Dünən jurnalistələrə açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, MDB-nin Düşənbə sammitində Azərbaycanın baş nazir səviyyəsində təmsil olunması bu quruma yanaşmamızın göstəricisi deyil. O, qeyd etdi ki, MDB sammitlərində təkcə Azərbaycan deyil, digər ölkələr də bəzən baş nazir, parlament sədri, hətta nazir səviyyəsində təmsil olunur.
Ə.Həsənov açıqlamasında onu da bildirdi ki, Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, "Mən hiss etsəm ki, danışıqların potensialı tükənib, bunlar yalnız danışıqlar aparmaq xatirinə aparılır, Azərbaycan tərəfi bu danışıqlardan imtina edəcək, digər vasitələrlə ərazi bütövlüyünü bərpa edəcək".
O, Azərbaycan tərəfinin, hələ ki, bu potensialın tükənməsi barədə birmənalı bəyanat verə bilmədiyini söyləyib: "Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri, eyni zamanda, beynəlxalq sülhyaratma proseslərində iştirak edən digər institutlar belə düşünməyə əsas verir ki, Ermənistana təzyiq vasitəsilə bu məsələni dinc yolla həll etmək mümkündür".
Ə.Həsənov Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə konkret fikir söyləyə bilməyəcəyini də dedi. Onu da vurğuladı ki, sadəcə olaraq, erməni tərəfinin iradəsizliyi və yaxud öz iradəsindən asılı olmaması, qeyri-konstruktivliyi və yaxud qeyri-konstruktivliyə məcbur edilməsi bu porseslərin getdikcə ləngiməsinə səbəb olur. Onun sözlərinə görə, gec-tez bu məsələnin həlli tapılmalıdır, torpaqlar uzun müddət işğal altında qala bilməz: "Azərbaycanın yürütdüyü siyasət nəticəsində beynəlxalq aləmdə, əsasən, beynəlxalq təşkilatlarda, ölkələrdə Azərbaycanın ərazi bütövlüyü tanınır.
Ə.Həsənov, həmçinin, qeyd etdi ki, Azərbaycan üçün danışıqların potensialı hələ tükənməyib. Şöbə müdiri Ermənistan prezidenti Serj Sarkisyanın "Dağlıq Qarabağ xalqı öz müqəddəratını təyinetmə hüququndan tam əsasla istifadə edib və özünün müstəqil yaşamaq hüququnu qanı bahasına qazanıb" fikirlərinə münasibət bildirdi: "Dağlıq Qarabağ probleminin nizamlanma prosesi ilə bağlı dəfələrlə bəyan etmişik ki, bunun sadə formulu var - məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Bu formulla bağlı Azərbaycan Prezidenti dəfələrlə danışıb, danışıqlar prosesinin hansı məsələlər ətrafında getdiyini də söyləyib. Yəni, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, Dağlıq Qarabağda yaşayan bütün əhalinin milli, etnik vətəndaş hüquqları və dinc şərait təmin olunmalıdır. Bu normalar artıq bəllidir və neçə illərdir bu normalar ətrafında danışıqlar gedir. Sadəcə olaraq, Ermənistan tərəfinin iradəsizliyi, yaxud öz iradəsindən asılı olmamağı, qeyri-konstruktivliyi, yaxud qeyri-konstruktivliyə məcbur edilməsi bu proseslərin getdikcə ləngiməsinə səbəb olur".
Şöbə müdiri qeyd etdi ki, Dağlıq Qarabağ probleminin həlli gec-tez tapılmalıdır: "Əks təqdirdə, "nə müharibə, nə sülh" şəraiti - torpaqların işğal altında qalması, məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərində məskunlaşması uzun müddət davam edə bilməz".
RƏFİQƏ HÜSEYNOVA