Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı rayonunun erməni təcavüzünə məruz qalmasından artıq 18 il ötməkdədir. Düz 18 ildir ki, Qubadlının 30 mindən çox əhalisi nə vaxtsa öz doğma yurd-yuvalarına qayıtmaq arzusu, inamı ilə məcburi köçkün həyatı yaşayır. Hələ 1993- cü ilin avqust ayında Qubadlı rayonu işğaldan əvvəlki son günlərini yaşayırdı. Rayon sona qədər mübarizə aparsa da, artıq ermənilərin əhatəsində idi. Qonşu Cəbrayıl rayonunun sonuncu yaşayış məskənləri olan Çullu, Maşanlı və Dağtumasın kəndlərinin də mənfur düşmən əlinə keçməsi baş verəcək olan təhlükənin yaxınlıqda olan hənirtisini eşitdirirdi...
Dörd istiqamətdən reallaşdırılan hücumlar
Qubadlıya tərəf, əsasən, dörd istiqamətdən, Qafan, Gorus, Xocavənd və Laçın rayonu istiqamətlərindən davamlı hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən erməni işğalçıları Qubadlını bütövlükdə işğal etmək planını realaşdırmaq üçün gecə və gündüz rayonu ağır artilleriyadan atəşə məruz qoyurdu. Lakin bütün bunlara baxmayaraq, hər dəfə də yerli özünümüdafiə dəstələrinin ciddi, şücaətlərlə dolu olan müqavimətinə rast gələrək, itkilərlə geri çəkilməyə məcbur olurdu. Ancaq təcavüzkar Ermənistan ordusu rayonun içərilərinə doğru sürətlə hərəkət etdikcə, vəziyyət gərginləşirdi. Amma yenə də, bütün bunlara baxmayaraq, qəhrəman qubadlılılar mətinliklə, hər küçə və qəsəbə uğrunda vuruşdu, döyüşürdü. Qətiyyən məğlub olmağı düşünməyən rayon əhalisi (əsasən, uşaqlar, qadınlar və qocalar) avqustun 31-i rayonu tərk etmək məcburiyyətində qaldılar.
Laçından Qubadlıya keçən maneəsiz işğal yolu
1993-cü il avqustun 30-da Gorusdan hücum edən işğalçı Ermənistan qoşunları Yazı düzündə ciddi müqavimətlə qarşılaşsa da, artıq işğal ərazisi olan Laçın rayonundan maneəsiz keçərək, Muradxanlı kəndinə daxil olmağa müvəffəq oldular. Erməni qoşun hissələri Həkəri çayı ətrafında və çay boyu bütün kəndləri atəşə tutmaqla həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələrini zəbt etdilər. 1993-cü il avqustun 31-də isə hər tərəfdən erməni mühasirəsinə düşmüş Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı. Əks halda dəhşətli faciələrin təkrarlanması baş verə bilərdi.
İşğalın acı nəticələri
Qubadlı rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, təcavüzkar erməni terrorçuları 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Eyni zamanda, Qubadlı rayonunu itirməklə, Azərbaycan həm iqtisadi, həm mədəni, həm də tarixi itkilərlə də üz-üzə qaldı.
Bu gün, Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, "Gavur dərəsi" deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda "Qalalı" qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.
RÖVŞƏN RƏSULOV