Hələ minilliklər əvvəl Azərbaycana Odlar Yurdu adı veriləndə, ağıla da gəlməzdi ki, bu məmləkət zaman-zaman tarixin ən sərt, alovlu sınaqları ilə üzləşəcək və xalqı bəşəriyyətə humanistlik, unikal tolerantlıq və fərqli bir mədəniyyət bəxş edəcək. Şərqin və Qərbin astanasında yaşamaqla xalqımız əsrlər, qərinələr boyu ucalmış-sarsılmış, güclənmiş-zəifləmiş, azad olmuş-əsarət altına düşmüş amma insani dəyərlərini itirməmişdir. Bu gün Azərbaycan xalqı deyəndə tarixin ən dözülməz həmlələrini dəf etmiş, demokratik ideyaları təqdir və bəşəriyyətə dahi şəxsiyyətlər bəxş edən bir toplum başa düşülür.
Xalqımızın ən son sınağı 20-ci əsrin sonlarında sovet imperiyasından ayrılması və öz müstəqilliyini bərpa etməsi uğrunda azadlıq mücadiləsi olmuşdur. Lakin azad olmaq hələ möhkəm dayaqlara söykənən müstəqilliyin bərqərar olması və ya suverenliyin əldə olunması demək deyildi. Azərbaycanın coğrafi, xarici bədməramlı qüvvələr üçün geostrateji mövqeyi, təbii sərvətlərlə zəngin olması, həmçinin, sülhpərvər xalqının mövcudluğu daim düşmənlərimizi düşündürürdü. Azərbaycan dünyada kəsişən maraqların mərkəzində olan nadir ölkələrdən biridir. Bu səbəbdən azadlığı saxlamaq, müstəqilliyi qorumaq o dövrün ən ümdə və taleyüklü məsələlərindən idi. İmperiyanın süqutundan sonra çökmüş iqtisadiyyat, dağılmış infrastruktur, müharibə, həyat şəraitinin ağırlığı və xaricdən qidalanan daxili qüvvələrin məqsədli mübarizəsi o dövrü səciyyələndirən amillərdəndir. Bu problemlər əzmkarlığı, çoxsaylı şəhidləri sayəsində azadlıq qazanan, "Müstəqil Azərbaycan" deyə sevincindən yerə-göyə sığmayan xalqımızı məyus etməyə bilməzdi. İlk illərdə səriştəsiz, təcrübəsiz insanların hakimiyyət başına keçməsi, mövcud problemlərin həlli əvəzinə hakimiyyətdaxili çəkişmələr xalqımızın gələcəyə inamını azaldır, sevincinə qəm qatırdı. İnsanlar tədricən başa düşürdülər ki, azadlıq və müstəqillik təkcə dövlət sərhədlərinin mövcudluğu deyil sülh, ərazi bütövlüyü, azad iqtisadiyyat, sosial rifah və milli özünüdərk deməkdir. Bu zaman xalqımız anladı ki, yalnız bir çıxış yolu var, o da Heydər Əliyevi hakimiyyətə gətirməkdir. Amma bu, sadəcə, bir istək idi. Həmin dövrdə bu istəyi reallaşdırmaq çətin olduğu qədər də, Azərbaycanın belə vəziyyətdə olmasından bəhrələnən və onu uçuruma yuvarlayan qüvvələrin məqsədinə zidd idi. Azərbaycan xalqının özünəməxsus dəyanəti, Heydər Əliyevə olan etimadı bütün problemlərin öhdəsindən gəlməyə zəmin yaradırdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi xalqımızda firavan gələcəyə inam yaratdı. Liderin ətrafında xalqın birliyi çətinliklərin hamılıqla həllini labüd edirdi. Həmin dövrü səciyyələndirən ilk amil xalqın özünüdərkini təmin etmək və mərkəzi hakimiyyəti gücləndirmək idi ki, regionlarda separatçı qruplar yaratmış qüvvələrə həlledici zərbə vurulsun. İlk olaraq, müharibəni müvəqqəti dayandırmaq, atəşkəs əldə etmək və sülh yaratmaq iqtisadiyyatı inkişaf etdirmək məqsədi daşıyırdı. Bu məqsədin bariz nümunəsi 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması oldu. Ümummilli Liderimiz belə bir addım atmaqla bir çox hədəflərə çatmağı planlaşdırırdı və ötən dövrdə nail olduğumuz uğurlar sübut etdi ki, bu planlar Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti nəticəsində müvəffəqiyyətlə reallaşmışdır. Müqavilənin imzalanması ilə ölkəmizə dünyanın iri neft şirkətləri sərmayə yatırmış oldular ki, bununla da investorların Azərbaycanda stabilliyin qorunmasında maraqları müəyyən olundu. Bundan başqa, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq yarandı. Eyni zamanda, qonşu və dünyanın güclü dövlətləri ilə iqtisadi əlaqələr quruldu, Avropaya inteqrasiya sürətləndi, beləliklə, xarici siyasətin ilk konturları cızılmış oldu. Aydın görmək olur ki, "Əsrin müqaviləsi" sadəcə saziş yox, həm də böyük bir strategiyanın möhkəm bünövrəsi idi. Heydər Əliyev o dönəmdə dünyanın güclü dövlətlərinin regiondakı enerji maraqları üzərində milli təhlükəsizliyimizi gücləndirməyi qarşıya məqsəd qoymuşdu. Amerika Birləşmiş Ştatlarının və Avropa Birliyinin Xəzərin karbohidrogen ehtiyatlarının Rusiyadan kənar keçirməklə Qərbə çatdırılması siyasətini yürütməsindən yararlanmaqla Heydər Əliyev dünyanın ən uzun regional neft və qaz kəmərlərinin gerçəkləşməsinin əsas səbəbkarı oldu. Bununla da, Azərbaycan Rusiya asılılığından xilas olaraq, müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməyə başladı. O dövrdə ölkəmiz daha çox dövlətlərlə bütün sahələrdə əməkdaşlıq edir, ticarət dövriyyəsini artırır, sənayesini genişləndirirdi. Artıq dövlətimiz dünyada özünə etibarlı tərəfdaş imici qazanmışdı, bu isə, öz növbəsində, ölkəyə sərmayə axınını çoxaldır, işsizliyi aradan qaldırır və iqtisadiyyatın dirçəlməsinə geniş imkanlar yaradırdı. Beləliklə, Ümummilli Liderimizin müdrik siyasəti milli azad, möhkəm dayaqlara söykənən, iqtisadiyyat yaratmış oldu.
Nailiyyətlər bununla bitmirdi, Heydər Əliyev ölkəmizdə aqrar, sosial islahatlara töhfə vermişdi. Kənd əhalisinə torpaqlar paylanması məşğulluq problemlərinin aradan qaldırılması məqsədi daşıyırdı. Eyni zamanda, incəsənət, mədəniyyət və idman sahələrində inkişaf göz qabağında idi. İdman sahəsinə Heydər Əliyevin xüsusi qayğısı, olimpiya komplekslərinin tikintisi, madd-texniki bazalarının gücləndirilməsi olimpiya hərəkatının təşəkkül tapması ilə nəticələndi. Bu siyasət isə Azərbaycanın dünyada tanınmasını, təbliğat və təşviqatını hədəfləyirdi. Çox qısa bir zamanda idmançılarımız böyük uğurlar qazandılar. Bütün müvəffəqiyyətlərə rəğmən Dağlıq Qarabağın düşmən tapdağı altında olması, müharibənin yaratdığı fəsadlar, qaçqın və məcburi köçkünlərin ağır həyat tərzi həll olunması vacib olan məsələlərdən idi. Bununla bərabər, müstəqillik qazandıqdan sonra Qərbi Avropa və Amerikada fəaliyyət göstərən erməni lobbisinin Azərbaycan dövlətinə güclü siyasi təzyiqi qarşıda duran problemlər sırasında idi. Zaman keçdikcə Heydər Əliyevin həyata keçirdiyi fəal xarici siyasət, şəxsi nüfuzu sayəsində qazandığı strateji imici xarici təhdidlərin qarşısını alırdı. Müstəqilliyimizin ilk illərində Azərbaycan beynəlxalq aləmdə Dağlıq Qarabağ müharibəsinin baiskarı kimi təqdim edilmişdi. Lakin 90-cı illərin sonunda Azərbaycan həqiqətləri dünyaya çatdırılır, erməni qəsbkarlarının torpaqlarımızı zəbt etdiyi dünya ictimaiyyəti tərəfindən qəbul olunmağa başlayırdı. Heydər Əliyev həmçinin, sülh danışıqlarını davam etdirir, məqsədi isə yeni müharibənin başlamaması şərti ilə torpaqların geri qaytarılmasına nail olmaq idi. Azərbaycanın inkişaf etdiyi bir vaxtda Ermənistanın sosial-iqtisadi vəziyyəti kəskinləşirdi. Zaman artıq Azərbaycanın xeyirinə işləyirdi. Heydər Əliyev bütün siyasi meydanlarda Ermənistan hökumətini məğlub etmiş, bütün regional kommunikasiya marşrutlarından, o cümlədən, neft, qaz, dəmir yolu xətlərindən məhrum etmişdi. Əfsuslar olsun ki, rus siyasətinin Cənubi Qafqazda möcudluğu Ermənistanın forpost dövlətə çevrilməsi sülh danışıqlarını əngəlləyirdi. O zaman sülh danışıqları ilə bərabər Azərbaycanın hərbi arsenalı gücləndirilir və hərbi-sənaye bazası yaradılırdı. Qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə yeni qəsəbələr salınır, məşğulluğu aradan qaldırılırdı. Heydər Əliyevin gələcəyə ünvanlanmış siyasi kursunun əsas qayəsi neft gəlirlərinin digər sahələrə yatırmaqla iqtisadiyyatın davamlı inkişafına nail olmaq, əqli mülkiyyətə sərf etmək və ən əsası gələcək nəsillərə saxlamaq məqsədi daşıyırdı. Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə ənənəvi siyasət davam etdirildi. Bu il müasir azərbaycanımızın 20 illik yubileyi qeyd olunur. Ölkəmiz çiçəklənən dövlətlər sırasındadır. İqtisadiyyatın inkişaf tempinə görə Azərbaycan 2006-2007-ci illərdə dünyada ilk yeri tutmuşdur. Neft gəlirlərinin qeyri-neft sektoruna istiqamətlənməsi, əqli mülkiyyətə xərclənməsi uğurla yerinə yetirilir. Təbii qazın ixrac strategiyası həyata keçirilir ki, bu da, Azərbaycan dövlətinin enerji təhlükəsizliyinin təmin olunmasına, həmçinin, Avropanın aparıcı dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə yönəlib, regionların sosial-iqtisadi inkişafı və aqrar siyasət həyata keçirilir, bütün ölkə ərazisində nəhəng infrastruktur layihələri reallaşdırılır, iri şəhərlərdə abadlıq-quruculuq işləri uğurla davam etdirilir, yerli sənayenin və sahibkarlığın inkişafına dəstək göstərilir, hərbi sənaye potensialı gücləndirilir, əhalinin ümumrifah vəziyyətinin yaxşılaşdırılması üzrə müfəssəl sosial siyasət aparılır, işsizlik minimuma yendirilib. Bütün bu qeyd olunanlar, bugünkü Azərbaycanımızı xarakterizə edən əlamətlərdir və az bir zamanda ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olaraq çiçəklənən bir diyara çevriləcək, xalqımız xoşbəxt və firavan həyat sürəcək.
Əliyev Sərxan Sərdar oğlu,
YAP Xətai rayon Gənclər Birliyinin sədri