PDF Oxu

Əsas

  • 14

Mərkəzi Seçki Komissiyası DSK sədrləri üçün kurslara başlayıb

Mərkəzi Seçki Komissiyası DSK sədrləri üçün kurslara başlayıb

Dünən Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.

Kursların açılış mərasimində giriş nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biri olduğunu vurğulayaraq ölkəmizdə azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi: "Məhz Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik bərqərar olmuş, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılmışdır. Ulu Öndərin layiqli və alternativsiz davamçısı olan ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti illərində ictimai-siyasi sabitlik daha da möhkəmləndirilib, qanunverici baza təkmilləşdirilibdir. Dövlət başçısının göstərişi əsasında dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni binalar inşa edilib, qalan DSK-ların binaları isə əsaslı təmir olunubdur. Onların hərtərəfli fəaliyyət göstərmələri üçün bütün lazımi şərait yaradılıb, texniki və digər zəruri avadanlıqlarla təchiz edilibdir. MSK-nın fəaliyyəti üçün hərtərəfli şəraiti olan yeni bina da ölkə başçısının xüsusi göstərişi əsasında tikilib istifadəyə verilibdir. Ölkə rəhbərinin siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində ölkəmizdə demokratik seçki praktikası ildən-ilə təkmilləşir və bu sahədə böyük nailiyyətlər əldə olunub. Bütün bunlara görə dövlət başçısına dərin təşəkkürümü bildirirəm".

M.Pənahov onu da vurğuladı ki, Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının maarifləndirilməsi və peşə hazırlığının gücləndirilməsi işini daim diqqətdə saxlayır: "Ölkə Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamı bu baxımdan müstəsna əhəmiyyətə malik sənəddir. Sözügedən sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyası 2007-ci, 2009-cu və 2010-cu illərdə də aşağı seçki komissiyaları üçün belə kurslar keçirir və həmin tədbirlərdə aşağı seçki komissiyalarının üzvləri iştirak edir. Dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək kurslarda ölkənin nüfuzlu dövlət xadimləri, elm adamları və təcrübəli mütəxəssisləri mühazirələr oxuyacaqlar. DSK-ların sədrləri üçün keçirilən kurslar başa çatdıqdan sonra sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaq. Əminəm ki, dövlət başçısının sözügedən Sərəncamı əsasında keçirilən bu kurslar aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində ciddi rol oynayacaq".

Zeynal Nağdəliyev: "Azərbaycanda ötən illər ərzində seçkilərin keçirilməsi ilə bağlı çox irəliləyişlərə nail olunub"

Tədbirə qatılan Azərbaycan Respublikasının Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev qeyd edib ki, Azərbaycanda ötən illər ərzində seçkilərin keçirilməsi ilə bağlı çox irəliləyişlərə nail olunub: "Azərbaycanda seçki təbliğatının aparılması artıq öz həllini tapıb, xüsusi yerlər təyin edilib və bir zaman təşviqat materiallarının yayılması ilə bağlı olan xaos artıq müşahidə olunmur".

Onun sözlərinə görə, ötən illərdə seçkilərin keçirilməsi ilə bağlı həllini tapan əsas məsələlərdən biri də seçici siyahılarının dəqiqləşdirilməsidir: "Seçici siyahılarının dəqiqləşdirilməsindən sonra artıq real seçici siyahısı əldə etdik. Azərbaycanda seçki komissiyalarının üzvlərinin bilikləri, onların hüquqi savadı daha da artırılmalıdır".

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bu il seçki keçirilməyəcəyini nəzərə alaraq, təşkil olunan kurslarda DSK sədrləri onları narahat edən məsələləri geniş müzakirə etməlidirlər: "2003-cü illə müqayisədə Azərbaycanda seçkilər peşəkarlıq baxımından daha yüksək səviyyəli insanlar tərəfindən keçirilir. Nümunə kimi 2010-cu il parlament seçkilərini göstərmək kifayətdir. İlk dəfə idi ki, 125 seçki dairəsinin hamısında qüsursuz, problemsiz seçki keçirilirdi".

Z.Nağdəliyev bildirib ki, hər dəfə seçki keçirərkən ötən dəfə buraxılan səhvlər, problemlər aradan qaldırılır: "Son seçki bir daha göstərdi ki, Azərbaycanda demokratik seçki keçirilməsi mümkündür. Buna həm seçkini keçirən şəxslər, həm də əhali hazırdır".

Z.Nağdəliyev seçki məntəqələrində veb-kameraların quraşdırılmasının Azərbaycan Prezidentinin diqqətində olduğunu söyləyib: "Məzahir Pənahov dedi ki, başqa ölkələr də bu nümunəni götürmək istəyir. Amma görək nümunə götürə biləcəklərmi?"

Ziyafət Əsgərov: "Seçki keçirən şəxslər, ilk növbədə, qanunvericiliyi, o cümlədən, Konstitusiya və Seçki Məcəlləsini yaxşı bilməlidirlər"

"Seçki keçirən şəxslər, ilk növbədə, qanunvericiliyi, o cümlədən, Konstitusiyanı və Seçki Məcəlləsini yaxşı bilməlidirlər". APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) Dairə Seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib. O, kurslarda iştirak edən 125 DSK sədrinə tövsiyələrini verərək kursların əhəmiyyətindən danışıb.

Tədbirdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov "Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə iştirakının hüquqi əsasları", Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov isə "Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması" mövzusunda DSK sədrləri üçün mühazirələr oxudular.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər