PDF Oxu

Əsas

  • 13

Azərbaycanda modern təhsil strategiyası

Azərbaycanda modern təhsil strategiyası

Sentyabrın 3-də "Gülüstan" sarayında təhsil işçilərinin respublika konfransı keçirildi. Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabana gələrək, Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə tər güllər qoydular. Həmçinin, tədbir iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi düzdülər. Sonra təhsil işçiləri Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər.

Baş nazirin müavini Elçin Əfəndiyevin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Milli Məclis deputatlarının, müvafiq nazirliklərin nümayəndələrinin, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərinin, təhsil ictimaiyyətinin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdikləri konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı. Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərini vurğuladı. Ümummilli Liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən nazir ölkəmizdə qazanılan nailiyyətlərdən danışdı. M.Mərdanov onu da söylədi ki, son illərdə təhsilin müasir infrastrukturunun yaradılması və möhkəmləndirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atılıbdır. Ölkəmizdə ali təhsilin inkişafı ilə bağlı həyata keçirilən proqram və layihələr barədə məlumat verən nazir onu da diqqətə çatdırdı ki, 2005-ci ildə Azərbaycan Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulmuş və hazırda bu prosesin tələblərinə uyğun olaraq təhsil müəssisələrində tədbirlər həyata keçirilir: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 800-dək azərbaycanlı gənc Türkiyə, Almaniya, ABŞ, Fransa, Kanada, Rusiya, Böyük Britaniya və digər ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilmişdir. Onların bir qismi təhsilini uğurla başa vuraraq doğma Vətənə qayıtmışdır".

M.Mərdanov ali məktəblərdə aparılan elmi-tədqiqatlar barədə məlumat verərək bildirdi ki, 2010-cu ildən başlayaraq elmin maliyyələşməsinin yeni mexanizmi tətbiq olunubdur: "Elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün son 2 ildə hər il üçün dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılıbdır. 2010 və 2011-ci illərdə bu fond tərəfindən elan olunmuş müsabiqələrdə ali məktəb alimləri 22 qrant layihəsinin qalibi olublar. 2010-cu ildə təhsil sistemində çalışan alimlərimiz 37 beynəlxalq layihədə iştirak edibdir. Yalnız Bakı Dövlət Universiteti ayrı-ayrı fondların maliyyə dəstəyi ilə 5 milyon manat dəyərində 35 beynəlxalq layihə həyata keçirir. Alimlər tərəfindən 436 monoqrafiya, 338 dərslik, 620 dərs vəsaiti, 1421 adda proqram və metodik ədəbiyyat nəşr etdirilibdir. Tomson "Röyter" agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olan jurnallarda Təhsil Nazirliyi sistemində çalışan alimlər tərəfindən son 3 ildə nəşr etdirilmiş elmi məqalələrin sayı 3 dəfə artıbdır. İl ərzində nəşr olunmuş 260 məqalədən 136-sı Bakı Dövlət Universitetinin, 53-ü Azərbaycan Dövlət Neft Akademiyasının, 37-si Azərbaycan Texniki Universitetinin payına düşür. Müvafiq qərara əsasən, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 19 dövlət, 5 özəl ali təhsil müəssisəsində, Təhsil Problemləri İnstitutunda doktorantura yaradılıbdır". Təhsil sistemində aparılan islahatların əhəmiyyətini diqqətə çatdıran nazir qeyd etdi ki, ölkəmizin ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris yeni fənn proqramları (kurrikulumları) və dərslik dəstləri əsasında aparılır. Bu müddətdə 40 min nəfərə yaxın müəllim xüsusi proqramlar üzrə öyrədici təlim kurslarından keçirilmiş, bölgələrdə müəllim və valideynlər üçün maarifləndirmə mərkəzləri təşkil olunubdur. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurrikulumlarının tətbiqinə başlandıqdan sonra V-XI siniflər üçün də eyni məzmunlu sənədlərin hazırlanması istiqamətində iş aparılmışdır. V-XI siniflərin fənn proqramları (kurrikulumları) ictimai müzakirədən keçirilərək bu ilin iyununda təsdiq edilibdir. 2010-2011-ci dərs ilində qızıl və gümüş medala layiq görülüb, 53 məzun və 49 nəfər respublika fənn olimpiadası qalibindən 47-si növbəti tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunubdur.

Məktəbəqədər təhsildən bəhs edən nazir onu da bildirdi ki, təhsilin bu sahəsi də daim diqqət mərkəzindədir. Respublikamızda 112 min 892 uşağın cəlb olunduğu 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi 2009-cu ildə 15,8 faiz olduğu halda, hazırda bu rəqəm 17,6 faiz təşkil edir. Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı 2009-cu ildəki 31102 nəfərdən bu il 34369 nəfərə çatıbdır: "Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, 53 uşaq bağçasında əsaslı təmir işləri aparılır və bu işin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur". Konfransda ölkənin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri haqqında da məlumat verən təhsil naziri onu da vurğuladı ki, 1992-2011-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili bu illər ərzində ali məktəblərin qəbul planının 85,24 faiz, abituriyent ərizələrinin sayının isə 2, 67 dəfə artdığını göstərir. M.Mərdanov məzunların ali məktəblərə qəbul imtahanlarındakı nəticələrində də müsbət dəyişikliklərin nəzərə çarpdığını söylədi: "Bu il 1540 abituriyent qəbul imtahanlarında 600-dən yüksək bal toplamışdır. Onlar respublikanın 73 regionundan 65-ni təmsil edirlər. Bu il ən yüksək nəticə Bakı, Sumqayıt şəhərlərinə və Qax rayonuna məxsusdur. Respublikanın 26 dövlət və 10 özəl ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul aparılmışdır. Qəbul planı 73,52 faiz yerinə yetirilibdir".

Təmsil etdiyi beynəlxalq təşkilatın fəaliyyəti barədə məlumat verən YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord bu qurumun ölkəmizin Təhsil Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışdı: "Bu əməkdaşlıq bir çox irimiqyaslı islahatların həyata keçirilməsinə öz töhfəsini vermişdir".

M.Hervord, eyni zamanda, Azərbaycanın müvafiq təhsil müəssisələrində reallaşdırılan layihələrdən bəhs edibdir.

Konfransda ali və orta ixtisas təhsili müəssisələrinin, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil ocaqlarının, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri çıxış edərək təhsildə qazanılan uğurlardan, bu sahədəki mövcud problemlərdən danışdılar. Məktəblərin infrastrukturunun yeniləşdirilməsində və təhsilin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulandı. Bildirildi ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil sahəsinə daim böyük diqqət və qayğı göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə ölkəmizdə müasir tələblərə cavab verən çoxlu sayda yeni məktəb binaları tikilib istifadəyə verilib və lazımi avadanlıqla təchiz olunubdur.

Tədbirdə, həmçinin, xaricdə təhsil alan tələbələrin nümayəndələri çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Konfransın sonunda təhsilin inkişafı ilə bağlı təkliflər verildi.


R.Hüseynova

Digər xəbərlər