlarımızın şərəfli tarixinin qəhrəmanlıq salnaməsi kimi hər zaman böyük ehtiramla xatırlanacağını vurğulayıb. Ötən əsrin 90-cı illərində hər iki ölkədə baş qaldırmış etnik separatizm çox ağır itkilərlə nəticələnib və bu münaqişə nəticəsində Azərbaycan və Gürcüstan ərazi bütövlüyünü itirmək təhlükəsi qarşısında qalıb. Buna baxmayaraq, xalqlar müstəqilliyini qoruyub saxlayıb və müasir dünyaya sürətlə inteqrasiya etməkdədir:"Bizi birləşdirən yalnız tarixi dostluq ənənələri deyildir. Biz həm də regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə etibarlı tərəfdaş kimi çıxış edirik. Azərbaycan və Gürcüstanın iştirakı olmadan, bu gün uğurla həyata keçirilən transregional layihələrin reallaşdırılması mümkün deyildir. Bizim ölkələrimizi yalnız irimiqyaslı iqtisadi layihələr deyil, həm də xalqlarımızın milli maraqları birləşdirir. Azərbaycan və Gürcüstan demokratik dəyərlərin uğurla tətbiqi, müasir milli dövlət quruculuğu yolunda inamla addımlamaqdadır. Ölkələrimizin birliyi seçdiyimiz strateji inkişaf xəttini müvəffəqiyyətlə həyata keçirməyə imkan verən əsas amillərdəndir".
Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndikdən sonra tədbir "Müstəqilliyimiz əbədidir" adlı sənədli filmin nümayişi ilə davam etdirilib. Filmin nümayişindən sonra Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Mirza Davitaya çıxış edərək, Gürcüstanın hər zaman Azərbaycanın inkişafını fəxr hissi ilə müşahidə etdiyini diqqətə çatdırıb. Azərbaycanla Gürcüstanın tarixləri hər zaman bir-birlərinə bağlı olub və bir-birlərinin davamıdır. Azərbaycan və Gürcüstanın dostluğunu dünyaya nümunə ola biləcək dostluq əlaqələri kimi səciyyələndirən Mirza Davitaya Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu əməkdaşlığın möhkəmlənməsində rolunu vurğulayıb:"Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan prezidentli Mixeil Saakaşvili bu siyasəti uğurla davam etdirirlər. Bu dostluq sayəsində biz inkişafımızın ən yüksək mərhələsinə nail olacağıq".
Konfransda ilk məruzə ilə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan Respublikası, dövlət rəsmiləri, vətəndaşları öz xalqının inkişafı barədə düşündüyü kimi, Gürcüstanın inkişafı haqqında da düşünür: "Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlıların, ümumilikdə, Gürcüstan vətəndaşlarının firavan həyatının təmin olunmasında maraqlıdır. Hər bir xalq, hər bir dövlət, ilk növbədə, özünün müstəqilliyi, inkişafı haqqında düşünərkən, öz dövlətinin, millətinin maraqlarını düşünür və dövlətin prinsiplərini müəyyən edir, inkişafla bağlı məqsəd və məramları müəyyən edir və onu həyata keçirir. İlk növbədə, öz xalqının, vətəndaşlarının maddi-mənəvi tələblərinin təminatı, iqtisadi, siyasi və sosial təhlükəsizliyi məsələləri, dövlətin təhlükəsizlik maraqları və onların təmin olunması yollarını düşünür. Hər bir dövlət özünün geosiyasi əhatəsini, malik olduğu resursların istifadəsi taktikasını müəyyən etmədən, yaşadığı coğrafiyanın reallıqlarını nəzərə almadan, heç zaman fərdi qaydada izolyasiya edilmiş formada inkişaf edə bilməz. Bu anlamda Cənubi Qafqazın coğrafi və geosiyasi reallıqları elədir ki, burada yaşayan xalqlar, hansı əqidəyə, hansı mənəviyyata xidmət etməsindən asılı olmayaraq, bir yerdə, sülh şəraitində yaşamağa, bir-birinə dəstək verməyə məhkumdurlar. Cənubi Qafqazın tarixində hər zaman belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq."
Ə.Həsənov Azərbaycanın Cənubi Qafqazın iqtisadi, siyasi, sosial və ümumi geosiyasi həyatında həmişə önəmli yerlərdən birini tutduğunu vurğulayıb:"Əvvəla, Azərbaycan həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bölgədəki təbii-coğrafi qaynaqlarına və geosiyasi üstünlüklərinə görə Cənubi Qafqazın ən böyük dövlətidir. Cənubi Qafqazda orta hesabla 60 milyard dollara yaxın həcmdə ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır. Əhalinin gəlirinə görə də Azərbaycan Cənubi Qafqazın ən öndə gedən ölkəsidir. Cənubi Qafqazın ümumi iqtisadi resurslarının təxminən 70%-i Azərbaycana məxsusdur. Cənubi Qafqazın bütün enerji qaynaqları üzrə ən zəngin ölkəsi Azərbaycandır. Azərbaycanın 30-50 ilə çatacaq neft ehtiyatı, 120 ilə çatacaq təbii qaz ehtiyatı var. Azərbaycanın yalnız neft və qazdan olan gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə alsaq, 100 il ərzində böyük vəsait edir ki, bu da tək Azərbaycan xalqının deyil, bütün Cənubi Qafqaz əhalisinin olduqca yüksək səviyyədə yaşamasına kifayət edəcək sərvətdir. Azərbaycan təbii resurslarının istifadə edilməsi taktikasını müəyyən edərkən təkcə Azərbaycan xalqının maraqlarını düşünməyib, bu sərvətlərdən sivil istifadənin bütün qapılarını açıb. Bu sərvətlərdən gürcü xalqı da istifadə edə bilər, erməni xalqı da bəhrələnə bilər. Bu neft və qaz məhsullarından Gürcüstan da, Ermənistan da firavanlığı üçün istifadə edə bilər. Yetər ki, onlar Azərbaycanın müstəqil dövlətçiliyini dəstəkləsinlər və Azərbaycan dövlətinə xoş gələcək arzulasınlar. Əməkdaşlıq üçün bizim bütün qapılarımız açıqdır". Azərbaycanın Gürcüstanla strateji müttəfiqliyi dünyada ən yaxşı strateji müttəfiqliyin nümunəsini ortaya qoyub.
Daha sonra konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Musa Qasımov, Qənirə Paşayeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdirinin müavini Mahir Qəhrəmanov, İqtisadi İnkişaf Nazirliyinin sektor müdiri Rəşad Dayıyev çıxış ediblər.
ZÜMRÜD BAYRAMOVA