PDF Oxu

Əsas

  • 15

Azərbaycanın müstəqilliyi - 20 ildən sonra

Azərbaycanın müstəqilliyi - 20 ildən sonra

Bu gün Azərbaycanımız müstəqildir. Düz 20 il bundan əvvəl Sovet İttifaqının tərkibində respublika statusu ilə təmsil olunsaq da, bu rəmzi bir dövlət quruluşu idi. Moskvanın icazəsi olmadan nə müstəqil siyasət yürüdülə, nə də qanunlar qəbul edilə bilərdi. Amma bolşevik hakimiyyətinin 70 illik müstəmləkəsinə son qoyulurdu. Hər yerdə mərkəzi hakimiyyətə qarşı etiraz dalğası başlamışdı. Bütün SSRİ-ni bürümüş iğtişaşların bünövrəsi Azərbaycanda qoyulmuşdu desək, yəqin ki, tarix də bizə şahidlik edər.

Həm azadlıq arzusu, həm də bədnam qonşularımız olan Ermənistanın Azərbaycandan torpaq qoparmaq iştahası xalqımızı daha da qəzəbləndirir, Moskvanın erməni vəhşiliklərinə bilərəkdən göz yumması isə insanların qəzəbini daha da alovlandırırdı. Azərbaycanın SSRİ tərkibində yeganə qarantı hesab olunan Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması ilə ölkəmizə qarşı başlanan hücum kampaniyası Vətənini sevən hər kəsi meydanlara çıxmağa vadar edirdi. Belə bir zamanda yeganə çıxış yolu yalnız sovet hakimiyyətindən ayrılmaq, müstəqillik əldə etmək idi.

... Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Ali Sovetin növbətənkənar sessiyasında Dövlət İstiqlaliyyəti haqqında bəyannamə qəbul olundu. 1991-ci il oktyabrın 18-də Ali Sovetdə moskvapərəst deputatların canfəşanlığına baxmayaraq, Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul edildi. Sənədlərdə olsa belə, o vaxtdan Azərbaycan öz müstəqilliyinə qovuşdu.

Konstitusiya aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsipləri - bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi. Sonra dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edildi. Azərbaycanın siyasi-hüquqi həyatında mühüm rol oynayan "Siyasi partiyalar haqqında" qanun hazırlandı. İnsan hüquqları sahəsində də əhəmiyyətli addımlar atıldı, Azərbaycan "Vətəndaş və siyasi hüquqlar haqqında", "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktlara, elcə də, "Qadınların siyasi hüquqları haqqında", "Qadınların statusu haqqında" beynəlxalq konvensiyalara qoşuldu. Amma...

Bu "amma"nı aydınlaşdırmağa çalışacağıq. Əslində, tarixə qısa ekskurs edəcəyik. Tarix bir daha sübut etdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan yüz dəfə artıq çətindir. 1988-ci ildən başlamış erməni təcavüzü 1991-ci ilin oktyabr ayından sonra daha da genişləndi, Cənubi Qafqazı, xüsusilə, Azərbaycanı itirməklə barışmayan imperiyanın təcavüzə dəstəyi artdı, Azərbaycan ərazilərinin beşdə biri işğal olundu, Azərbaycanın bölgələrə parçalanması təhlükəsi reallaşdı, hərbi qarşıdurma və vətəndaş müharibəsi üçün şərait yarandı.

SSRİ-nin dağılması ilə müstəqil milli dövlətçiliyin qurulması üçün tarixi bir şans qazanmış Azərbaycan idarəetmədə naşı olan rəhbərlərin cəsarətsizliyi, qeyri-prinsipial mövqe nümayiş etdirməsi nəticəsində ciddi problemlərlə qarşılaşdı. Həmin dövrdə baş verən hadisələr, həm daxildə, həm də qlobal geosiyasi kontekstdə cərəyan edən ictimai-siyasi proseslər müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan şəxslərdə çaşqınlıq yaratdı, onların qeyri-yetkinliyi və dövlət idarəçiliyindəki səriştəsizliyi vətəndaş qarşıdurması yaratdı. Ölkədə baş qaldırmış xaos, anarxiya və özbaşınalıq getdikcə daha geniş vüsət aldı, XX əsrin əvvəlində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ibrət götürülməmiş mənfi təzahürlərinin təkrarlanması təhlükəsi yarandı. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin uzunmüddətli olmamasının səbəblərindən biri də xalqı arxasınca sona qədər aparmağa qadir olan liderin yoxluğu idi. Yalnız belə bir lider - xalqın inandığı, etibar etdiyi, dövlət idarəçiliyində zəngin təcrübəsi olan müdrik şəxsiyyət qarşıya çıxan problemlərin aradan qaldırılmasında düzgün seçim edir və xalq düçar olduğu ağır bəlalardan qurtulur. 1993-cü ildə Azərbaycan xalqı öz nicat yolunu Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsində tapdı.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" elmi əsərində yazır: "Tarix sübut etmişdir ki, dövlətin, cəmiyyətin və qlobal proseslərin inkişafını müəyyən edən başlıca amillərdən biri şəxsiyyət fenomenidir. Tarixi proseslərə obyektiv surətdə təsir göstərən bütün başqa amillər konkret ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitdən asılıdır. Şəxsiyyətin rolu isə prioritet kimi çıxış edir, çünki məhz konkret şəxsiyyət özünün fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqların, dövlətlərin tarixinə və dünya nizamına təsir göstərə bilər. Bəşəriyyətə ən qədim zamanlardan bəri çox görkəmli insanlar, şəxsiyyətlər məlumdur, dünya tarixinin ayrı-ayrı dövrləri, bütöv epoxalar, millətlərin keçmişi və bu günü onların adı ilə bağlıdır. Bu tarixi şəxsiyyətlər öz əməlləri ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin inkişafının həmin dövrü konkret görkəmli siyasi şəxsiyyətlərin ideyalarının təcəssümünün nəticəsi kimi onların adları ilə səciyyələndirilir.

Bir çox xalqların tarixi təcrübəsi milli tarixin böhranlı zaman kəsiyində məhz müəyyən şəxsiyyətin sayəsində ölkədə vəziyyətin necə dəyişməsinə, həyati əhəmiyyətli məqsədlərə nail olmaq üçün cəmiyyətin və onun ən yaxşı nümayəndələrinin sıx birləşməsinə dair parlaq misallarla zəngindir. Bu baxımdan nisbətən yaxın tarixdən misallar göstərmək olar. Mustafa Kamal Atatürk və 1920-ci illərdə müasir Türkiyə Cümhuriyyətinin yaradılması; Konrad Adenauer və müharibə nəticəsində dağıdılmış Almaniya Federativ Respublikasının 1950-ci illərdə bərpası; Şarl de Qoll və 1960-cı illərdəki narahat Fransa; Li Kuan Yu və 1965-ci ildə Sinqapurun yaranması; Franklin Ruzvelt və 1930-1940-cı illərdə ABŞ-ın timsalında dünya hegemonunun formalaşması.

Azərbaycan xalqının ən yeni tarixində belə bir şəxsiyyət Ümummilli Lider Heydər Əliyev, sözün həqiqi mənasında, millətin və dövlətçiliyin xilaskarı olan insan öz cəsarəti, təcrübəsi və işləri ilə indiyəqədərki bütün dəyərlər və siyasi oriyentirlər sisteminin fövqünə ucalmış şəxsiyyət olmuşdur. Heydər Əliyevi tarixi şəxsiyyətlər sırasına çıxaran, vətəndaş və siyasi hünəri müxtəlif təhdidlərə və təqiblərə rəğmən siyasətə qayıtmaq və Azərbaycanın taleyini öz əlinə almaq qətiyyətindən ibarət idi".

...1994-cü ilin oktyabr və 1995-ci ilin mart qiyamları yatırıldı, "Əsrin müqaviləsi" sayılan neft kontraktları imzalandı və bununla da dövlətçiliyimiz üçün əsas təhlükələr aradan qalxdı. Müstəqillik qazanan Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmaq istiqamətində real addımları da bundan sonraya təsadüf etdi və bir sıra beynəlxalq təşkilatlara üzv seçilən ölkəmiz 2001-ci ildə "Avropa dövlətlərinin ailəsi" sayılan Avropa Şurasına qəbul edildi.

İyirmi il müstəqillik yolunda inamla, qətiyyətlə irəliləyən ölkəmiz artıq dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub. SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş müttəfiq respublikalarla müqayisədə Azərbaycan sürətlə inkişaf edib, bəzi sahələr üzrə təkcə regionda deyil, dünyada öncül yerlərdə olub. Bu uğurlar ildən-ilə daha da artıb, əhəmiyyətli islahatlar aparılıb və ölkəmiz iqtisadiyyatın inkişaf tempinə görə dünyada lider dövlətə çevirilib.

Müstəqilliyimiz qürur mənbəyimizdir. Hər birimiz - dünyada yaşayan bütün azərbaycanlılar müstəqil Azərbaycanın qazandığı uğurlarla fəxr edir, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəlməsi, mövqelərinin möhkəmlənməsi və dünyada söz sahibi olması üçün bütün imkanlardan istifadə edirik. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirib, ölkəmizin iqtisadi qüdrətini, gücünü artırıb.

Ulu Öndərin xalq, Vətən qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi praqmatik düşüncəli, məntiqli, geniş dünyagörüşə malik bir şəxsiyyəti yetirməsidir. Onun yarımçıq qalmış işləri bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.

2003-cü ildə Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoydu. Müstəqil milli dövlətçiliyin qorunub saxlanılması, eyni zamanda, dünya birliyinə inteqrasiyası Prezident İlham Əliyevin həyata keçirdiyi prioritet vəzifələrdən biridir. Ölkədə yaradılmış davamlı ictimai-siyasi sabitlik, dövlət başçısının cəsarətli, qətiyyətli, bəzən də reallığa hesablanmış riskli addımları xəyallarda əfsanə kimi qalan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdırdı. Sonra isə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanılıb. Azərbaycan öz təbii sərvətlərini heç bir ölkənin vasitəçiliyi olmadan dünya bazarlarına çıxarmaq imkanı qazanıb. Bununla da ölkəmiz dünya birliyində öz mövqelərini daha da möhkəmləndirdi və iri infrastruktur layihələrin reallaşdırılmasında gücü, qüdrəti və təcrübəsi olan müstəqil dövlət imici qazanıb.

Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20-ci ildönümünü böyük təntənə ilə qarşılamağa hazırlaşırıq. Bu bayramın respublikamızın bütün bölgələrində təmtəraqlı keçirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev 21 yanvar 2011-ci il tarixli Sərəncam imzalayıb.

İyirmi il ərzində ölkəmiz tarixi əlamətdar hadisələrlə daha da zənginləşərək, dünya miqyaslı nailiyyətlərə imza atıb. Bu müddət ərzində Azərbaycan dünyanın qüdrətli dövlətləri sırasına qoşulub. Təbii ki, Azərbaycanın inkişafı bu vaxta qədər qazanılmış uğurlarla kifayətlənməyəcək. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin məntiqli davamı müstəqil Azərbaycanın adını daha yüksəkliyə qaldıracaq.

Məlahət NƏSİBOVA

Məqalə Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar gənclər arasında keçirdiyi "Müasir Azərbaycan-20" adlı yazı müsabiqəsinə təqdim etmək üçündür.

Digər xəbərlər