Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci sessiyası öz işinə yekun vurdu. Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sessiyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox mühüm və əlamətdar hadisəyə çevrildi. Belə ki, bu toplantıya dəfələrlə Azərbaycan nümayəndəsinin sədrlik etməsi ölkəmizin regionda durmadan artan rolunu göstərir.
Eləcə də, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan səhiyyə sisteminin inkişafını sübut edir. Toplantı respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bir vaxta təsadüf etdi. Belə bir tədbirin ölkəmizdə keçirilməsi təsadüfi deyildi. Müstəqilliyini qazanmış ölkədə bu illər məsafəsində səhiyyə böyük inkişaf yolu keçmişdir. Belə ki, tibb müəssisələrinin maddi-texniki bazasının əsaslı surətdə yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının yaradılması və özəl sektorun qurulması istiqamətində nailiyyətlər qazanılmışdır. Son zamanlar ölkəmizdə səhiyyə sistemində mühüm islahatlar həyata keçirilmiş, səhiyyə sahəsinin inkişafına ayrılan vəsaitin məbləği artmışdır. Ölkədə yeni müasir müalicə ocaqları inşa edilərək yenidən qurulmurdur. Dövlət dəstəyi və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da səhiyyə sahəsinin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Ailə, ana və uşaq sağlamlığının qorunması fondun diqqətdə saxladığı əsas sahələrdəndir. Bununla bağlı fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən zəruri proqram və layihələr Azərbaycanda səhiyyə sahəsinin inkişafına əvəzsiz töhfələr vermişdir. Son illər ərzində ölkəmizdə 400-dən artıq səhiyyə müəssisəsi tikilib, əsaslı şəkildə təmir edilib. Məhz bu göstəricilər dünya dövlətlərinin Azərbaycan səhiyyəsinə olan diqqətini artırıb. Belə bir möhtəşəm tədbirin Azərbaycanda təşkili bu reallıqlara əsaslanır. Sessiyada ÜST-ün baş direktoru Marqaret Çanın Azərbaycan səhiyyəsinin son 5 il ərzində çox böyük irəliləyişlər əldə etdiyini, səhiyyə sahəsində böyük investisiya layihələrinin həyata keçirildiyini, diqqətə çatdırması məhz bu əsasları təsdiqləyir.
ÜST ilə Azərbaycan arasında əməkdaşlıq çox uğurla və sürətlə inkişaf edir. Bu gün Azərbaycan insan sağlamlığını şərtləndirən məsələlərə diqqət ayırır. Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər güclənir. Azərbaycan "Şərq tərəfdaşlığı" Proqramının üzvüdür. Bu proqrama qoşulmağın əsas səbəbi Avropa ölkələrinin qabaqcıl təcrübəsini Azərbaycanda tətbiq etmək, Avropa standartlarına yaxın olaraq, gələcəkdə səhiyyə sahəsini Avropa standartlarına uyğunlaşdırmaqdır.
Azərbaycanda səhiyyə sahəsində olan sıçrayışlar ölkəmizdə iqtisadi islahatların reallaşmasıdır. Sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan son illər ərzində iqtisadi sahədə çox böyük uğurlara nail ola bilmişdir:"İqtisadiyyatımız son 7 il ərzində dünya miqyasında ən yüksək templərlə inkişaf etmişdir. Son 7 il ərzində Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır. Yəni 300 faizə yaxın artmışdır. Bu, dünya praktikasında nadir bir göstəricidir". Dövlət başçısının həyata keçirdiyi layihələr, köklü islahatlar nəticəsində ölkəmizin keçmişinə xas olan yoxsulluq problemi də aradan qaldırılır. Belə ki, müqayisədə yoxsulluq şəraitində yaşayanlar insanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə enib. Azərbaycan Prezidenti İlham Əliyev bunu dünya praktikasında ən sürətli inkişaf kimi qiymətləndirir. Təbii prosesdir ki, yoxsulluq şəraitindən çıxan insanın imkanları da genişlənləndikcə öz sağlamlıqlarına daha ciddi şəkildə, qayğı ilə yanaşırlar. Bütün bunlar dünya dövlətlərinin diqqətində olan amillər olduğundan Azərbaycana maraq göstərilir. Regionu təmsil edən dövlətlərin iştirakı ilə keçirilən sessiya çərçivəsində müxtəlif ölkələrin nümayəndələri Azərbaycanın bir sıra tibb müəssisələrində olmuş, xəstələr və həkimlərlə görüşmüşlər. Onlar yeni tikilən xəstəxanalar və əsaslı təmirdən çıxmış tibb müəssisələri ilə tanışlıqdan sonra Azərbaycan səhiyyəsinin qısa vaxtda yüksək səviyyədə inkişaf etdiyini bildirmişlər.
Böyük əhəmiyyət daşıyan sessiyada bir sıra məsələlər müzakirəyə çıxarılmış və mühüm qərarlar qəbul edilmişdir. Tədbirdə səhiyyə sisteminin problemləri, ictimai səhiyyənin imkanları və digər məsələlər barədə də müzakirələr aparılmışdır.
Sessiyada səhiyyə nazirlərinə sağlamlığın pozulması üzrə 5 innovativ mübarizə planını təsdiqləmək təklif olunub. Beş əsas fəaliyyət planı qeyri-infeksiya xəstəliklərinə (QİX), alkoqol, QİÇS/SPİD, dərmanlara davamlı vərəm və antibiotiklərə davamlılıq kimi 5 əsas problemə aiddir. Müzakirələrdə iştirak edən ölkələrin nümayəndələr tərəfindən DST-nin hazırladığı Avropa fəaliyyət planları təsdiqlənmişdir. Hər 3 fəaliyyət planı dəyişiklik və əlavələrlə qəbul olunmuşdur.
Sessiya çərçivəsində qeyri-yoluxucu xəstəliklərlə mübarizə (2012-2016-cı illər) və ziyanlı alkoqol istehlakının azaldılması ilə bağlı Avropa fəaliyyət planları dəyişiklik və əlavələrlə qəbul olunmuşdur. "Zehni imkanları məhdud olan uşaqların və onların ailələrinin sağlamlığı" ilə bağlı Avropa deklorasiyası təsdiq edilmişdir.
Avropa qitəsində insanların sağlamlığı üçün təhlükə artmaqdadır. İnfeksiyalara səbəb olan bakteriyalar antibiotiklərə qarşı getdikcə daha güclü müqavimət göstərir. Bunun əsas səbəbi dərmanlardan düzgün istifadə edilməməsidir. Bu baxımdan sessiyada DST-nin hazırladığı antibiotiklərə davamlılıq və onlardan düzgün istifadə qaydaları ilə bağlı fəaliyyət planı geniş müzakirə olunmuşdur. Fəaliyyət planının məqsədi antibiotiklərlə bağlı ölüm hallarının azaltmaq, eləcə də, həmin preparatların düzgün istifadəsinə kömək etməkdir.
Vərəmlə mübarizə və onun profilaktikası (2011-2015-ci illər) ilə bağlı fəaliyyət planı sessiya iştirakçılarına təqdim olunmuşdur. Qeyd edilmişdir ki, 2008-2009-cu illərdə Avropada çətin müalicə olunan vərəm hallarının sayı altı dəfədən çox artmışdır. Əgər yeni plan həyata keçirilərsə, 120 min insanın həyatını xilas etmək və 5 milyard dollar vəsaitə qənaət etmək olar.
Bununla yanaşı, toplantıda bütün ölkələrin əhalisinin sağlamlığının yaxşılaşdırılmasını nəzərdə tutan və "Sağlamlıq-2020" adını daşıyan yeni Avropa regional siyasəti müzakirə edilib. Yeni siyasət regionun bütün vətəndaşlarının sağlam olmaq haqqını bir daha dəstəkləyir, bu siyasətin reallaşdırılmasına görə bütün cəmiyyət və dövlət məsuliyyət daşıyır. "Sağlamlıq-2020 siyasəti" Avropa regionunda sağlamlığa və firəvan yaşayışa yeni baxış nəzərdə tutur. Siyasətin əsaslarına görə, hər bir kəsin sağlamlığının tam potensialına nail olmaq imkanı olmalıdır. ÜST-ün Avropa regional bürosunun direktoru Suzanna Cakabın sözlərinə görə, cəmiyyətin hərtərəfli inkişaf etməsi üçün sağlamlıq əsas rol oynayır. "Sağlamlıq-2020" bu məqsədə nail olmaq üçün öz töhfəsini verəcək. Strateji idarəetmənin və sağlamlığın qorunması işinin təşkilində, sağlamlığın qorunması və sağlamlığa nail olmaq üçün maneələrin azaldılması üçün yeni formalar təklif edir. Bu siyasət sosial ədalətə daha çox riayət etməklə sağlamlığın yaxşılaşdırılması və Avropada yaşayanların firavanlığının səviyyəsini qaldırmaq üçün yolları göstərəcək. "Sağlamlıq 2020" proqramının hazırlanması istiqamətində işlərin davam etdirilməsi iştirakçılar tərəfindən dəstəklənmişdir. Bu proqram ictimai səhiyyənin inkişaf etdirilməsi və xəstəliklərə qarşı mübarizə sahəsində dövlətlərin hərtərəfli yanaşmasını təşviq edən kompleks səhiyyə siyasətini əhatə edir.
Sessiyada ümumi olaraq qərara alınmışdır ki, səhiyyə üçün sadəcə xəstəliyə tutulan insanlar deyil, cəmiyyətin bütün üzvləri məsuliyyət daşımalıdır.
Bu, yaddaqalan bir görüş oldu. Avropa üçün yeni bir təkan yaranmışdır. Sağlamlığın insanların bir hüququ olaraq qorunması və bu məsələnin bütün hökumətlərin siyasətinə daxil edilməsi ideyası sessiyada diqqətə çatdırılmışdır.
ÜST-ün Avropa Regional Komitəsinin 2012-2015-ci illərdə keçirəcəyi sessiyaların vaxtı və yeri də müəyyənləşdirilmişdir. Növbəti sessiya - Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun 62-ci sessiyası gələn il sentyabrın 10-13-də Maltada keçiriləcək.
Yekunda ÜST-ün hazırladığı 5 fəaliyyət planını əhatə edən Bakı deklorasiyası qəbul edilmişdir.
Sessiyada bu və ya digər məsələlərin müzakirəyə çıxarılması böyük əhəmiyyət daşıyır. Belə ki, Bakıda keçirilən toplantıda qəbul edilən sənədlər dünyada yaşayan milyonlarla insanın həyat və sağlamlığına cavabdeh olan tibb işçiləri üçün yeni yolgöstərici proqram rolunu oynayacaq. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın sessiya iştirakçılarına ünvanladığı məktubda tədbirin əhəmiyyətinə toxunaraq deyilir ki, ölkəmizdə keçirilən sessiyanın işi səhiyyə üçün taleyüklü sənədlərin qəbulu ilə nəticələnəcək və XXI əsrdə Avropa ölkələrinin səhiyyə sahəsindəki yeni siyasətinin formalaşdırılmasına müsbət təsirini göstərəcəkdir.
NƏZAKƏT