Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq, 20 ildə respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı uğurların təbliği günümüzün əsas göstəricilərindəndir. "İyirmi il həm böyük, həm də çox da böyük olmayan müddətdir. İyirmi il ərzində çox iş görmək olar, heç nə görməmək də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da, tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün danışdığımız bütün uğurlar bu müstəqilliyin nəticəsidir" söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillikdən qiymətli heç bir şey ola bilməz.
Müstəqil Azərbaycanımızın bugünkü uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Bu strategiyanın uğurlu icrasına stimul verən əsas amil isə ölkədə mövcud olan ictimai-siyasi sabitlikdir. Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu marağın heç də həmişə Azərbaycana qarşı müsbət xarakterli olmadığı da bəllidir. Müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durum Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olmayan qüvvələrin təsirləri nəticəsində gərginlik davam edir, insanların təlaş və narahatlığını artırırdı. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması bu tərəddüdləri aradan qaldırdı. Hər bir ölkənin hərtərəfli inkişafında iqtisadi tərəqqinin əsas amil olduğunu önə çəkən Ulu Öndər əsrlərdən bəri özünü doğrultmuş təcrübəni müdrikliyi ilə təkmilləşdirdi, tətbiq etdi: "Heç bir ölkə beynəlxalq əməkdaşlığı, təcrübə mübadiləsi olmadan, səyləri və ehtiyatları birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz."
1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından əvvəl beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransını keçirməklə bu ideyanı müstəqil Azərbaycanda tətbiq edən Heydər Əliyev ölkəmizin enerji resurslarının dünyaya təqdimatı istiqamətində müdriklik göstərərək tarixi missiyanı yerinə yetirdi. Dünyanın qüdrətli ölkələrini və tanınmış neft şirkətlərinin əsas iştirakçılarını bir araya gətirən sərgi Azərbaycanın qapılarını dünyaya açdı, Avropa ölkələrinin enerji ilə təminatında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev həmin dövrün xarakteristikasını belə ifadə edir: "1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə Azərbaycanın, ümumiyyətlə, gələcəyi haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu hansı istiqamətdə görür? Bütün bu suallar ölkə qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi."
2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına daxil olmasının məhz 28 May Respublika Gününə təsadüf etməsi dövlət müstəqilliyimizin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin böyük rolu olduğunu bir daha təsdiqlədi. Bu hadisə münasibətilə Prezident İlham Əliyevin xalqa müraciətində də bildirilir: "Gəlin fərz edək ki, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı? Əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq, nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik".
Bu gün reallaşan layihələr vaxtı ilə BTC-ni əfsanə adlandıranlara tutarlı cavab olmaqla Heydər Əliyev ideyalarının, neft strategiyasının təntənəsi, müstəqilliyimizin əbədi qarantı oldu. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum nəinki Azərbaycanın inkişafını müəyyən etdi, eyni zamanda, bölgədə və regionda tamamilə yeni situasiyanı yaratdı. Hər bir sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi gələcək uğurlara böyük yol açır. Bir sözlə, bu günün reallıqları Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi ""Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq" fikrini təsdiqləyir. Bu uğurları statistik göstəricilər də təsdiqləyir.
...1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 97 milyard dollar investisiya qoyulmuşdur. Əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sektoruna qoyulsa da, son illərdə qeyri-neft sektoru sahəsində mövcud durum da xarici və yerli iş adamlarının diqqətində olaraq, qoyulan vəsaitin böyük əksəriyyəti bu sahənin payına düşür. Qeyri-neft sektorunun inkişafını uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini, liberallaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Ölkə iqtisadiyyatının düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki, Azərbaycan dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxdı. 2009-cu ildə ölkəmizdə iqtisadi artım 9,3 faiz, 2010-cu ildə isə 5 faiz olmuşdur. Bu gün müstəqil dövlətimizin regionda və dünyada iqtisadi göstəricilərə görə liderliyi ələ alması, böyük enerji layihələrinin mərkəzinə çevrilməsi, ölkəmizin iştirakı olmadan hansısa bir iqtisadi, siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, respublikamızın dünya birliyində yeri və rolunun artması danılmaz həqiqətdir. Azərbaycan çox önəmli neft-qaz ixrac edən ölkəyə çevrilir. Son bir ildə müxtəlif ölkələrlə qaz sahəsində əməkdaşlığa dair sazişlərin imzalanması, ARDNŞ-in daxili imkanları hesabına "Ümid" qaz yatağının aşkarlanması, "Babək" yatağı ilə əlaqədar proqnozlar deyilənlərin təsdiqidir. ARDNŞ-in adı bu gün dünyanın tanınmış şirkətləri arasında çəkilir. Azərbaycan Dövlət Neft Şirkəti müxtəlif ölkələrdə uğurlu investisiya layihələri həyata keçirir. Türkiyənin kimya sənayesini özündə birləşdirən "PETKİM"in idarəçiliyi artıq ARDNŞ-in səlahiyyətlərinə daxildir. Bu müəssisə artıq Dövlət Neft Şirkətinin mülkiyyətidir. Bu müəssisəyə və Kulevi ( Gürcüstan) terminalına qoyulan sərmayələr öz səmərəsini verir. Gürcüstanda, Ukraynada və digər ölkələrdə yanacaqdoldurma stansiyalarının tikintisini, qaz təsərrüfatında idarəçilik prinsiplərini Azərbaycan Dövlət Neft Şirkəti icra edir. Bütün bunlar imkanlarımızı genişləndirir. Dövlət başçısı İlham Əliyev bildirir ki, AGRİ, Nabucco, "Cənub qaz dəhlizi" kimi perspektivli layihələr ARDNŞ-in beynəlxalq şirkətə çevrilməsini şərtləndirən amillərdir.
İmzalanan kontraktlar və anlaşma memorandumları Azərbaycanın malik olduğu imkanların göstəricilərindəndir. Azərbaycanın əsas iştirakçısı və təşəbbüsçüsü olduğu BTC və BTƏ neft-qaz layihələri artıq regional müstəvidən çıxıb, qlobal xarakter daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi bu layihələr olmasaydı, bu gün hər hansı bir "Cənub dəhlizi"ndən söhbət gedə bilməz, Avropanın enerji təhlükəsizliyi məsələləri tamamilə başqa istiqamətdə həll olunacaqdı: "Bu gün əldə edilmiş uğurlar əsasında gələcəyə baxırıq. O gələcəyə ki, qarşımızda yeni imkanlar, yeni üfüqlər açılır".
Son illər iqtisadi artımın sürətinə görə dünyada birinciliyi ələ alan Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasət, neft-qaz hasilatının ildən-ilə artması beynəlxalq maliyyə qurumlarının hesabatlarında da xüsusi vurğulanır. Ötən il 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib. 2015-ci ildə neft hasilatının 60 milyon tona, qaz hasilatının isə 35-40 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Dövlət başçısı bu əminliyi də ifadə edir ki, ölkəmiz qarşıdakı illərdə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq. "Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır."
Yeni layihələr üçün real imkanlar yaranıb. Öz əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan, Avropanı Asiya ilə birləşdirəcək növbəti qapı kimi dəyərləndirilən, 2012-ci ildə istifadəsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi istiqamətində addımların atılması da neft gəlirlərindən səmərəli istifadənin göstəricisidir. Məlum olduğu kimi, bu layihə xeyli müddət gündəmdə olsa da maliyyə problemi onun gerçəkləşdirilməsi istiqamətində addımların atılmasını arxa plana keçirirdi. Lakin Azərbaycan dəmir yolunun Gürcüstan hissəsinin də maliyyəsini öz üzərinə götürməklə, ilk addımı atdı. Həmin məbləği Gürcüstan tərəfi ölkəmizə kredit əsasında ödəyəcək.
Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunmasını təmin etmək üçün Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitlərinin həcmi hazırda 30 milyard dollardan artıqdır. Dövlət başçısı İlham Əliyevin böyük əminliklə qeyd etdiyi "Biz bu gün istənilən böyük maliyyə resurslarını tələb edən layihəni öz gücümüzlə icra edə bilərik" fikri bu günümüzün gerçəkliklərini özündə birləşdirir. Təbii resurslardan səmərəli istifadə bu uğurların davamlılığına zəmin yaradıb. Beynəlxalq maliyyə qurumlarının proqnozlarına görə yaxın 10 ildə təkcə neft-qaz layihələrindən dövlət büdcəsinə 200 milyard dollar vəsait daxil olacaq. Bu gün dövlət büdcəmizin 20 milyard, valyuta ehtiyatlarımızın 38 milyard dollardan artıq olması Azərbaycanın artan maliyyə imkanlarının göstəricisidir.
Azərbaycan enerji sahəsində regional mərkəzə çevrilib. Beynəlxalq əhəmiyyətə malik və Avropanın enerji təhlükəsizliyinə zəmanət verən, Azərbaycanın əsas iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr ölkələr arasında əməkdaşlıqda körpü rolunu oynayır. Əldə olunan uğurların yeni nəticələrə stimul verdiyini söyləyən Prezident İlham Əliyev bir daha bildirir ki, iqtisadi imkanlar məhdud olan yerdə siyasi təşəbbüsləri irəli sürmək, öz milli maraqlarını maksimum dərəcədə müdafiə etmək və prinsipial müstəqil siyasət aparmaq çox çətin olur. İqtisadi müstəqilliyimiz, böyük valyuta ehtiyatlarımız, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyini təsdiqləyir. Ölkə iqtisadiyyatı artıq keçid dövrünü başa vurub. Bu uğurların fonunda ölkəmizin gələcəyi aydın görünür. Sabaha təkmilləşdirilmiş idarəetmə mexanizmi, qabaqcıl texnika və texnologiya, bilikli və bacarıqlı gənc kadrlarla gedən Azərbaycan dövləti uğurların davamlılığını təmin etmək üçün hazırkı dövrün əsas çağırışı olan elmin, ali təhsilin və iqtisadiyyatın birliyini möhkəmləndirmək istiqamətində mühüm addımlar atmaqdadır.
Orxan Vahidoğlu,
"İki sahil"
Məqalə Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar gənclər arasında keçirdiyi "Müasir Azərbaycan-20" adlı yazı müsabiqəsinə təqdim etmək üçündür.