Mərkəzi Seçki Komissiyasında Dairə Seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. Dünən kursların ikinci günü keçirilən tədbiri açan MSK sədri Məzahir Pənahov Azərbaycanda seçki mədəniyyətinin mövcudluğunu bildirdi və bunlardan biri kimi adıçəkilən kursların təşkilini qeyd etdi.
Kursda Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Seçki (referendum) prosesində aşkarlıq institutları, onların həyata keçirilməsində KİV-lərin rolu" mövzusunda məruzə ilə çıxış etdi. Dünyanın qədim və müasir seçki praktikasından danışan Ə.Həsənov bildirdi ki, seçki institutlarının formalaşmasının qədim tarixi olub: "Qədim dövrdə seçkidə hamı deyil, ayrı-ayrı tayfa başçıları iştirak edirdi. Başqa dövrdə sərkərdələr seçirdi. Digər seçki sistemlərində kişilər iştirak edirdi. Ayrı-ayrı seçki sistemlərinin fərqli tərəfləri var. Son dövrlərdə şəffaf seçkilərin öz normaları var və əvvəlki seçkilərə bənzəmir. Ümumiyyətlə, tarix boyu hakimiyyətin formalaşmasının müxtəlif formaları olub ki, onlardan biri də seçkidir".
Ə.Həsənov onu da bildirdi ki, Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində fəaliyyətini bu qurumla əlaqələndirmək xətti tutdu: "Hər bir fəaliyyətin əsasında qanun dayanmalıdır. Bütün fəaliyyətlərdə şəffaflığın qorunması vacibdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa Şurasının təqdim etdiyi demokratik seçkilər sistemini seçib". Onun sözlərinə görə, 1995-ci ildən başlayaraq Azərbaycanda keçirilən seçkilər seçki sisteminin təşəkkül tapmasına şərait yaradıb.
Ölkədə fəaliyyət göstərən mətbuatın fəaliyyətinə toxunan Ə.Həsənov mövcud nöqsanları da qeyd etdi: "Bu gün təəssüf ki, ölkədəki qəzetlər ictimai informasiya yükünü itirib. İnsanlar daha çox televiziya və radiolarda verilən informasiyalara inanırlar. Eyni xəbəri qəzetdə oxuyan şəxs, həmin informasiyanı televiziya və ya radioda eşitməmiş ona inanmır".
Ə.Həsənov bir sıra qəzetlərin maddi maraqlar naminə eyni adam haqqında pozitiv, yaxud neqativ məlumat yazdığını bildirdi: "Bir şəxsdən pul alıb onu müsbət xarakterizə edirlərsə, başqasından pul ala bilməyəndə əleyhinə yazırlar. Qəzet var ki, ən mühüm nazirləri 10 dəfə "tutur", 15 dəfə işdən "çıxarır".
Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri qəzetlərin oxuculara düzgün, səhih məlumatlar çatdırmasının zəruriliyini qeyd etdi: "Mən bu ölkənin ən çox qəzet oxuyan adamıyam. Hər gün səhər saat 9-dan günorta saat 2-ə qədər ölkədə və ölkədən kənarda çıxan qəzetləri, həmçinin, saytları oxuyur, televiziyalardakı məlumatlardan xəbər tutur, tapşırıqlar verirəm. Ondan sonra cəmi 4 saat vaxtım qalır ki, ölkənin ictimai-siyasi işinin idarəçiliyi ilə məşğul olum".
Ə.Həsənov bəzi qəzetlərin informasiya ötürmək funksiyasını siyasi və maddi ambisiyalarına qurban vermələrindən təəssüfləndiyin bildirdi. O da vurğulandı ki, əgər bir şəxs səhər qəzet alanda oradan obyektiv, düzgün məlumat ala bilmirsə, həmin qəzet öz ictimai-siyasi vəzifəsini yerinə yetirməmiş sayılır: "Jurnalist heç vaxt mülahizə ilə çıxış etməli deyil, çünki hər redaksiya öz informasiyasının dəqiqliyinə, operativliyinə görə məsuliyyət daşıyır".
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda həqiqəti tapmaq üçün gündə azı beş qəzet oxumalısan: "Bəziləri hökumətin gördüyü işi bütövlüklə pisləyir, bəziləri tamamilə tərifləyir. Vətəndaşlar özləri ortaq mövqe axtarmalı, düzgün məlumatı özləri üçün ayırd etməli olurlar. Əslində isə, qəzetlər bütün məsələləri tam şəffaf, obyektiv təqdim etməlidirlər".
Ə.Həsənov internet saytlarında yayılan yanlış məlumatlar və onlarla mübarizə ilə bağlı ünvanlanan suala cavabında bildirdi ki, "İnternet sahibsiz bir pişikdir. Birinin çörəyini oğurlayır, birinin cücəsini və s. Hər bir şəxs qanun qarşısında məsuliyyətli olmalıdır: "İnternet insanlar arasında kommunikasiyanı asanlaşdırdığı kimi, tərbiyəsizliyi yaymaqla məşğuldur. Lakin hər kəs qanun qarşısında məsuliyyət hiss etməlidir. Demokratiya dərk olunmuş nizam-intizamdır, anarxiya demək deyil".
Şöbə müdiri onu da bildirdi ki, haqqında məlumat yayılmış istənilən şəxs qanunla istənilən yerdə məhkəməyə müraciət edə bilər: "Lakin biz məhkəməyə müraciət etməyi məmurlara da tövsiyə etmirik. İnternetin bu gün xeyirli tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. İnternet informasiya azğınlığı probleminə çevrilib, hətta terrorizmi də asanlaşdırıb".
Tədbir ikinci hissəsində Ədliyyə Nazirliyi təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov "Seçki prosesi iştirakçılarının hüquq və vəzifələri" mövzusunda çıxış etdi.
R.KAMALQIZI