PDF Oxu

Əsas

  • 21

Azərbaycan 20 ildə regionun lideri olan tam suveren dövlətə çevrilib

Azərbaycan 20 ildə regionun lideri olan tam suveren dövlətə çevrilib

Azərbaycan bu il müstəqilliyinin bərpasının 20 illiyini qeyd edir. 1991-ci il, oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonra Azərbaycan müstəqil dövlət kimi dünya siyasi səhnəsinə çıxdı. SSRİ-nin dağılması nəticəsində qazanılmış böyük milli nemət olan müstəqillik, təəssüf ki, ilk illərdə təsadüfən hakimiyyət başına keçmiş diletant siyasilər tərəfindən lazımınca qiymətləndirilmədi. İlk dövrdə bu qüvvələrin başda olması ilə ölkəni bürümüş xaos, separatizm, vətəndaş müharibəsi şəraiti, anarxizm onsuz da kövrək olan yeni dövlətin mövcudluğuna, faktiki olaraq, son qoymaqda idi.

Belə çətin və çıxılmaz bir anda Heydər Əliyev dühası və xarizması Azərbaycan millətini xilas etdi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə geniş və hərtərəfli islahatlar dövrü başladı. İqtisadi, siyasi, sosial, mədəni və digər sferalarda sürət götürən islahatlar zamanın tələblərindən doğan çağdaş inkişaf göstəricilərinə yiyələnməyə hesablanmışdı. Ulu Öndərin qayıdışı ilə ölkənin ictimai-siyasi həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Zəngin və peşəkar təcrübəyə, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu strategiyası start götürdü. Ulu Öndər Heydər Əliyev öncə ölkəni qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması ilə bağlı mühüm addımlar atmağa başladı. Digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Bunun ardınca isə gələcək inkişaf üçün Azərbaycan öz dövləti potensialını reallaşdırmaq, iqtisadi gücünü və dövlət olaraq qüdrətini bərqərar etmək məqsədilə bütün sahələrdə, xüsusən də, iqtisadi sferada intensiv tədbirlərə başladı. Ulu Öndər 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanmasına nail oldu. Bununla da ölkəyə ciddi xarici investisiya axınına start verildi. Heydər Əliyev son dərəcə gərgin fəaliyyət göstərərək ölkədə pərdəarxası oyunlara, siyasi anarxiya və kriminal eksperimentlərə son qoyulmasına nail oldu. Beləliklə, Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün optimal şərait yarandı. Ölkədə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı. Dövlətin yeni iqtisadi bazisinin formalaşdırılması ilə yanaşı, hüquqi dövlət quruculuğu yolunda başlıca addımlar atıldı. 1995-ci ilin 12 noyabrında Azərbaycan ilk Konstitusiyaya sahib oldu. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin sürətlə həyata keçirilməsinə nail olundu.

Ulu Öndər Heydər Əliyev müstəqillik, azərbaycançılıq, demokratiya, milli və dünyəvi inkişaf kimi əsas dəyərlər əsasında dövlətçiliyin təməlini qoydu. Bazar iqtisadiyyatının bərqərar olması, dünya iqtisadiyyatına inteqrasiya, özəlləşdirmə və sair aktual istiqamətlər ölkə iqtisadiyyatının davamlı və etibarlı inkişafını təmin etdi. Heydər Əliyev dövlətin xarici siyasətini aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətt əsasında aparmağa müvəffəq oldu.

Ümumi xarakterizə etsək, ciddi iqtisadi dirçəlişin və köklü keyfiyyət dəyişikliklərinin müşahidə olunduğu 1995-2003-cü illərdə sosial-iqtisadi sahədə böyük uğurlara imza atıldı. Orta aylıq əmək haqqı 5 dəfə artdı. 1995-2003-cü illərdə ÜDM 95 faiz, sənaye məhsulunun həcmi 25,7 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. İnflyasiya səviyyəsi 2-3 faizə endirildi. Manatın məzənnəsi ən optimal səviyyədə möhkəmləndirildi. Büdcə gəlirləri 1995-ci ildə 500 milyon manat olduğu halda, 2003-cü ildə 1,5 milyardı ötdü. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,5 milyard, xərcləri isə 1,7 milyard manat təşkil etdi. Bu illərdə bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard dolları keçdi.

Ulu Öndər Heydər Əliyevin strateji inkişaf xəttini uğurlu bir şəkildə davam etdirən Prezident İlham Əliyev dövlətin qüdrətlənməsinin yeni mərhələsində keçid iqtisadiyyatını tam şəkildə arxada qoymağa nail oldu. Dünya ekspertləri tərəfindən fenomen olaraq ifadə edilən Azərbaycan iqtisadi modelinin uğurlu tətbiqi bu mərhələ üçün xarakterikdir. Ötən dövr ərzində Azərbaycanın keçib gəldiyi yola nəzər salanda, əminliklə bildirmək olar ki, ölkənin hərtərəfli, dünyada rəqabət qabiliyyətli inkişaf məqsədlərinə uğurla nail olunub. Bu gün Azərbaycan bütün kriteriyalarına görə regionda, xüsusilə, Cənubi Qafqazda liderə çevrilib. Bunu təmin edən konkret faktorlar mövcuddur.

Azərbaycan iqtisadiyyatı rasional idarəetmə nəticəsində sürətlə inkişaf dövrünü yaşayır. Dünya maliyyə böhranının tüğyan etdiyi illəri, eləcə də, 2010-cu ili ölkəmiz yüksək iqtisadi göstəricilərlə və itkisiz başa vurdu. Böhranın təsirlərindən uğurla yayınan ölkəmiz sürətli iqtisadi inkişaf tempini qoruyub saxladı. Çünki mövcud sarsılmaz makroiqtisadi sabitlik və bu sahədə daim aparılan çevik islahatlar dönməz iqtisadi inkişaf üçün əsas baza rolunu oynadı. Bu əlverişli şəraitdə ölkədə son illərdə iqtisadi islahatlar həlledici bəhrələrini verməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyat kimi xarakterizə olunur. Qeyd edilən böhrana baxmayaraq, Azərbaycanın uğurlu iqtisadi inkişafı da bunu sübut edir.

Məlum olduğu kimi, 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı proqramının artıqlaması ilə icra edilməsinə nail olundu. Bunun davamı olaraq 2009-2013-cü illəri əhatə edən müvafiq proqram da uğurla icra olunmaqdadır. Bu isə, onu göstərir ki, inkişafda tarazlılıq prinsipi qorunur və ölkənin bütün regionları hərtərəfli inkişafa cəlb olunur. Bu, regionların inkişafı ilə bağlı ardıcıl həyata keçirilən dövlət proqramları sayəsində təmin edilmiş olur. İqtisadi inkişafla yanaşı, sosial sferada əhalinin rifahında ciddi göstəricilərə nail olunub. Bütün sosial proqramlar uğurla icra edilir. Bu sahədə mövcud olan məsələlər həllini tapıb ki, regiondakı dövlətlərlə, Ermənistan kimi borclar və ianələr hesabına yaşayan bir ölkə ilə Azərbaycanın bu sahədəki göstəriciləri müqayisəyə gəlməzdir. Məsələn, Beynəlxalq Valyuta Fondunun hesabatına görə, Ermənistanın xarici borcu 3 milyard dollardan da xeyli artıqdır. Bu isə ianələrdən formalaşmış, cəmisi 2,3 milyard dollar büdcəsi olan Ermənistan üçün dəhşətli bir böhran göstəricisi deməkdir. Azərbaycanın təkcə hərbi büdcəsi bu ölkənin ümumi büdcəsindən çoxdur. Ermənistanda maaşlar və təqaüdlərin artımı yoxdur. Halbuki Ermənistan inflyasiyanın səviyyəsinə görə "öncüldür". Ermənistandan tam fərqli olaraq Azərbaycanda sosial rifah səviyyəsi son illərdə dəfələrlə yüksəlib. 2004-2010-cu illərdə əhalinin banklardakı əmanətləri 12 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əməkhaqqı 4,2 dəfə, o cümlədən, real əməkhaqqı 2,2 dəfə, minimum əməkhaqqı 7,1 dəfə, pensiyaların orta məbləği 4,7 dəfə artıb. İşsizlik 1,4 dəfə, yoxsulluq isə 4,4 dəfə azalıb. Hazırda Ermənistanın yarıya qədəri yoxsul statusunda olduğu halda, ölkəmizdə yoxsulluq səviyyəsi son dərəcə azalaraq 9 faizə enib. Son 7 ildə əhali gəlirlərinin artımı 4,3 dəfə olmaqla, 1,9 dəfəlik inflyasiya səviyyəsini xeyli qabaqlayıb. Ölkədə 100 minlərlə vətəndaş ünvanlı sosial yardım alır ki, bu da həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Dünya böhranı nəticəsində bəzi ölkələr sosial ödəmələri kəsib, maaşların, pensiyaların miqdarını azaltmağa məcbur oldular. Amma Azərbaycan vətəndaşları sosial baxımdan böhranın mənfi təsirindən hifz olundu. Məsələn, böhran zamanı milli valyutanın məzənnəsi tam sabit qaldı. Ölkədə bütün sosial ödəmələr vaxtında verilməkdədir. Bu sahəyə istər maliyyə sərfi, istər konkret sosial proqramların icrası, istərsə də yeni iş yerlərinin açılması sosial təminatı gələcəkdə də xeyli yüksək səviyyədə təmin edəcək.

BVF-nin hesablamasına əsasən Azərbaycan alıcılıq qabiliyyəti paritetinə görə 91 milyard dollarlıq ÜDM ilə dünyada 71-cidir. Hazırda Azərbaycan Baltik ölkələrinin birlikdə istehsal etdiyi ÜDM ilə müqayisəli həddə əlavə dəyər yaradır. Azərbaycan 20 illik müstəqillik dövründə Ermənistandan altı dəfə güclü iqtisadiyyata, düşmən ölkənin ümumi büdcəsindən artıq hərbi büdcəyə yiyələnib. Ölkənin nəhəng valyuta ehtiyatları daha da artaraq 40 milyard dolları ötüb. Bu isə, bir daha ondan xəbər verir ki, ölkə iqtisadiyyatı artımda, sürətli inkişafda, dünya çapında rəqabətdə və səmərəlilikdə dayanıqlıdır. Bu məsələdə digər Cənubi Qafqaz ölkələri kimi, xarici qüvvələrdən asılı və borclu deyilik. Əksinə, Azərbaycan digər ölkələrə borc verən güclü bir ölkəyə çevrilib. Məsələn, Azərbaycan qonşu Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolunun bu ölkədən keçən hissəsini tikmək üçün 200 milyon dollar uzunmüddətli borc verib. Bundan başqa, ümumilikdə, Azərbaycan Gürcüstana 500 milyon dollardan artıq investisiya da yatırıb.

Dünya Bankı Azərbaycanı islahatlar sahəsində dünya lideri kimi qəbul edir. Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün futuristik yanaşma tətbiq edilir və gələcəyə hesablanmış bütün lazımi tədbirlər görülür. Əldə edilən nəhəng iqtisadi uğurlar əsasında yeni mərhələdə qlobal inkişaf və regionda liderlik məqsədlərinin həyata keçirilməsi üçün məqsədyönlü layihələr planlaşdırılır. Bu məqam isə bir daha nüfuzlu beynəlxalq təşkilatların və nəşrlərin hesabatında ölkəmizin bütün əsas göstəricilərinə görə lider statusunda qalmasını təmin edəcək. Azərbaycan bölgədə liderlik təşəbbüslərinin uğurla reallaşdırılmasında qərarlıdır. Azərbaycanın aparıcı və təşəbbüskar olduğu BTC, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və sair region ölkələrini də əhatə edən, Ermənistanı isə təcavüzkarlığına görə təcrid edən meqaiqtisadi layihələr, müstəqil enerji siyasəti bunu çox rahatca təmin edir. Azərbaycan qazı artıq Türkiyə, Yunanıstan üzərindən Avropa bazarlarına nəql edilir. İqtisadiyyatımızın gücü dövlətimizə fəal geoiqtisadi siyasət yürütməyə imkan verir. Azərbaycanda əksər MDB və region ölkələrinə müyəssər olmayan ordu quruculuğu prosesi böyük uğurla gedir, müdafiə sənayesi inkişaf etdirilir, ilk süni peyklə bağlı layihə həyata keçirilir, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər informasiya cəmiyyətinin qurulması üçün möhkəm zəmin yaradır. Bütün bu göstəricilər Azərbaycanın iyirmi ildə kövrək dövlətdən regionun liderinə və söz sahibinə çevrildiyini bir daha sübut edir.


Cavid Mövsümov

Digər xəbərlər