İyunun 26-da Azərbaycanda keçirilmiş möhtəşəm hərbi parada cavab kimi düşünülən bu şou nəinki xarici ölkələrdə, həmçinin, Ermənistanın özündə də ciddi tənqid atəşinə tutuldu. Ermənistan rəsmilərinin açıqlamalarının əksinə olaraq, orduda hərbi sursatın və texniki təchizatın acınacaqlı durumda olduğu açıq görünüb. Keçid SSRİ-dən qalmış və artıq heç nəyə yaramayan köhnə tanklar, təyyarələr, artilleriya qurğuları və s.-dən ibarət olub.
Müstəqil ölkənin bundan nümayişkaranə rüsvayçılığını təsəvvür etmək belə çətindir
Paradda keçid edən və xüsusi hazırlanan hərbi hissələrdə nizam-intizamın olmaması, elementar keçid qaydalarına riayət edilməməsi açıq görünüb. Paradın keçdiyi meydanda çala-çuxur olduğuna görə, hərbçilərin tez-tez büdrəməsi, hətta yıxılması gülüşə səbəb olub.
Paradda Rusiyanın 102-ci bazasının bölmələri ilə yanaşı, hərbi məktəblərin kursantları, Qarabağdakı erməni işğalçı qüvvələrinin, erməni ordusunun, polis qoşunları, xüsusi təyinatlı briqada, sərhəd qoşunları iştirak edib. İlk dəfə olaraq paradda erməni ordusunun din xadimləri də iştirak ediblər, onlar marş sədası altında meydandan keçiblər.
Hərbi aviasiya adına köhnə SU-25 təyyarələri, L-39 təlim təyyarələri, Mİ-24, Mİ-8 və Mİ-2 vertolyotları nümayiş etdirilib. Sonra köhnə model hərbi texnika keçib. Onların arasında "Kruq", S-125, S-300, "Giasind", "Qrad" və başqaları olub. Həmçinin, eyni modifikasiyalı dörd pilotsuz uçan aparat nümayiş etdirilib.
Yerevandakı parad Bakıda keçirilən paraddan silahların sayı və müxtəlifliyi baxımından xeyli zəifliyi ilə fərqlənib. Ermənilərin bəyanatlarının əksinə olaraq, "Smerç" raket sistemi nümayiş etdirilməyib. Mobil bölmələrə gəlincə, qeyd etmək lazımdır ki, erməni ordusunun avtomobil texnikası hər yerdə hərəkət edən zirehli avtomobillərdən yox, gücləndirilmiş pikaplardan ibarətdir.
Ermənistan mətbuatının yazdığına görə, paradda yaddaqalan hərbi orkestrin tryukları və silahlı janqlyorluqdan ibarət sirk oyunbazlığı olub. Təsadüfi deyil ki, Ermənistanın keçmiş prezidentləri R.Köçəryan və L.Ter-Petrosyan bu biabırçılıqda iştirakdan imtina ediblər.
Azərbaycan Ordusunun paradı ilə Ermənistanın "parad" adlandırılan hərbi şousu iki ölkənin silahlı qüvvələri arasında kəskin və müqayisə olunmaz fərqin nümayişinə çevrildi. Müşahidəçilər möhtəşəm, ən müasir silahlara, yüksək hərbi hazırlığa və nizam-intizama malik Azərbaycan Ordusunun gücünü, qüdrətini də, cılız, dağınıq, köhnə silahlara malik, nizamsız erməni ordusunu da gördülər.
Ermənistanın Rusiya forpostu olduğu
bu paradla faktiki olaraq təsdiqləndi
Ermənistanın birinci kanalı paraddan əvvəl reportajında bildirib: "Hazırlanan "militari-şou" şərəfsizlik paradıdır. Milli qürurun ifadə forması kimi keçirilməsi nəzərdə tutulan parad mahiyyət etibarilə milli biabırçılığa çevriləcək. Çünki həmin paradda Rusiya bayrağı altında rus sərhədçilərinin ölkənin əsas meydanından keçməsi gözlənilir.
Parad zamanı rus hərbçilərinin keçməsindən daha çox, məhz sərhədçilərin keçməsi ermənilər üçün biabırçılıqdır. Biz göstəririk ki, guya bizim silahımız var, baxın, qorxun, ancaq eyni zamanda, rus sərhədçiləri keçərək göstərəcəklər ki, əgər biz özümüz öz sərhədlərimizi qoruya bilmiriksə, bunların hamısı heç nədir. Biz öz qapımızı qoruya bilmirik və bu missiyanı Rusiyaya həvalə edirik. Müstəqil və suveren ölkənin bundan nümayişkaranə rüsvayçılığını təsəvvür etmək belə çətindir".
Kanalın təxminləri doğru çıxdı- parad göstərdi ki, Ermənistan nəinki yeni silah almaq, hətta olanları modernləşdirmək imkanına belə malik deyil. Ermənistan ordusunda acınacaqlı vəziyyət, rüsvayçılıq, nizam-intizamın olmaması, cinayət hallarının baş alıb getməsi və s. neqativ hallar barədə çoxsaylı faktlar mövcuddur.
Rusiya bayrağı altında rus hərbi hissələrinin əsgərləri və texnikasının keçidi isə məsələyə aydınlıq gətirir. Beləliklə, Ermənistanın Rusiyanın regiondakı forpostu olması bir daha nümayiş olundu. Müstəqillik sözünün Ermənistana münasibətdə nə dərəcədə yersiz olduğunu göstərən bu mənzərəyə paradı izləyən bir qrup erməni dözməyib.
Parad zamanı Rusiya hərbçilərinin iştirakına etiraz edən fəallar saxlanılıblar. Onların jurnalist olduqları məlum olub. Buna etiraz olaraq sosial şəbəkələrdə xüsusi qruplar yaradılıb. Nümayişçilər etiraz zamanı "Müstəqil Ermənistan", "Ermənistan Rusiyanın bir hissəsi deyil" və "Xarici bayraqlara yox" kimi şüarlar səsləndiriblər.
Erməni ekspertlər Rusiya hərbçilərinin paradda iştirakını təsadüfi hesab etmirlər. Rusiyadakı Qafqaz İnstitutunun eksperti Sergey Minasyana görə, rus hərbçilərinin paradda keçidi "region ölkələrinə ünvanlanmış" özünəməxsus mesaj idi. Lakin belə görünür ki, Rusiya hərbçilərinin Yerevandakı parada çıxması həm də Ermənistanın özünə ünvanlanmış mesajdır. Belə ki, Rusiya Ermənistanın təmtəraqla hazırlaşdığı müstəqillik yubileyində ona başa salır ki, Moskvanın diktəsi altındadır və gələcəkdə hansısa müstəqil siyasət yeritmək cəhdləri göstərə bilməz.
Azərbaycan-Ermənistan: hərbi və
iqtisadi imkanların müqayisəli analizi
Hər hansı bir müharibəni apara bilmək üçün, ilk növbədə, güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. 1 milyondan artıq ac vətəndaşı olan Ermənistanın isə nəinki hansısa hərbi əməliyyatı aparmağa, hətta öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur.
Azərbaycanın apardığı siyasi və iqtisadi fəaliyyət nəticəsində sonucu işğalçı ölkə bir növ blokada durumuna düşərək, bütün regional və beynəlxalq enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bu proses Ermənistanın durumunu daha da ağırlaşdırıb. İşğalçı ölkə həm iqtisadi, həm siyasi, həm də sosial böhran keçirir. Ən pis durum isə, Ermənistan ordusundadır.
Hərbi ekspertlərin fikrincə, xaricdəki erməni diasporunun topladığı sədəqəylə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə, hazırkı şəraitdə hərbi əməliyyatların 1 aydan artıq davam etməsi iqtisadi çökmə, sosial partlayış və hərbi məğlubiyyətlə nəticələnə bilər.
Ermənistanın cari dövlət büdcəsi 3 mlrd dollara yaxındır. Hərbi xərclər (450 mln$) Ermənistanın 2010-cu il üçün dövlət büdcəsində xərclərin 15 %-ni, ÜDM-in isə 3,6%-ni təşkil edir.
2011-cu ildə Azərbaycanın dövlət büdcəsi 20 milyard, büdcədən hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 3 mlrd. ABŞ dollarından çoxdur. Göründüyü kimi, hər iki sahədə Azərbaycanın xeyirinə 6-7 qatlıq fərq var.
Bundan başqa, Azərbaycanın strateji valyuta ehtiyatları 35 milyard dollara çatıb. Ölkədə hərəsində bir neçə milyard dollar vəsait olan digər iri fondlar da var ki, bu fövqəladə hallarda ümumi fonda daxil edilə bilər. Strateji planda isə Azərbaycanın enerji və digər qlobal layihələrdən əldə edəcəyi gəlirlər yüz milyardlarla ölçülür.
Ermənistanda isə, onsuz da çox zəif olan maliyyə imkanları getdikcə daha da azalır. Beynəlxalq təşkilatların proqnozlarına görə, Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq. Belə ki, ÜDM-in həcminin rekord səviyyədə- azı 15% düşdüyü artıq faktdır. Dünya maliyyə qurumları ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 8%-dək artacağını, cari hesab kəsirinin isə 13%-i üstələyəcəyini proqnozlaşdırır.
Belə imkanlarla müharibə Ermənistan üçün əsil fəlakət olacaq. Müharibə cəmi 1 ay davam etsə, Ermənistan iqtisadiyyatı bunun öhdəsindən gələ bilməz və ermənilər sadəcə acından ölərlər. Hərçənd, Azərbaycan Silahlı Qüvvələrinin indiki qüdrəti müharibənin 1 ay qədər uzun müddətə uzanmamasına kifayət edir.
Canlı qüvvə faktorunun müharibədə rolu
Müharibədə ən əsas amillərdən biri də, canlı qüvvədir. Hazırda Ermənistan ordusu 60 min əsgərə və 32 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. İldə iki dəfə orduya çağırış olsa da, Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ildən bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir.
Əvvəllər hər çağırışda 16-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 10 min nəfərə düşüb. Çağırışçı çatışmazlığı səbəbindən mülki vətəndaşlar belə döyüş mövqelərinə göndərilir. Cəbhəyanı bölgələrin sakinlərinə silah paylanır və onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar.
Faktdır ki, Yerevan Qarabağa canlı qüvvə göndərməkdə çətinlik çəkir. "Ermənistan Əsgər Anaları Cəmiyyəti"nin açıqladığı hesabatlarda işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Qarabağdakı hərbi hissələrdə isə "dedovşina", xəstəliklər, narkomanlıq, homoseksualizm baş alıb gedir.
Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır. Son aylarda erməni ordusunda yaşanan rüsvayçı olaylar durumu anlamağa yetəcək qədərdir.
Hərbi mənbələrin məlumatına görə, Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 20 min nəfərdir. Bu qüvvələr 3 ordu korpusunda cəmləşdirilib. Bu qüvvənin 75 faizi Azərbaycanın işğal olunmuş ərazilərinin ordumuzla təmas xətti üzrə cəmləşdirilib.
Ermənistanla müqayisədə Azərbaycan Silahlı Qüvvələri isə 2 dəfə daha çox canlı qüvvəyə malikdir. Ehtiyat qüvvə də Ermənistandakından azı 3-4 dəfə çoxdur. Ölkədə total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı isə 2 milyondan çoxdur. Çağırış planı, demək olar ki 100 yerinə yetirilir. Ordudan yayınma və fərarilik halları yoxdur. Peşəkar hərbçi kadr baxımından isə, ordumuzun imkanları xeyli yüksəkdir.
Ordularda mənəvi-psixoloji durum
Erməni mediasında yayımlanan materiallarda Ermənistan ordusunda əsgər və zabitlərin psixoloji durumunun getdikcə pisləşdiyi vurğulanır və həyəcan siqnalı verilir. Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları, o cümlədən, "Əsgər Anaları" cəmiyyəti maraqlı faktlar açıqlayıblar.
Bu qurumlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır.
Ən biabırçı məlumatlar isə ondan ibarətdir ki, əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir. Aparılan yoxlamalar zamanı hərbçilərin kütləvi şəkildə homoseksualizm bəlasına düçar olduğu aşkarlanıb.
Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrı-seçkilik və "dedovşina" hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Qarabağda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalması çoxdan heç kəsi təəccübləndirmir.
Hətta Ermənistandan olan hərbçilərin Qarabağdan olan hərbçilər tərəfindən zorlanması barədə də faktlar ortaya çıxmaqdadır. Bu səbəblərdən erməni ordusunda fərarilik halları kəskin surətdə artıb.
Ermənistan silahlı qüvvələrində hərbi qulluqçuların sağlamlıq durumu da ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsidir. Əsgərlərin anti-sanitariya şəraitində xidmət aparması da sağlamlıq məsələsində ciddi əngələ çevrilib.
Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir. Ümumiyyətlə, düşmən ölkədə durum o qədər acınacaqlıdır ki, belə davam edərsə, Ermənistan ordusu dağılacaq.
Azərbaycan Ordusunda isə mənəvi-psixoloji durum və döyüş əzmi ən yüksək səviyyədədir. Bu yaxınlarda Mübariz İbrahimov kimi bir gizirin təkbaşına onlarla erməni hərbçisini məhv etməsi hansı əsgərin hansı səviyyədə olduğunu göstərdi. Bu, ermənilərə kiçik bir xəbərdarlıq idi- savaş başlayanda nələrin baş verəcəyi haqda xəbərdarlıq.
Silah-sursat və texnika amili
Beynəlxalq hərbi araşdırma mərkəzlərinin məlumatlarına əsasən, deyə bilərik ki, Ermənistan ordusunun ixtiyarında olan köhnə texnika, təyyarələr və kiçik silahlar müharibə aparmağa imkan verəcək ölçüdə deyil.
Azərbaycan Ordusunun ixtiyarında isə, daha modern hərbi texnika, döyüş uçaqları və silah-sursat var. Hərbi sirr olduğuna görə, açıqlaya bilməsək də, tam qətiyyətlə deyə bilərik ki, ordumuzun maddi-texniki bazası say və keyfiyyət etibarı ilə Ermənistanınkından xeyli yüksəkdir. Həm də texniki arsenal ən modern texnologiyaya dayanır. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun sözlərinə görə, Azərbaycan əsgərləri bütün hərbi təlimlərdə və xidmət dövründə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirirlər. MN rəsmisi deyir ki, ordumuzun sərəncamında istənilən şəraitdə döyüşlər aparmağa imkan verən modern texnika var. E.Sabiroğlu bildirir ki, indi əsgərimiz ən müasir hərbi texnika və avadanlıqları idarə etməyi bacarır və son nəsil texnologiyalardan istifadə edə bilir.
NATO standartlarına uyğunlaşan, ən müasir kompüter sistemləri ilə təchiz olunan, sərəncamında ən keyfiyyətli silah və texnikanın, peşəkar hərbçilərin olduğu Azərbaycan Ordusunun arxasında qüdrətli arxa cəbhə dayanır. Belə bir durumda müharibənin necə sonuclanacağı öncədən aydındır.
Azərbaycanda Silahlı Qüvvələrin inkişafına yüksək diqqət və qayğı, Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi dövlət büdcəsini ötməsi, ölkəmizdə güclü hərbi-sənaye kompleksinin yaradılması və 500-ə yaxın adda hərbi təyinatlı məhsulun buraxılması, müasir, güclü ordunun formalaşdırılması Azərbaycan və Ermənistan silahlı qüvvələrinin heç bir müqayisəyə getmədiyini göstərir.
Buna baxmayaraq, kiçik müqayisəli analizdən ortaya çıxan nəticə budur- Azərbaycan və Ermənistan müqayisə ediləcək ölkələr deyil. Həm hərbi, həm iqtisadi, həm də digər sahələrdə bu müqayisə yersizdir. Çünki bu iki ölkə artıq bütün sahələr üzrə antipod hesab olunur.
O ki qaldı sülh danışıqları nəticə verməyəcəyi halda, Azərbaycan Ordusunun öz ərazilərində antiterror əməliyyatları aparmaq imkanına, qəti olaraq demək mümkündür ki, möhkəm dövlətçiliyə, güclü iqtisadiyyata, qüdrətli orduya, əhalisinin yüksək mənəvi-psixoloji duruma mailk olduğu Azərbaycan işğal edilmiş ərazilərini çox qısa zamanda azad etməyə qadirdir. Əgər ermənilər torpaqlarımızı sülh yolu ilə qaytarmasa, o zaman Azərbaycan əsgəri bunu əyani nümayiş etdirəcək.
Elçin Bayraml